Məhkəmə qərarları › İş №2(104)-1386/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1386/2024

27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1386/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi olan vəkili Vəkil iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-386/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh azyaşlı uşaqları xx.xx.2014-cü il doğum tarixli X3 və xx.xx.2018-ci il doğum tarixli X2 tərbiyyə edilməsi üçün bir uşaq üçün kəsilmiş 150 manat olmaqla iki uşaq üçün kəsilmiş 300 manat alimentin miqdarının artırlaraq, hər ay sabit pul məbləğində bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 aliment kəsilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-386/2024 qətnaməsi ilə (hakim Marif Kazımov) iddia qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-799/2022 saylı qətnaməsi ilə 31 yanvar 2014-cü il təvəllüdlü X3 və 16 aprel 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər bir uşaq üçün tutulan 150 manat alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 200 manat olmaqla, iki uşaq üçün cəmi 400 manat məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsi və alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-386/2024 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, səhhətinin və maddi vəziyyətinin nəzərə alınmasını və iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Məhkəməsi heç bir araşdırma aparmadan, məhkəməyə iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim etmədən, məhkəmə iddia tələbini qismən təmin etmişdir. Halbu ki, məhkəmənin iddia tələbini təmin etməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. Belə ki, o, işsizdir, işləmir, üçüncü qrup əlilidir və 44 günlük Qarabağ Müharibəsi iştirakçısı olmaqla qazidir. Səhhətində ciddi problemlər olduğundan o, müalicələr alır və dövlət tərəfindən əlil olduğuna görə pensiya alır, aldığı pensiya onun müalicələrini çətinliklə qarşılayır. Uşaqları saxlamaq hər iki valideynin borcudur və o, bundan boyun qaçırmır. Hesab edir ki, məhkəmə onun səhhətini və maddi vəziyyətini nəzərə almadan qətnamə qəbul etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə müdafiə edərək göstərdi ki, o, 44 günlük olan Qarabağ Müharibəsi iştirakçısı olmaqla qazidir. Qazi olduğuna görə, dövlət tərəfindən 730 manat sabit pul məbləğində pensiya alır, üçüncü qrup əlilidir. Həmçinin məktəbdə xadimə işləyir və əlavə olara ayda 391 manat əmək haqqı alır. Bununla belə, apellyasiya şikayətinin təmin edilməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-386/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi olan vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəyini müdafiə edərək, onun təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-386/2024 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdehin maddi vəziyyəti yaxşıdır. O özü isə, onkoloji xəstədir. Himayəsində olan uşaqları ciyər xəstəsidir, özüdə üçüncü qrup əlildir və əlil olduğuna görə 150 manat sabit pul məbləğində pensiya alır. Uşağların saxlanılmasına görə maddi cəhətdən çətinlik çəkir. Qətnaməni qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-386/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-386/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-386/2024 saylı qətnaməsinin iddiaçının iddiasının alimentin miqdarına münasibətdə təmin olunması hissəsində ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmiş, yəni qətnamənin alimentin məbləği hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissələri, yənin iddianın təmin olunmayan hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş: AZ-İİİ № 287920 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə Gəncə şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. AZ-İV № 093083 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında İddiaçı qeyd edilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-799/2022 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2018-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)- 332/2021 saylı qətnaməsi ilə təyin edilmiş, hər ay hər uşaq üçün 130 manat, cəmi, 260 manat alimentin miqdarı artırilaraq, hər ay, hər uşaq üçün 150 manat, cəmi, 300 manat miqdarında müəyyən edilməsi qət edilmişdir. X9 tərəfindən verilmiş xx.xx.2024-cü tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini tək ödəmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9922 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh “partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı veqetativ-damar distoniyası, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli üzvi dissosiativ-konversion pozuntu, postkommotsion sindrom, davranış pozuntusu” və “hər iki gözün mürəkkəb miopik astiqmatizmi sağda M 2,5D və M 1,25D nəticəsində görmə itiliyinin sağda 0.2-ə qədər azalması, korreksiya ilə 1,0 solda M 4,0D və M1,0D nəticəsində dörmə itiliyinin 0,1- ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabdan (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, Cavabdeh “Barotravma nəticəsində dissosiativ-konversion pozuntu” diaqnozu qoyulmuşdur. Elektron sistemdən Cavabdeh dair əldə edilmiş məlumatlardan görünür ki, o, 44 günlük olan Qarabağ Müharibəsi iştirakçısı olmaqla, qazidir, üçüncü qrup əlilidir və dövlət tərəfindən 730 manat sabit pul məbləğində pensiya alır, həmçinin məktəbdə xadimə işləyir və əlavə olara ayda 391 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh ilə birgə ailə münasibətlərindən 31 yanvar 2014-cü il təvəllüdlü X5 və 16 aprel 2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra uşaqlar anasının himayəsində qalmış və onunla yaşayırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, alimentin miqdarının hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hər ay hər uşağa görə 200 ( iki yüz) manat cəmi 400 (dörd yüz ) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, tərəflərin birgə nikahlarından doğulmuş Aysun 10 yaşı və Sunay 6 yaşında olmaqla, anasının yanında yaşayırlar və böyüdükcə onların təhsil, səhhət, geyim və qida ilə bütün xərcləri mütəmadi şəkildə artmaqla cavabdeh tərəfindən ödənilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək,qeyd edir ki, cavabdehin maddi imkanının zəif olması, işsiz olması və xəstə olması barədə dəlillərini alimentin azaldılması üçün əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmaqla, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyəti daşıyırlar və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi onların işləyib-işləməməsindən asılı deyildir. Həm də, cavabdehin həmin alimeni ödəmək iqtidarında olmasını təsdiq edən gəlirləri vardır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları həmin hissədə düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-386/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-386/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar