Məhkəmə qərarları › İş №2(104)-139/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-139/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-139/2024 06.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə Açar sözlər: reqress qaydasında pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı1 MMC-nin nümayəndəsi X1, Cavabdeh (həm də iş üzrə digər Cavabdeh2 nümayəndəsi) Cavabdeh1 iştirakı ilə, İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “reqress qaydasında pul” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 06 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarından görünür ki, “Kia Optima” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh1 məxsusdur və o, həmin avtomobili xx.xx.2019-cu il tarixdə idarə etmək üçün Cavabdeh2 etibarnamə vermişdir. Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “Kia Optima” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə xx.xx.2021-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun 24-cü km-də hərəkətdə olarkən, yolun sağ tərəfində ehtiyat zolaqda dayanmış, X3 idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini arxadan vurmaqla, qəza törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində, X8 isə 346.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə məsuliyyətə cəlb edilərək, onlara cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Hadisədən sonra "xxxx" MMC İddiaçı1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 MMC-dən 8469 manat zərərin tutulmasını tələb etmiş və tələbini belə əsaslandırmışdır ki, ona məxsus 12 ədəd reklam lövhələrinin daşınması üçün İddiaçı1 MMC-nə sifariş vermiş və 31 mart 2021-ci il tarixdə həmin reklam lövhələri təyinat ünvanına daşınması üçün “MercedesBenz Sprinter” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklənmişdir. Lakin qəza nəticəsində reklam lövhələri yararsız vəziyyətə düşmüş və ona zərər dəymişdir. Həmin məhkəmə mübahisəsi üzrə tərəflər razılığa gələrək, 7.000 manat borcu xx.xx.2021-ci il tarixində 2.000 manat, xx.xx.2021-ci il tarixədək 5.000 manat ödəmək şərti ilə barışıq sazişi imzalamış, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2- 2(113)-2314/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı1 MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair işlə bağlı barışıq sazişi təsdiqlənmiş və bu əsasla iş üzrə icraata xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışında “X11 Ltd” MMC şirkəti ilə olan razılaşmaya əsasən üzən platforma üzərində qurulması nəzərdə tutulmuş, dəniz havası şəraitinə dözümlü olması üçün xüsusi materiallardan hazırlanmış 12 ədəd 3x1,5 metr ölçüdə olan reklam xarakterli lövhələrin istehsalı üçün çəkilən xərclər cəmi 8.489 manat məbləğində qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat və 2.000 manat olmaqla, cəmi 7.000 manat məbləğində vəsait İddiaçı1 MMC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. “Kia Optima” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sığortalandığı sığorta təşkilatı tərəfindən iddiaçıya məxsus avtomobilə dəymiş zərər kimi 3.700 manat pul ödənilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı1 MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçıya dəymiş 7000 manat məbləğdə maddi ziyanın və ödənilmiş 90 manat dövlət rüsumunun, ümumilikdə 7090 manat məbləğində pulun müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı daxil olan sifariş əsasında "xxxx" MMC-yə məxsus olan reklam lövhələrini xx.xx.2021-ci il tarixdə Nizami rayonu, Babək prospektindən Qaradağ rayonu, Salyan şossesində yerləşən “X17 Ltd” şirkətinə daşımağı öz üzərinə götürmüş və xidmətin icrası üzrə həmin reklam lövhələrinin daşınması üçün **- JM-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Sprinter” markalı avtomobil göndərilmişdir. Şirkətə məxsus həmin nəqliyyat vasitəsi Bakı-Qazax istiqamətində hərəkətdə olarkən mülkiyyətçi Cavabdeh1 məxsus və xx.xx.2019-cu il tarixli etibarnamə əsasında cavabdehin idarə etdiyi **-BZ-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı minik avtomobili yol hərəkəti qaydalarını kobudcasına pozduğundan arxadan şirkətə məxsus avtomobilə çırpılmış və nəticədə nəqliyyat vasitəsinə və daşınan reklam lövhələrinə ciddi ziyan dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmlakına ziyan dəymiş "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.469 manat məbləğində zərər, 60 manat məbləğində daşıma haqqı, 700 manat məbləğində hüquqi yardım xərci və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı1 MMC-dən tutulmasını xahiş etmiş, sonradan xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə barışıq sazişi imzalanmış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli e-2-2(113)- 2314/2021 saylı qərardadı ilə müvafiq saziş təsdiq olunmuşdur. Sazişin 1.2-ci bəndində əsasən tərəflər razılaşmışlar ki, sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya ümumi borcu 7.000 manat təşkil edir və cavabdeh bu borcu xx.xx.2021-ci il tarixində 2.000 manat, xx.xx.2021-ci il tarixədək 5.000 manat olmaqla tam şəkildə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müvafiq ödəniş tapşırıqları əsasında xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat və 2.000 manat olmaqla, cəmi 7.000 manat borc məbləği "xxxx" MMC-yə tam ödənilmişdir. Qanunvericiliyin tələblərinə əsasən vurulmuş ziyanı geriyə tələb etmək hüququ yaranmışdır. Bu əsasla şirkət tərəfindən cavabdehlərə 7.000 manat borc məbləğini tələb etmə barədə pretenziya məktubu göndərilmiş, lakin buna baxmayaraq həmin pul şirkətə ödənilməmiş və məktuba cavab verilməmişdir. Ağdam Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(013)-1736/2022 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 31 mart 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində səlahiyyətli orqanların qərarı ilə həm “Kia Optima” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2, həm də “Mersedes Sprinter” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişlər. Bu hal isə onu deməyə əsas verir ki, məhkəmə iclasında cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması sübut olunmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, “Kia Optima” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı şirkətə məxsus avtomobilə çırpılaraq nəqliyyat vasitəsinə və onun daşıdığı reklam lövhələrinə ciddi ziyan vurulması ilə əlaqədar mülki hüquq pozuntusu birbaşa olaraq cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Bu fakt cavabdehin yol hərəkəti qaydalarını kobudcasına pozması səbəbindən onun İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2021 -ci il tarixli İXP38688784 nömrəli protokol əsasında qəbul edilmiş TP4281248 saylı inzibati tənbeh vermə haqqında qərarla öz təsdiqini tapır. Lakin məhkəmə baş vermiş hadisə ilə cavabdehin təqsirli hərəkəti arasında bu səbəbli əlaqəni görməzdın gələrək, maddi hüquq normasını düzgün tətbiq etməmiş və nəticədə şəxs mülki məsuliyyətdən kənarda qalmışdır. Avtoqəza ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş fotoşəkillərdən də aydın olur ki, şirkətə məxsus avtomobil yolun hərəkət hissəsindən kənarda, asfalt yolun kənarındakı sarı xətdən sağ tərəfdə, ehtiyat hissə hesab olunan torpaq yolda dayanmışdır. Birinci instansiya məhkəməsi isə qətnaməsində göstərmişdir ki, guya ki iddiaçının sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsinin yolun kənarında dayanması və beləliklə parklanma qaydalarının pozulmasının səbəbkarı olması yol-nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Halbuki, sürücünün parklanma qaydasını pozması hələ öz-özlüyündə mülki hüquq pozuntusuna səbəb olmur. Bunun üçün mütləq qaydada pozuntu ilə zərərli nəticə arasında səbəbli əlaqənin olması şərtdir. Səbəbli əlaqənin olması üçün şəxs elə bir hərəkət etməlidir ki, onun bu hərəkəti zərərli nəticənin baş verməsinə gətirib çıxarsın. Yol-nəqliyyat hadisəsinin baş verməsinə şirkətin sürücüsünün nəqliyyat vasitəsini yolun kənarında saxlaması deyil, cavabdehin “Kia Optima” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmaqla yolun hərəkət hissəsindən kənara çıxarması səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-335/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehdən dəymiş ziyanın əvəzi olaraq ödənilmiş 7000 manat məbləğində pul və ödənilmiş 90 manat dövlət rüsumu, ümumilikdə 7090 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia Cavabdeh1 münasibətdə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsi zamanı reklam lövhələrinə vurulmuş zərər qismində 7.000 manat xərc çəkməsi mübahisəsiz olmaqla yanaşı, həm də bu xərc mülki hüquq pozuntusu nəticəsində "xxxx" MMC-yə dəymiş zərərin aradan qaldırılması ilə bağlı olmuşdur ki, qanunvericilik bu halda zərərvuran tərəfindən zərərin əvəzinin tam ödənilməsini tələb edir. Yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdeh həmin avtomobili etibarnamə əsasında idarə etmiş, başqa sözlə avtomobil onun qanuni sahibliyində olmuşdur, yol-nəqliyyat hadisəsi də məhz onun təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da o, qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. Demək ki, törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyət-zərərin əvəzini ödəmək vəzifəsi də onun üzərindədir. Belə olan halda, iddia tələbi Cavabdeh2 qanuni əsaslarla idarə etdiyi avtomobilin mülkiyyətçisi olan digər Cavabdeh1 aid hissədə təmin edilə bilməz, çünki o, mülkiyyətçi kimi məsuliyyət daşımır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh və vəkili Vəkil həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin qərardadında xəbərdar olmamış, işdə iştirak etməmişdir. Ona görə də hazırda həmin qərardaddan şikayət vermişdir. Qəza zamanı yük maşınında 12 ədəd lövhə olmamışdır. Qəzadan sonra çəkilən fotoşəkillərdə yalnız 2 ədəd lövhənin sol künclərinin cüzi zədə aldığı görünür. İddianın əsasları sübuta yetirilmir. İddiaçının nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, etirazında şikayətin rədd edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1838/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə ( hakimlər X4 (məruzəçi), X12 və X7) kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-335/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 (həm də iş üzrə digər Cavabdeh2 nümayəndəsi) apellyasiya şikayətində göstərilənlərə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İzahatında Cavabdeh1 xüsusilə qeyd etdı ki, həmin vaxt İddiaçı1 MMC-yə məxsus olan avtomaşında yalnız iki ədəd reklam lövhəsi olmuşdur. Məhkəməyə təqdim edilən qalan fotoşəkillər həmin hadisə zamanı çəkilmiş fotoşəkillər deyildir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. və 385.1.2. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-335/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən öz qərarında qeyd etmişdir ki, mülki iş materiallarında iddia ərizəsini imzalayan şəxsin buna səlahiyyətini, habelə ümumiyyətlə hüquqi şəxsin mövcud olmasını (qeydiyyata alınmasını) təsdiq edən sübutlar təqdim olunmamışdır. Bundan başqa, qeyd olunan “Mercedes-Benz Sprinter” markalı, **- JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya məxsus olması barədə (qeydiyyat şəhadətnaməsi və s.), həmin avtomobili idarə etmiş X8 ilə əlaqəsi (iddiaçı ilə bağlanmış əmək müqaviləsi və s.), yükün sifarişçi tərəfindən iddiaçıya təhvil verilməsi barədə sənəd (qaimə, akt və s.) iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, kassatorun qəza zamanı yük avtomobilində 12 ədəd reklam lövhəsinin olmadığı barədə dəlilləri də tam araşdırılmamışdır. Belə ki, iddiaçı hadisə zamanı reklam lövhələrinin korlanmasını sübut etmək üçün fotoşəkilləri təqdim etmişdir. Həmin fotoşəkillərdən birində - 83-cü səhifədə olan fotoşəklin hadisə yerində çəkildiyi görünür (hadisə yerinin panoram fraqmenti əksini tapdığına görə) və bu şəkildə avtomobildə iki lövhənin olduğu görüntülənir. Lakin 82, 84- 100-cü səhifələrdə olan fotoşəkillərdən lövhələrin zədələnməsi müəyyən olunmur. 101-ci səhifədə olan fotoşəkildə isə iddiada deyildiyi kimi 12 deyil, 6 lövhə görünür və həmin şəklin hadisə yerində çəkilməsi müəyyən olunmur. Məhkəmə kollegiyası hesab etmişdir ki, digər sürücü Rövşən Quliyevin qanunsuz hərəkəti ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında hər hansı səbəbli əlaqə olmadığı barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır və işə yenidən baxan məhkəmə kollegiyası bu halı nəzərə almalıdır. Yenidən işə baxılarkən yuxarıda qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra məhkəmənin həll etməli əsas məsələ avtomobildə neçə reklam lövhəsinin olduğunu və dəyərini araşdırmaqdır. Həmçinin cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113 2314/2021 saylı qərardadından şikayət verilmişdirsə, həmin iş üzrə cavabdehin hansı prosessual statusda tanınması və qəbul edilmiş yekun qərarın hazırki işə preyudisial təsiri araşdırılmalı və nəzərə alınmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə tam qanuni və əsaslı olmamışdır, ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1736/2022 saylı mülki iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Ali Məhkəmənin iş üzrə qərarındakı göstərişlər üzrə araşdırmalar aparan kollegiya ilk öncə bunu qeyd edir ki, hazırki iddianı qaldırmaqda və iddia ərizəsini imzalamaqda iddiaçının subyektiv hüququ olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı1 MMC-nin qanuni təmsilçisi X5r. İddia ərizəsi də məhz X9 tərəfindən imzalanmışdır. Bundan başqa məhkəmə kollegiyası digər göstərişlə bağlı qeyd edir ki, “X15” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin subicarə müqaviləsinə əsasən İddiaçı1 MMC-nin qanuni təmsilçisi X9 trəfindən X6 icarəyə verilmişdir. Həmçinin, kollegiya qəza zamanı yük avtomobilində hansı sayda reklam lövhələrinin olması hallarını aydınlaşdırarkən Ali Məhkəmənin iş üzrə qərarında ifadə etmış olduğu hüquqi mövqeni diqqətdə saxlayıb belə qənaətə gəlir ki, qəza zamanı həmin vaxt İddiaçı1 MMC-yə məxsus olan avtomaşında "xxxx" MMC-yə məxsus olan yalnız iki ədəd reklam lövhəsinə ziyan dəyməsi işin faktiki halı kimi təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə təmin oluna bilməz. Belə ki, Ali Məhkəmənin iş üzrə qərarında da qeyd edildiyi kimi, iddiaçı hadisə zamanı reklam lövhələrinin korlanmasını sübut etmək üçün fotoşəkilləri təqdim etmişdir. Həmin fotoşəkillərdən birində, 83-cü səhifədə olan fotoşəklin hadisə yerində çəkildiyi görünür (hadisə yerinin panoram fraqmenti əksini tapdığına görə) və bu şəkildə avtomobildə iki lövhənin olduğu görüntülənir. Lakin qalan fotoşəkillərdən lövhələrin zədələnməsi müəyyən olunmur. 101-ci səhifədə olan fotoşəkildə isə iddiada deyildiyi kimi 12 deyil, 6 lövhə görünür və həmin şəklin hadisə yerində çəkilməsi müəyyən olunmur. Məhkəmə kollegiyasının iclasında İzahat verərəkən Cavabdeh1 da göstərmişdir ki, həmin vaxt İddiaçı1 MMC-yə məxsus olan avtomaşında yalnız iki ədəd reklam lövhəsi olmuşdur. Məhkəməyə təqdim edilən qalan fotoşəkillər həmin hadisə zamanı çəkilmiş fotoşəkillər deyildir. Qeyd edilənlərə əsasən kollegiya bu qənaətdədir ki, qəza zamanı həmin vaxt İddiaçı1 MMC-yə məxsus olan avtomaşında "xxxx" MMC-yə məxsus olan yalnız iki ədəd reklam lövhəsi olmuş və həmin iki ədəd reklam lövhəsinə ziyan dəymişdir. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən 12 ədəd reklam lövhələrinin istehsalı üçün çəkilən ümumi xərc 8489 manat təşkil etdiyindən, kollegiya bir ədəd lövhənin dəyərini (8489:12)=707.41 manat olmaqla, iki ədəd lövhənin dəyərini 1414.83 manat məbləğində müəyyən edir (8489:12x2). Bundan başqa, kollegiya hesab edir ki, Cavabdeh1 hazırki iddiaya cavab verməli olan şəxs deyildir. Çünki, iş materiallarından müəyyən olunur ki, qəza törətmiş “Kia Optima” markalı **-BZ-*** qeydiyyat nişanlı minik avtomobili Cavabdeh1 məxsus olsa da o, həmin avtomobili xx.xx.2019-cu il tarixdə idarə etmək üçün Cavabdeh2 etibarnamə vermişdir. Yəni avtomaşın Cavabdeh2 qanuni sahibliyində olmuş və o, etibarnamə əsasında idarə etdiyi “Kia Optima” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə xx.xx.2021-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun 24-cü km-də hərəkətdə olarkən, yolun sağ tərəfində ehtiyat zolaqda dayanmış, X3 idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini arxadan vurmaqla, qəza törətmiş, həmin yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə məsuliyyətə cəlb edilərək, ona cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Cavabdeh1 qəza törətmiş “Kia Optima” markalı **-BZ-*** qeydiyyat nişanlı minik avtomobilin mülkiyyəçisi olsa da, onun hansısa delikt törətməsi müəyyən olunmur. Ona görə də irəli sürülən iddia ona aid hissədə təmin oluna bilməz. Cavabdeh2 isə baş vermiş hadisədə təqsirlidir və irəli sürülən iddianın təmini (qismən) üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. Bundan başqa, kollegiya hesab edir ki, "xxxx" MMC-nin cavabdeh İddiaçı1 MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işlə bağlı barışıq sazişinin təsdiqləndiyi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 2314/2021 saylı qərardadı hazırki işdə preyudisial əhəmiyyət kəsb etmir, çünki hazırki işdə cavabdeh olan tərəf həmin işdə tərəf olmamışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1736/2022 saylı mülki iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia tələbi Cavabdeh2 aid olan hissədə və qismən təmin edilməlidir. Bundan başqa, kollegiya qeyd edir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı1 MMC tərəfindən 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsaslnan kollegiya hesab edir ki, İddiaçı1 MMC tərəfindən 90 manat məbləğində dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib olan 18,18 manat hissəsi Cavabdeh2 alınıb, İddiaçı1 MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsaslnan kollegiya qeyd edir ki, İddiaçı1 MMC-nin bu qətnamədən kassasiya şikayəti vermək hüququ olsa da, Cavabdeh2 bu qətnamədən kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1736/2022 saylı mülki iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 1414.83 (bir min dörd yüz on dörd manat səksən üç qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 18,18 (on səkiz) manat 18 qəpik məbləğində pul tutularaq, İddiaçı1 MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasıya sistemində yaradəlan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Cavabdeh2 bu qətnamədən kassasiya şikayəti verə bilməz. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar