Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1375/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(076)-2226/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-372/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, JN-863 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı Dövlət Aktının JN-863/0.56 ha hissəsində 0,112 ha olmaqla şimali şərqdən başlayaraq, cənubi şərqə doğru və JN-863Z/1.06 ha hissəsində 0.21 ha olmaqla şimali şərqdən başlayaraq, cənubi şərqə doğru ayrılmış hissələr natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması və İddiaçı təhvil verilməsi qət edilmişdir.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan **********80 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Keçili kəndində 0,2095 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona vurulmuş 8869 manat maddi zərərin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun keçmiş əri, digər cavabdeh X3 isə keçmiş baldızıdır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 saylı qərarı ilə onlara ailə olaraq pay torpaq sahəsi verilmişdir, Sonradan ailə münasibətləri pozulduğundan Cavabdeh1 ayrılmışlar və paylı mülkiyyətlərində olan torpaq sahəsini ayırıb ona təhvil vermələrini istəmişdir. Lakin, cavabdehlər buna könüllü olaraq razılıq verməmiş və bu səbəbdən də o, məcbur olub məhkəmədə iddia qaldırmalı olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-372/2022 nömrəli qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. İddia tələbi ilə bağlı olaraq o, cavabdehlərin təqsiri ucbatından maddi ziyan çəkmişdir. Dövlət rüsumları, vəkil xidmət haqqı və ekspertiza xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdehlər həmin maddi ziyanın əvəzini ona ödəməlidirlər. Eyni zamanda, cavabdehlər 2008-ci ildən 2023-cü ilin mart ayına kimi onun mülkiyyətində olan 0.2095 ha torpaq sahəsini onun razılığı olmadan əkib-becərmiş, bu hərəkətləri ilə mülkiyyətində olan əmlakdan onu mərhum etmişlər. Cavabdehlərin təqsirindən o, öz torpaq sahəsindən gəlir əldə edə bilməmişdir. Cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus 0.2095 ha pay torpaq sahəsindən hər il orta hesabla 500 manat gəlir əldə etmişlər. Cavabdehlər onun torpaq sahəsində 2008-ci ildən 2023-cü ilin mart ayına kimi kartof, kələm, taxıl və digər kənd təsərrüfatı məhsulları əkiblər becərmişlər. 15 il ərzində cavabdehlərin əldə etmiş olduğu gəlir 7500 manat təşkil etmişdir. Cavabdehlər həmin pulu ona qaytarmır. Nəzərdə tutulduğu kimi bir qayda olaraq vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Cavabdehlərin təqsiri ucbatından ona ekspertiza xərci olaraq 311 + 51 manat, məhkəməyə 100 manat dövlət rüsumu, Şəmkir 11 saylı Əraz İdarəsinə ölçmə işləri üçün 240 manat rüsum, vəkilə verilən etibarnamə üçün 17,25 manat, vəkil xidmət haqqı olaraq 350 manat, hazırkı iddia ilə bağlı 120 manat dövlət rüsumu ödəmiş, poçt ödənişləri, nəqliyyat xərci olaraq 200 manat ödəmişdir. Cavabdehlərin ona vurmuş olduqları maddi ziyanı 8869 manat dəyərində qiymətləndirir. Buraya cavabdehlərin ona mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsini əkib-becərməklə əldə etdikləri 7500 manat gəlir də daxildir.
5. Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(076)-2226/2023 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddiaçı Qocayeva (Ələkbərova) Çiçək Bayram qızının cavabdehlər Cavabdeh1 və X1 qarşı maddi ziyan tələbinə dair iddia tələbinin təmin edilməməsi; Ödənilmiş 120 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 8 İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdehlərdən onların vurmuş olduqları maddi ziyanı tələb etmək hüququ vardır. Cavabdehlər onun paylı mülkiyyətində olan əmlakdan istifadəsinə məhdudiyyət yaratmışlar. Onların bu qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan əmlakdan məhrum olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sübut olunur ki, cavabdehlərin qanunsuz hərəkətlərinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və cavabdehlər mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən çıxarılmışlar.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. Onlar ayrıldıqdan sonra pay torpağından ona düşən hissə verilmişdir. Onun iddiası əsassızdır. O, nəinki iddiaçının torpaq sahəsindən hətta özünə məxsus torpaq sahəsindən də istifadə etməmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
15. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
16. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
17. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
18. Maddə 216. Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 121.1 Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
27. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 ailə qurmuşlar. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli 51 nömrəli qərarı ilə İddiaçı, cavabdehlər Cavabdeh1 və X2 Şəmkir rayonu Keçili kəndi ərazisində 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-863 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsindəki payının naturada ayrılması barədə iddia tələbi ilə məhkəməyə müraciət emtiş və Şəmkir Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(076)-372/2022 nömrəli qətnaməsi ilə JN-863 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında iddiaçının və cavabdehlərin ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu Keçili kəndində yerləşən 1.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payı Dövlət Aktının JN-863/0.56 ha hissəsində 0,112 ha olmaqla şimali şərqdən başlayaraq, cənubi şərqə doğru və JN-863Z/1.06 ha hissəsində 0.21 ha olmaqla şimali şərqdən başlayaraq, cənubi şərqə doğru ayrılmış hissələr natura halında bölünərək ümumi paylı mülkiyyətdən ayrılması və İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. İddiaçı cavabdehlərdən paylı mülkiyyətlərində olan torpaq sahəsini ayırıb ona təhvil vermələrini istədiyini, lakin cavabdehlər buna könüllü olaraq razılıq vermədiyindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət rüsumları, vəkil xidmət haqqı və ekspertiza xərcləri ödədiyini, həmçinin cavabdehlərin 2008-ci ildən 2023-cü ilin mart ayına kimi onun mülkiyyətində olan 0.2095 ha torpaq sahəsini onun razılığı olmadan əkib-becərdiyini və bu hərəkətləri ilə mülkiyyətində olan əmlakdan onu mərhum etdiklərini, cavabdehlərin bu hərəkətləri ilə maddi ziyana düşdüyünü əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
37. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin - əvvəlki məhkəmə mübahisəsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən tutulması hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin iş üzrə iddiaçıya aid edilmiş xərclər məhkəmə məsrəfləri olmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM maddə 119.1). Həmin mübahisəyə baxmış məhkəmənin gəldiyi qənaətə görə məhkəmə xərcləri iddiaçıya aid edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin xərcin əvəzini dəymiş ziyan qismində cavabdehlərdən tələb etməsi əsassızdır.
38. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin cavabdehlərin 2008-ci ildən 2023cü ilin mart ayına kimi onun mülkiyyətində olan 0.2095 hektar torpaq sahəsini onun razılığı olmadan əkib becərməsi nəticəsində hər il orta hesabla 500 manat gəlir əldə etdiklərindən 7500 manatın tələb edilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən torpaq sahəsinə sahiblik və istifadə etməsindən məhrum olunduğunu iddia etsə də, işin faktiki halları ilə bu hal öz təsdiqini tapmamışdır. Bundan başqa, İddiaçı cavabdehlərin torpaq sahəsini əkib becərərək gəlir əldə etmiş olmaları barədə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
39. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
42. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
43. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
44. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
45. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
46. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 2(076)-2226/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.