Məhkəmə qərarları › İş №2(104)-1391/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1391/2024

09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1391/2024 09.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(021)-1039/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 09 dekabr 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 06 aprel 2023-cü il tarixli 2023-50-04 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 illik 32 faiz olmaqla 24 ay müddətinə 5000 manat kredit verilmişdir.

2. 06 aprel 2023-cü il tarixli 2023-50-04 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh1 verilmiş kreditin təminatı kimi kreditorla Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 06 aprel 2023-cü il tarixli 2023-50-04 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5000 manat əsas, 2416 manat faiz olmaqla, cəmi 7416 manat borc, eləcədə ödənilmiş 95 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 06 aprel 2023-cü il tarixli 2023-50-04 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya illik 32 faiz olmaqla 24 ay müddətinə 5000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və 30 yanvar 2024-cü il tarixə ödənilməmiş 5000 manat əsas, 2416 manat faiz olmaqla, cəmi 7416 manat borc yaranmışdır.

5. Bərdə Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(021)-1039/2024 nömrəli (hakim G.Abbasov) qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsi; Cavabdeh1 ilə iddiaçı "xxxx" MMC-nin arasında bağlanmış 06 aprel 2023-cü il tarixli 2023-50-04 nömrəli kredit müqaviləsinə xitam verilməsi; Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5000 (beş min) manat əsas kredit borcu, 2416 (iki min dörd yüz on altı) manat faiz borcu və 95 (doxsan beş) manat dövlət rüsumu olmaqla, cəmi 7511 (yeddi min beş yüz on bir) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 425, 442, 443.1, 448.2, 449.1, 470, 471, 472, 739 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 213-214, 216-220, 222.2, 284-6.1, 357, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, kreditor tərəfindən əsas və faiz borcu düzgün hesablanmamış, birinci instansiya məhkəməsi isə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməmişdir. Müqavilə üzrə öhdəliyin icrasının son tarixi 06 aprel 2025-ci il olasada, kreditor vaxtından əvvəl borcun ödənilməsini tələb etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, apellyasiya icraatı zamanı təyin edilmiş ekspertizanın verdiyi rəylə razılaşır. Cavabdeh1 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 da iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə razıdır. X3 da sonda məhkəmə kollegiyasından ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

22. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

23. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

24. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

25. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

27. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, qətnamə borcun düzgün hesablanmamsına dair hissədə mübahisələndirilmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. İşin faktiki hallarından müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 06 aprel 2023-cü il tarixli 2023-50-04 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya illik 32 faiz olmaqla 24 ay müddətinə 5000 manat kredit verilmişdir. Eləcədə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Borcalan müqavilə üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

40. Yuxarıda da qeyd olunduğu kimi qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsada, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə borcun düzgün hesablanmaması hissədə mübahisələndirilmişdir.

41. Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə əsas, faiz, eləcədə müqavilə üzrə cəmi borcun tutulması hissələrdə dəyişdirilməlidir.

42. Belə ki, ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

43. Qətnamə borcun düzgün hesablanmaması hissədə mübahisələndirildiyindən apelliyasiya icraatı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2024-cü il tarixli 9/6949 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı "xxxx" MMC-yə 08 yanvar 2024-cü il tarixə 4900,78 manat əsas, 265,73 manat faiz olmaqla, cəmi 5166,51 manat borc qalmışdır.

45. Kreditor isə 06 aprel 2023-cü il tarixli 2023-50-04 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 5000 manat əsas, 2416 manat faiz, cəmi 7416 manat tələb etmişdir. Göründüyü kimi borc düzgün hesablanmamışdır. Kollegiya ekspert rəyini sübut növü kimi qəbul edir və belə qənaətə gəlir ki, qətnamə əsas, faiz və müqavilə üzrə cəmi borcun tutulması hissədə dəyişdirilməli, həmin hissədə əsas borc 4900,78 manat, faiz borcu 265,73 manat, müqavilə üzrə tutulmalı olan cəmi borc 5166,51 manat müəyyən edilməlidir.

46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2024-cü il tarixli 9/6949 nömrəli ekspert rəyinə əlavə olunmuş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilməlidir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 384, 392-393, 402-405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli 2(021)-1039/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni cavabdehlərdən müştərək qaydada “5000 (beş min) manat əsas kredit borcu, 2416 (iki min dörd yüz on altı) manat faiz borcu və 95 (doxsan beş) manat dövlət rüsumu olmaqla, cəmi 7511 (yeddi min beş yüz on bir) manat” tutulması hissədə dəyişdirilsin. Həmin hissədə əsas borc 4900,78 manat, faiz borcu 265,73 manat, müqavilə üzrə tutulacaq cəmi borc 5166,51 manat müəyyən edilsin. Aparılmış ekspertiza tədqiqatnın dəyəri 100 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar