Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1374/2025 28.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra - cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 28 aprel 2024cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları 28 oktyabr 2024-cü il tarixdə cavabdeh idarə etdiyi “VAZ 21060” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsində yol-nəqliyyat hadisəsi tərətmişdir. Yol nəqliyyatı hadisəsi zamanı iddiaçıya məxsus “Hyundai Elantra” minik markalı, ** YB *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmuşdur. Bakı şəhəri, Səbail rayon X5 Şöbəsinin İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Avtomobillərə texniki xidmət göstərən sahibkar, fiziki şəxs X2(VÖEN **********) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 00007 nömrəli aktdan görünür ki, 2024-cü il buraxılışlı, ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilə dəymiş ziyan hesablanmış, avtomobilin ön bamper, ön kapot, ön bamperin üst plastması, ön ekran, radiator barmaqcıqlar, ön sol duman işığı, ön bamperin sol kantı, nömrə altlığı, avtomobilin şiti, avtomobilin şitinin hava şarı, sükanın hava şarı, ön sağ və sol təhlükəsizlik kəməri, ön sol fara, ön bamperin gücləndirməsi və ön sağ farası zədələnmiş və avtomobilin təmirə ehtiyacı olan ehtiyat hissələrinin dəyəri və təmiri ümumilikdə 8196 manat təşkil edir. xx.xx.2024-cü il tarixli “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin QXM/449 nömrəli, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi ilə müəyyən olunur ki, 2024-cü il buraxılışlı, ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilinin 2-ci əl nəqliyyat vasitəsi kimi dəyəri 28.800 manat, yol nəqliyyat hadisəsi baş verəndən sonra bərpa olunmuş saz vəziyyətdə bazar dəyəri 25.344 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3196 manat avtomobilin zədələnməsi, 3456 manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar zərərin, qiymətləndirmə xidməti üçün ödənilmiş 150 manat, baxış aktının dəyəri 60 manat, hüquqi yardıma görə ödənilmiş 700 manat və ödənilmiş 97 manat dövlət rüsumunun, cəmi 7659 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə ** BD *** dövlət qeydiyyat nişanlı “VAZ 21060 minik” markalı avtomobilin sürücüsü, Cavabdeh Bakı şəhəri, Səbail rayonu F.Əmirov küçəsində hərəkətdə olarkən Nizami küçəsi ilə hərəkətdə olan iddiaçıya məxsus ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı avtomobilin qabaq hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobildə sərnişin kimi əyləşmiş X3 xəsarət almışdır. Yol nəqliyyat hadisəsi barədə Daxili işlər Nazirliyinin 102 cağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə yol polisi xidməti əməkdaşları yaxınlaşmışlar. Yol nəqliyyat hadisəsi Səbail rayon Polis İdarəsinin Təhqiqat Bölməsində araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. X1 xəsarətləri sağlamlığa zərər vurmayan hesab edilmiş və müvafiq qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti icra edilməsi üçün aidiyyəti üzrə Səbail RPİ-in DYPŞ-nə göndərilmişdir. Səbail RPİ-in DYPŞ Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərinin pozulması öz əksini tapdığından barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol nəqliyyat hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Səbail RPİ-in DYPŞ-də tanınmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin ön bamper, ön kapot, ön bamperin üst plastması, ön ekranı, radiator barmaqcıqlar, ön sol duman işığı, ön bamperin sol kantı, nömrə altlığı, avtomobilin şiti, avtomobilin şitinin hava şarı, sükanın hava şarı, ön sağ və sol təhlükəsizlik kəməri, ön sol fara, ön bamperin gücləndirməsi və ön sağ farası zədələnmiş, nəticədə İddiaçı MMC-ə 8196 manat zərər dəymişdir. Eyni zamanda müvafiq ekspertiza keçirilmiş, 2024-cü il istehsallı olan ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin olunduqdan sonra real bazar dəyərinin 28.800 manatdan 25.344 manata endiyi ekspert rəyi ilə təsdiq olunmuşdur. Nəticədə İddiaçı MMC-yə 8196 manat avtomobilin zədələnməsi, 3456 manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar ziyan olmaqla 11.652 manat ziyan dəymişdir. Yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi ** BD *** dövlət qeydiyyat nişanlı “VAZ 21060 minik” markalı avtomobilin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-in balansında olan avtomobilə vurulmuş zərərdən 5000 manat “Paşa Sığorta“ ASC tərəfindən qarşılanaraq ödənilmişdir. Qalan 3196 manat avtomobilin zədələnməsi, 3456 manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar ziyan olmaqla ümumilikdə 6652 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdehlə danışıqlar aparılmış, zərərin qarşılanması və mübahisələndirilməsinin məhkəmədən kənar həll edilməsi üçün müvafiq pretenziya məktubu göndərilmiş, lakin bütün görülmüş tədbirlər heç bir nəticə verməmiş, cavabdeh tərəfindən bu istiqamətdə heç bir müsbət addım atılmamışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının avtomobilinə dəymiş ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. Ziyan tam araşdırılmış və dəymiş ziyanın həcmində sığorta ödənilmişdir. İddiaçıya məxsus ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobil avto salonda satış üçün qoyulmamışdır. Həmin avtomobil digər şəxsin idarəetməsində olmuşdur. Belə ki, hərəkətdə olan avtomobili bazar qiyməti ilə səciyyələndirmək düzgün olmamışdır. Ona görə ki, Bakı şəhərində hər an avtomobil qəzaları mümkündür. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(061)- 474/2025 nömrəli iş üzrə qəbul etdiyi 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia tələbi təmin edilmiş, Cavabdeh 3196 manat avtomobilin zədələnməsi ilə bağlı zərər, 3456 manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar zərər, qiymətləndirmə xidməti üçün ödənilmiş 150 manat, baxış aktının dəyəri 60 manat, hüquqi yardıma görə ödənilmiş 700 manat və ödənilmiş 97 manat dövlət rüsumu, cəmi 7659 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 106.1, 121.1, 217.1, 217.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Bakı şəhər ərazisində yol-nəqliyyat hadisəsi qaçılmazdır, bu səbəbdən də hadisə baş vermişdir, avtomobilə dəyən zərər tam ödənilmişdir, zədələnmiş ehtiyyat hissələri sökülərək yeni ehtiyyat hissələri ilə əvəz olunmuşdur, avtomobil tam işlək şəkildə təhvil verilmişdir, lakin iddiaçı əsassız olaraq varlanmaq istəmişdir. Məhkəmə heç bir ekspertiza təyin etmədən qərəzli qətnamə qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 00007 saylı qüsur aktı, o cümlədən 449 saylı "Qiymətləndirmə rəyində avtomobilə dəymiş zərər və avtomobilin real bazar dəyərinin enməsi əsaslandırılmışdır. Hər iki rəy müvafiq möhürlə möhürlənmiş, eyni zamanda həmin rəyi vermiş təşkilatın qeyd edilən fəaliyyətlə məşğul olmasına icazə verən müvafiq sənədlər iddiaçı tərəfindən işə əlavə edilmişdir. Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi zamanı zərər dəymiş "Hyundai Elantra" minik markalı avtomobil 2024-cü il istehsalıdır. Avtomobilə xx.xx.2024-cü il tarixdə BB 638528 saylı qeydiyyat şəhadətnaməsi alınmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd edilən iddianın əsassız olması və iddiaçının əsassız varlanması kimi göstərilməsi həqiqəti əks etdirmir. Belə ki, "Hyundai Elantra" minik markalı avtomobil xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi törədilən zaman tam təzə vəziyyətdə olmuşdur. Avtomobilə dəymiş zərər, o cümlədən avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar bütün sübutlar məhkəməyə təqdim edilmiş və məhkəmə həmin zərərin təkrar komissiyon ekspertiza keçirilməklə yenidən hesablanmasını zəruri hesab etməmişdir. İddiaçı tərəfindən cavabdehlə "xxxx" ММС-yə dəymiş zərərin məhkəmədən kənar ödənilməsi ilə bağlı dəfələrlə danışıqlar aparılmasına, yazılı bildiriş təqdim edilməsinə baxmayaraq cavabdeh onun təqsiri ucbatından dəymiş zərərin ödənilməsindən qəsdən yayınmış, o cümlədən, məhkəmənin heç bir iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti formal xarakter daşıyır və məhkəmənin qətnaməsinin icrasının qəsdən uzadılmasına yönəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər . Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən olunur ki, “Hyundai Elantra” minik markalı, ** YB *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. 28 oktyabr 2024-cü il tarixdə cavabdeh idarə etdiyi “VAZ 21060” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyatı hadisəsi törətmiş və iddiaçıya məxsus “Hyundai Elantra” minik markalı, ** YB *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Həmin yol nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçıya vurulmuş zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, 28 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsində baş vermiş yol nəqliyyat hadisəsində mülki hüquq pozuntusu (delikt) məsuliyyəti daşıyan şəxs cavabdehdir və o, iddiaçının avtomobilinə dəymiş ziyanın əvəzini ödəmək vəzifəsini daşıyır. Məhkəmə iddiaçıya vurulmuş zərərin məbləği ilə bağlı aşağadıkıları bildirir. Rayon Məhkəməsi iddiaçıya vurulmuş maddi zərərin həcmini, yəni avtomobilin təmirini və bərpa xərcini avtomobillərə texniki xidmət göstərən sahibkar, fiziki şəxs X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 00007 nömrəli akt əsasında 8196 manat məbləğində müəyyən etmişdir. Eyni zamanda həmin məbləğin 5000 manat hissəsininin "xxxx" ASC tərəfindən ödənilməsini nəzərə alaraq müzakirə olunan hissədə iddia tələbini təmin etmişdir(8196-5000=3196). Cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilin real bazar dəyərinin azalması ilə bağlı iddiaçıya vurulmuz ziyanın məbləğinin müəyyən edilməsi, iş materiallarına əlavə edilmiş “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin QXM/449 nömrəli, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin rəy ilə müəyyən olunur ki, 2024-cü il buraxılışlı, ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilinin 2-ci əl nəqliyyat vasitəsi kimi dəyəri 28.800 manat, yol nəqliyyat hadisəsi baş verəndən sonra bərpa olunmuş saz vəziyyətdə bazar dəyəri 25.344 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus avtomobilin zədələnməsi nəticəsində onun dəyəri 3456 manat məbləğində azalmışdır(28.800-25.344=3456). Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, müzakirə olunan hissədə də iddiaçının iddiası əsaslıdır və təmin edilməlidir. Məhkəmə sözügedən aktı və rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir və hesab edir ki, iddiaçıya vurulmuş zərərin məbləğinı həmin sənədlər əsas götürülməklə müəyyən etməkdə Rayon Məhkəməsi haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində ziyanın məbləğinin şişirdildiyini, düzgün hesablanmadığını bildirsə də, bildirdiklərini təsdiq edəcək, sözügedən aktı və rəyi şübhə altına alacaq sübutları məhkəmələrə təqdim etməmişdir. Məhkəmə həmçinin bildirir ki, iddiaçının tələbi əsaslı olduğundan hazırki iddia tələbini irəli sürmək üçün sərf etdiyi məhkəmə xərcini cavabdehdən tələb etməkdə də haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsini məhkəməyə vermək üçün 97 manat, vəkilə göstərdiyi xidmətə görə 700 manat, qiymətlindirici xidməti üçün 150 manat, baxış (qüsur)aktını almaq üçün 60 manat rüsum ödəmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, məhkəmə xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə Rayon Məhkəməsinin gəldiyi nəticə də işin hallarına uyğun olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Tərtər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 aprel 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1374/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1374/2025
28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver