Məhkəmə qərarları › İş №2(104)-1381/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1381/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1381/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: “kredit borcunun ödənilməsi” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-415/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK 15/RES/06.19 saylı güzəştli kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana illik 1 faiz olmaqla, 60 ay müddətinə 4822 manat məbləğində kredit verilməsi barədə tərəflər razılığa gəlmişlər.

2. İş materiallarında olan Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 15/RES/06.19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalan Cavabdeh1 kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

3. İş materiallarında olan Kreditor İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, xx.xx.2019-cu il tarixli, İK 15/RES/06.19 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 hesabına 4822 manat pul köçürülmüşdür.

4. İş materiallarında olan Kreditor İddiaçı ASC tərəfindən təqdim edilmiş kredit müqaviləsinin icrası barədə arayışdan görünür ki, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə 4130.76 manat əsas, 69.91 manat faiz, 12.84 manat cərimə borcu olmaqla, cəmi 4213.51 manat məbləğində borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC-nin nümayəndəsi cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1l oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK 15/RES/06.19 saylı güzəştli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 4130.76 manat əsas, 69.91 manat faiz, 12.84 manat cərimə borcu olmaqla, cəmi 4213.51 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 62.14 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1l oğlu və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK 15/RES/06.19 saylı güzəştli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 faiz 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 4822 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh1 İddiaçı ASC və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 15/RES/06.19 saylı zamınlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə olan borcu 4130.76 manat əsas, 69.91 manat faiz, 12.84 manat cərimə borcu olmaqla, cəmi 4213.51 manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edilmişdir.

7. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul qəbul etmiş və izahatında göstərmişdir ki, kredit borcunun ödənilməsindən yayınmaq kimi niyyəti yoxdur. Sadəcə olaraq işdən çıxarıldığı üçün aylıq ödənişləri edə bilməmişdir. Yeni işə düzələcəyi halda ilk növbədə banka olan borcunu ödəyəcəkdir. Odur ki, iş üzrə qanuni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Tovuz Rayon Məhkəməsinin 2(062)-415/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK 15/RES/06.19 saylı güzəştli kredit müqaviləsi vaxtından əvvəl ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4130.76 manat əsas, 69.91 manat faiz, 12.84 manat cərimə borcu olmaqla, cəmi 4213.51 (dörd min iki yüz on üç manat əlli bir qəpik) manat məbləğində borcun alınaraq İddiaçı ASCyə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 62.14 (altmış iki manat on dörd qəpik) manat pulun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Onun borcunun hansı həddə olması barədə iddiaçı tərəfindən kredit müqaviləsinin icrası barədə arayış təqdim edilmişdir. Həmin arayış əsasında müəyyən edilir ki, kredit müqaviləsi üzrə borcalanın 4130.76 manat əsas, 69.91 manat faiz, 12.84 manat cərimə borcu olmaqla, cəmi 4213.51 manat məbləğində borcu vardır. Eyni zamanda məhkəmə göstərmişdir ki, kreditor ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi üzrə o, borcalanın kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Həmçinin müqavilədə “subsidiar” məsuliyyət nəzərdə tutulmadığından borcun müştərək qaydada zamindən də tələb edilməsi əsaslıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC-nin Tovuz filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 4130.76 manat əsas, 69.91 manat faiz, 12.84 manat cərimə borcu olmaqla, cəmi 4213.51 manat məbləğində borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 2(062)-415/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanuna və sübuta əsaslanmalıdır, borc isə qətnamədə göstərilən reallığı əks etdirmir. Belə ki, məhkəmə tərəfindən təqdim edilmiş sübutların mötəbərliyi düzgün araşdırılmamış, cavabdehin borcunun nə qədər olması sadəcə iddiaçının mülahizəsinə əsasən götürülmüşdür. Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş pulun məbləği, həmçinin zaminlə bağlanan müqavilə şübhə doğursa da, bu hal araşdırılmadan qətnamə qəbul edilmişdir. O, məhkəmədə iştirak etməmiş, bu hal onun iştirakı olmadan araşdırılmışdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

16. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 385.1 – öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 390.5 - müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

19. Maddə 399.1 - müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Maddə 442 - Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443.1 - Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Maddə 448.1. - borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

23. Maddə 472.2. - əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır.

24. Maddə 739.1 - borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Prosessual hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 76.1 - tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 76.2 - bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Maddə 77.1 – hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88 - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 106.1 - işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

30. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 385.2 - birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1 - mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK 15/RES/06.19 saylı güzəştli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 hesabına 4822 manat pul köçürülmüşdür. Həmçinin Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 15/RES/06.19 saylı zaminlik müqaviləsinə əsasən zamin borcalan Cavabdeh1 kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Qeyd edilən məbləğlərdə kreditin cavabdehə verilməsi iş materiallarında olan ödəniş sənədləri ilə təsdiq olunur və işin bu halı mübahisələndirilmir. Hazırda cavabdehin 4130.76 manat əsas, 69.91 manat faiz, 12.84 manat cərimə borcu olmaqla, cəmi 4213.51 manat məbləğində borcu yaranmışdır. Cavabdeh banka borclu olduğu kredit borcunu ödəmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, cavabdeh bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində həm məhkəmə iclasında iştirak etmədiyini, məhkəmənin onun iştirakı olmadan keçirildiyini bildirmiş, həm də məhkəmə iclasında iştirak etdiyini, ancaq onun izahatının təhrif olunduğunu, məhkəmə tərəfindən borcunun düzgün müəyyən edilmədiyini qeyd etmişdir.

38. Həmin dəlillərə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan məhkəmə iclasının protokolundan görünür ki, Cavabdeh1 məhkəmənin yekun məhkəmə iclasında iştirak etmiş, öz izahatında kredit borcunun ödənilməsindən yayınmaq kimi niyyətinin olmadığını, sadəcə olaraq işdən çıxarıldığı üçün aylıq ödənişləri edə bilmədiyini, yeni işə düzələcəyi halda ilk növbədə banka olan borcunu ödəyəcəyini bildirərək əslində iddianı etiraf etmiş və bocun məbləğini mübahisələndirməmişdir. Göründüyü kimi həmin dəlillər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmamaqla yanaşı yalnız formal xarekter daşıyır.

39. Beləliklə, iş materiallarına əsasən, işin faktiki halları kimi müəyyən olunur ki, tərəflər arasında vaxtında ödənilməyən kredit borcunun restrukturizasiyası müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yenə də lazımi qaydada yerinə yetiməmişlər. İşin faktiki halları kimi müəyyən edilir ki, kredit borcunun məbləği düzgün müəyyən edilmişdir və irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur.

40. Ona görə də məhkəmə kollegiyası iş materiallarında olan sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 2(062)- 415/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Hazırki işdə iddianın qiyməti 5000 manatdan az məbləğdir. Ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMnin 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-415/2023 saylı mülki iş üzrə 14 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar