Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1392/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: “alimentin artırılması” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Göygöl Rayon Məhkəməsinin 2(066)-336/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan AZE seriyalı 12845997 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 06 may 2007-ci ildə anadan olmuş Novruzov Səidin atası Cavabdeh, anası isə Novruzova Xəyalədir.
2. İş materiallarında olan AZE seriyalı 12845993 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 06 may 2007-ci ildə anadan olmuş Novruzov Fəridin atası Cavabdeh, anası isə Novruzova Xəyalədir.
3. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(066)-1042/2018 saylı qətnaməsinin sürətindən görünür ki, məhkəmənin həmin qətnaməsi ilə 06 may 2007-ci ildə anadan olmuş X3 və 01 avqust 2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi hər birinin saxlanılması üçün 16 may 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit məbləğdə 120 manat olmaqla cəmi 240 manat alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir.
4. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı müraciət etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası xərci olaraq 50 manat ödənilmişdir.
5. İşdə olan ərizədən görünür ki, Cavabdeh etiraz ərizəsində iş yeri olmadığını, maddi tələbatını ödəmək üçün gündəlik fəaliyyəti ilə məşğul olduğunu və qazancının aya 200-250 manat təşkil etdiyini, gücü çatan səviyyədə ailəsini dolandırdığı, iddiaçının ailədə müəyyən problemlərin olmasını bildiyini göstərib uşaqlarının saxlanılması üçün verdiyi cəmi 240 manat alimentin artırılaraq 260 manat olması barədə qətnamə qət olunmasını xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(066)-1042/2018 saylı qətnaməsi ilə uşaqları 06 may 2007-ci ildə anadan olmuş X3 və 01 arqust 2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün tutulub ona verilməsi qət edilmiş 120 manat, cəmi 240 manat alimentin məbləğinin artırılaraq hər ay hə uşağa görə 220 (iki yüz iyirmi) manata, cəmi 440 (dörd yüz qırx) manata çatdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(066)-1042/2018 saylı qətnaməsi ilə 06 may 2007-ci ildə anadan olmuş oğlu X3 və 01 avqust 2009-cu ildə anadan olmuş oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşağa görə hər ay 120 manat olmaqla cəmi 240 manat məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdeh uşaqlarının saxlanılmasına heç bir maddi dəstək göstərmir. O uşaqlarını maddi çətinliklə saxlayır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Göygöl Rayon Məhkəməsinin 2(066)-336/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(066)-1042/2018 saylı qətnaməsi ilə 06 may 2007-ci ildə anadan olmuş X3 və 01 avqust 2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh Verdiyeva (Novruzova) Xəyalə Saləddin qızının xeyrinə tutulan alimentin məbləği artırılaraq hər uşağa görə hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirimi) manat məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəlinin qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manatın alınaraq dövlət büdcəsinə keçirilməsi, bu qətnamənin qanuni qüvvəyə mindikdən sonra 07 iyun 2018-ci il tarixli, 2(066)- 1042/2018 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatina xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)- 336/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, hər uşağa görə hər ay 140 manat, cəmi 280 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə verdiyi izahatında göstərmişdir ki, iddiaçı Göygöl rayonu Mərkəzi xəstəxanasında sanitar (xadimə) işləyir və hər ay 440 manat məbləğində maaş alır, özü isə iddiaçıya hər ay 240 manat aliment ödəyir. Lakin məhkəmə iddiaçının işləyibişləməsini və nə qədər maaş almasını müəyyən etməyə cəhd belə etməmişdir. Aliment pulu ilə birlikdə iddiaçının hər ay 680 manat məbləğində qazancı olduğu halda məhkəmə hər uşağa görə alimentin məbləğini 40 manat artırıb. Halbuki, onun daimi iş yeri yoxdur və fərdi qaydada hər ay 200-250 manat məbləğində pulu güclə qazanır. Ona görə də hər ay alimenti ödəmək üçün borc almaq məcburiyyətində qalır. Onu da qeyd etmişdir ki, məhkəmənin digər bir qətnaməsinə əsasən 2022-ci il ildə iddiaçıya 6000 manat məbləğində kompensasiya ödəmişlər. Lakin, məhkəmə sübutlara obyektiv, qərəzsiz qiymət verməmiş, işin hallarını nəzərə almamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və hər uşağa görə hər ay 140 manat, cəmi 280 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq qeyd etdi ki, Göygöl rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən uşaqları Səidin və Fəridin saxlanılmaları üçün hər ay cəmi 240 manat aliment ödəyir, iş yeri olmadığına görə, maddi tələbatını ödəmək üçün gündəlik fəaliyyəti ilə məşğul olur qazancı aya 200-250 manat təşkil edir. İddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur, cəmi 280 manat aliment verə bilər. Sonda apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və hər uşağa görə hər ay 140 manat, cəmi 280 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
18. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanun:
19. Maddə 5 - dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
20. Maddə 8 - hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
21. Maddə 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır.
22. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. Maddə 112.1.3. Aliment alınması haqqında iddianın qiyməti bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edilir.
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə qərarı əsaslı olmuşdur.
35. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə üzrə 2023-cü ildə bir uşağın aylıq minimum dolanacaq xərcləri 220 manat müəyyən olunmuşdur. Həmçinin, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan əlavə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli Qərarının 8.2 bəndində məhkəmə qərara almışdır ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
36. Mülki işin materiallarında olan sübutlara əsasən işin faktiki halları kimi müəyyən edilir ki, tərəflərin nikah münasibətlərindən 06 may 2007-ci ildə Səid və 01 avqust 2009-cu ildə Fərid adlı iki uşaqları anadan olmuşdur. Göygöl Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(066)-1042/2018 saylı qətnaməsi ilə 06 may 2007-ci ildə anadan olmuş X3 və 01 avqust 2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi hər birinin saxlanılması üçün 16 may 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit məbləğdə 120 manat olmaqla cəmi 240 manat aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin məbləğlə uşaqların tələbatını ödəyə bilmədiyindən alimentin artıtılması barədə iddia ilə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir.
37. Cavabdeh rəsmi heç bir yerdə işləmədiyini, fərdi əməklə məşğul olduğunu, aylıq gəlirinin 200-250 manat olduğunu qeyd edərək, qətnaməni mübahisələndirmiş, qətnamənin dəyişdirilməsini və uşaqların saxlanılması üçün cəmi 280 manat aliment təyin olunmasını xahiş etmişdir.
38. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin azaldılmasına əsas vermir. Çünki, artıq yuxarıda qeyd edildiyi kimi, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. İş materiallarından müəyyən olunur ki, cavabdehin əlilliyi yoxdur, o əmək qabiliyyətlidir. Bir uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Məhkəmə isə 160 manat məbləğində, yəni, uşağın aylıq minimum tələbatı olan 220 manat məbləğindən 60 manat daha aşağı məbləğdə aliment təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış və uşağın aylıq minimum tələbatından daha aşağı olan məbləğdə aliment təyin etmişdir. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirimi) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Verdiyeva (Novruzova) Xəyalə Saləddin qızına verilməsi barədə qərar qəbul edərkən, aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış olduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilərək, müəyyən olunmuş aylıq alimentin məbləğinin daha da azaldılması üçün əsas hesab edilə bilməz.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-336/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, məhkəmənin artırmış olduğu (320-240)=80 manat aylıq alimentin bir illik məcmusu (80 manat x 12ay)=960 manat məbləğini təşkil edir. Göründüyü kimi, həmin məbləğ 5000 manatdan aşağı məbləğdir, ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-336/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.