Məhkəmə qərarları › İş №2(104)-1380/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1380/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1380/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Tovuz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli 2(062)-278/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kreditor İddiaçı BOKT ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001ET-008664-1 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalan 18 ay müddətinə illik 30 faiz olmaqla 2000 manat məbləğində kredit verilməsi barədə razılığa gəlinmişdir.

2. Kreditor İddiaçı BOKT ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001ET-008664-1/1 saylı və 2021/00001ET- 008664-1/2 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər borcalan Cavabdeh1 kreditor qarşısında öhdəliklərini yerinə yetirməsinə görə onunla birgə məsuliyyət daşımağı üzərlərinə götürmüşlər.

3. İddiaçı BOKT ASC tərəfindən təqdim edilmiş borc haqqında arayışdan görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə kreditora kredit müqaviləsi üzrə 1908,1 manat əsas borc, ona hesablanmış 413,11 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 552 manat məbləğində dəbbə pulu olmaqla cəmi 2873,21 manat borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, müqavilənin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada cəmiyyətin xeyrinə kredit müqaviləsi üzrə 1908,1 manat əsas borc, ona hesablanmış 413,11 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 552 manat məbləğində dəbbə pulu olmaqla cəmi 2873,21 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 61,45 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001ET-008664-1 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 36 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli, 2021/00001ET- 008664-1/1 saylı, Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli, 2021/00001ET-008664-1/2 saylı zaminlik müqavilələri bağlanılmışdır. Borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəmələrdə pozuntulara yol verilmişdir. Bununla bağlı cavabdehə müraciət edilərək borcun ödənilməsi, əks məhkəməyə müraciət ediləc bildirilmişdir. Lakin cavabdeh yenə də öhdəliyin icra etməmişdir. Hazırda cavabdehin xx.xx.2022-ci il tarixə olan borcu kredit müqaviləsi üzrə 1908,1 manat əsas borc, ona hesablanmış 413,11 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 552 manat məbləğində dəbbə pulu olmaqla cəmi 2873,21 manat təşkil edir.

6. Tovuz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli 2(062)-278/2023 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddianın təmin edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2021/00001ET-008664-1 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kredit müqaviləsi üzrə 1908,1 manat əsas borc, ona hesablanmış 413,11 manat faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 20 manat məbləğində dəbbə pulu olmaqla cəmi 2341,21 (iki min üç yüz qırx bir manat iyirmi bir qəpik) manat pul məbləği alınaraq İddiaçı BOKT ASC-yə verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61,45 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı BOKT ASC-yə verilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739, 462, 467, 470, 427.3, 442.1, 448.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 119.1, 284-5.3, 284-6.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli 2(062)-278/2023 nömrəli qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, faiz məbləği düzgün hesablanmamışdır. Məhkəmə tərəfindən iş üzrə mühasibatlıq ekspertizası təyin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

15. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

16. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

18. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. MPM-in 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılır.

28. MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

30. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin ona aid hissəsinin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Cavabdeh apellyasiya şikayətinin dəlillərində borcun düzgün hesablanmadığını bildirsə də, buna əsas verəcək dəlilləri, yəni etdiyi hansı ödənişin nəzərə alınmamasını şikayətində göstərməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışında əksini tapmış məlumatlar müqavilə şərtləri əsasında təhlil olunduqda görünür ki, hesablanmış əsas borc və faiz borcu məbləğini şübhə altına almağa əsas yoxdur. Həmçinin, cavabdehin borcunun hesablanması sadə riyazi hesablama olduğundan kollegiya hesab edir ki, xüsusi bilik tələb edilmədiyindən, ekspertiza keçirilməsinə dair zərurət müəyyən edilmədiyindən bu barədə ekspertiza təyin edilməməlidir.

35. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

36. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393, 394-1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(062)-278/2023 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar