Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1365/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: Alimentin artırılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(062)-737/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 22 may 2009-cu il tarixdə Əli və 03 fevral 2011-ci il tarixdə Həsən adlı uşaqları anadan olmuşdur;
2. Tovuz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(062)-1816/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, 22 may 2009-cu il tarixdə anadan olmuş Əli və 03 fevral 2011-ci ildə anadan olmuş Həsən adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 15 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 may 2009-cu ildə anadan olmuş Əli və 03 fevral 2011-ci ildə anadan olmuş Həsən adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 manat aliment alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından 22 may 2009-cu il tarixdə Əli, 03 fevral 2011-ci il tarixdə isə Həsən adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdehlə ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən əsasən onların nikahı pozulmuş və birgə nikahlarından anadan olmuş uşaqlar onun himayəsində qalmış, eləcə də həmin uşaqların saxlanılması üçün cavabdehdən onun xeyrinə aliment tutulmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği cavabdehlə birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün kifayət etmir. Cavabdeh isə uşaqların saxlanılmasına köməklik göstərmir.
6. Tovuz Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(062)-737/2024 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia qismən təmin edilərək, Tovuz rayon Məhkəməsinin 2(062)-1816/2023 saylı 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi; Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 may 2009-cu il tarixdə anadan olmuş Əli və 03 fevral 2011-ci ildə anadan olmuş Həsən adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi; İddianın alimentin məbləğinə aid qalan hissəsinin təmin edilməməsi; Cavabdeh 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2 və 112.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Tovuz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün 175 manat alimenti çətinliklə ödəyir. Həmin qətnamənin qəbul edilməsindən 1 il müddət keçməmiş iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əsaslanıb iddia tələbini qismən təmin etmişdir. Halbuki, onun əvvəlki aliment qətnaməsinin qəbulundan sonra qazancında hər hansı dəyişiklik olmamışdır. İddiaçı tərəfindən məhkəməyə bu barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə aliment məbləğini artırarkən onun əmlak vəziyyətini nəzərə almamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdeh isə məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə baxılmasının təxirə salınmasını xahiş etsə də, lakin kollegiya cavabdehin işin təxirə salınması üçün hər hansı üzrlü səbəb göstərməməsini və buna dair sübutu məhkəməyə təqdim etməməsini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
12. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
13. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
14. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
15. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 112.1.3. Aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
26. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından 22 may 2009cu il tarixdə Əli, 03 fevral 2011-ci il tarixdə isə Həsən adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və məhkəmə qətnaməsinə əsasən onlar arasındakı nikah pozulmuş və birgə nikahlarından anadan olmuş uşaqlar İddiaçı himayəsində qalmışdır, eləcə də uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 155 manat aliment tutulmuşdur. Tovuz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(062)-1816/2023 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş 22 may 2009-cu il təvəllüdlü Əli və 03 fevral 2011-ci il təvəllüdlü Həsən adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş aliment məbləği dəyişdirilərək hər ay hər uşağa görə 175 manat müəyyən edilmişdir. Hazırda iddiaçı müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılması üçün kifayət etmədiyini bildirir və müəyyən olunmuş alimentin artırılmasını tələb edir. Cavabdehin isə dəlili ondan ibarətdir ki, gəlirində artım olmamışdır, bu səbəbdən aliment məbləği artırılmamalıdır.
29. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
30. Ailə qanunvericiliyinin müvafiq hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu bir neçə dəfə artırılaraq sonuncu dəfə 2024-cü il üçün 235 manat müəyyən edilmişdir. Hazırda hər ay uşaq üçün cavabdehdən tutulan 175 manat sabit pul məbləğində alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşaqların saxlanması üçün yetərli deyildir. Uşaqların yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər.
31. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir.
32. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır.
33. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat məbləğdə müəyyən edilməsini uşaqların mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 200 manat müəyyən edilməsini əsaslı və qanuni sayır.
34. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyil.
35. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 600 (50 manat *12 ay) manat təşkil edir. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(062)-737/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.