Məhkəmə qərarları › İş №2(104)-1354/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1354/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1354/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-(125)-491/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22640 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, şəhid X1 həyat yoldaşıdır. Cavabdeh şəhid Ceyhun İsmayılovun həyat yoldaşıdır. Onların həyat yoldaşları şəhid olduqdan sonra, onlar şəhid ailələri olaraq birbirini tanımış və bütün şəhid ailələri bir-biri ilə əlaqə saxlayır, bir-birinin xeyrinə-şərinə yarayırlar. Cavabdeh ilə münasibətləri yaxşılaşmış, bir-birinə çox yaxın olmuşlar. Onlar tanış olduqdan bir müddət sonra Cavabdeh bildirdiki onun bir çox adamlara borcu var və ondan borclarını ödəməsi üçün borc pul verməsini xahiş etmişdir. O, borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Bundan başqa o, xahiş etmişdir ki, yoldaşının il mərasimi yaxınlaşır, ərinin ilini vermək üçün ona borca pul versin. O, pulun olmadığını dedikdə, xahiş etdi ki, bank ona kredit vermir, kredit götürüb ona versin, o, isə banka krediti ödəsin. Həmmin vaxt Gülnarənin borclu olduğu şəxslər onun daimi narahat edirdilər, tez-tez evinə gəlib-gedirdilər. Münasibətləri həddən artıq yaxşı olduğu üçün və Gülnarənin borclu olduğu şəxslər onu daimi narahat etdikləri üçün o, buna etiraz etməmiş, Gülnarəni düşdüyü vəziyyətdən çıxartmaq məqsədilə Kapital bankdan 20000 (iyirmi min) manat kredit götürmüşdür. Kredit götürməyindən bir müddət gecikdiyi üçün, hər ikisinin qonşusu olan Aytəndən 6600 manat alaraq öz evində bir neçə şəxsin yanında Gülnarəyə yoldaşının il mərasimini vermək üçün vermişdir. Həmin vaxt orda Aytən özü, Ülkər, Mirvari, Zəminə və başqa qızlar var idi. Bir müddət sonra o, Kapital Bankdan 20000 manatı kredit götürmüşdür. Götürdüyüm kredit pulunu tam olaraq Gülnarənin borcuna paylamışdır. Onun borclarının bir hissəsini o, özü ilə aparıb vermiş, bir hissəsini isə Gülnarəyə vermişdir ki, özü aparıb versin. Sonra, Gülnarənin bir sıra borclarını verməyə başladır. İlk öncə Aytəndən aldığı 6600 manatı, sonra Gülnarənin şəhid Hacı Raufun anası Biriliant xanıma 3000 manat olan borcunun 1000 manatını Biriliant xanımın özünə, 2000 manatını isə Biriliant xanım qohumu Səbuhi adlı şəxsə vermişdir. (Briliant xanım onu özü göndərmişdir). Bundan sonra Gülnarə telefonlarını Röyal adlı şəxsə verərək ondan 780 manat pul almışdır ki, həmin 780 manat pulu Röyala verərək Gülnarənin telefonlarını Royaldan almışdır. Həmin vaxtı Gülnarə Royalla görüşmək istəmədiyini bildirmiş, o, qonşuları Aytən adlı şəxslə gedərək Royalın 780 manat pulunu vermişdir. Bundan sonra şəhid Cavid Əliyevin atası X3 2500 manat borcunu, sonra şəhid Ağamirzə Quliyevin atası X2 320 manat borcunu vermişdir. Bunlardan sonra, o, digər borclarını özü qaytarması üçün 6800 manat vermişdir ki, digər borclarını da özü qaytarsın. Həmin vaxt Mirvari, Gülnarənin özünü dayısı arvadı Aidə və bır neçə başqa şəxslər var idi. Həmin 6800 manatı onların yanında vermişdir. Gülnarənin bütün borclarını (ümumilikdə 20000 manat) verdikdən bir neçə ay sonra onlara gələrək ona təcili 3000 pul lazım olduğunu bildirmiş, o isə 3000 manat pulunun olduğunu, lakin qızını əməliyyat etdirəcəyini bildirmişdir. Həmin vaxt Ülkər də onlarda idi və pulu verməyinə narazılıq etmişdir. Ülkər narazılıq etdikdə Gülnarə ona təcili lazı olduğunu və pensiyanı alan kimi qaytaracağını bildirmişdir. O, bu dəfə də ona etiraz etməyərk yenidən 3000 manat pulu vermişdir. Bunlardan əlavə olaraq o, zamin durmuşdur ki, Gülnarə nə onun götürdüyü krediti, nə də ki öz adına götürdüyü, yəni ona zamin olduğu kreditləri tam ödəyə bilmirdi. Onlar həddən artıq yaxın olduqları üçün həmin kreditlərin ödənilməsində ona köməklik edirdi. Ona görə də, təxminən 3 ay onun öz adına olan kredit üzrə 280 manat olmaqla kredit borcunu vermişdir. Cavabdeh sonuncu dəfə ondan aldığı 3000 manat pulunu dediyi vaxtda geri qaytarmamış və yenidən ondan həmin pulun qaytarması üçün vaxt istəmişdir. O, vaxt versədə, ona borclu olduğu pulları verməkdən yayınmağa başlamışdır. O, ümumilikdə cavabdehə 23840 manat borc pul vermişdir. Cavabdeh ona götürüb verdiyi 20000 manat kreditdən 2 ay 600 manat olmaqla, cəmi 1200 manat ödəniş etmiş, sonra ödənişlərini dayandırmışdır. O, cavabdehdən dəfələrlə borcunu qaytarmağı tələb etsə də o, onun müraciətlərinə əhəmiyyət verməyərək, hər dəfə bir neçə ay möhlət istəyirdi. O, bir neçə dəfə möhlət versə də pulunu geri qaytarmamışdır. Hazırda o, cavabdehdən ona borc verdiyi pulu geri ala bilmədyi üçün məcbur olub hazırki iddia ərizəsiylə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-491/2024 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddianın qismən təmin edilməsi, Cavabdeh 14512 (on dörd min beş yüz on iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 133 (yüz otuz üç) manat 54 (əlli dörd) qəpik pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-491/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilərək, 12 iyun 2024-cü il tarixə, saat 10:10-a məhkəmə baxışına təyin edilmişdir. Gəncə Şəhər Məhkəməsindən daxil olmuş məktubdan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-491/2024 saylı qətnaməsindən İddiaçı da apellyasiya şikayəti vermişdir. Buna görə də verilmiş şikayətin mümkünlüyünün yoxlanılması üçün işin Gəncə Şəhər Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən cavabdeh tərəfi dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1354/2024 saylı qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və İddiaçı tərəfindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-491/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin MPM 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384.0.6, 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1354/2024 saylı qərardadı ilə ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-491/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılaraq Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün birinci instansiyası məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar