Məhkəmə qərarları › İş №2(104)-1393/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1393/2025

01.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1393/2025 01.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi; əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(042)-569/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 01 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh 06 oktyabr 2024-cü il tarixdə “Khazar Samand” markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər etmək hüququ ilə İddiaçı vetibarnamə vermişdir;

2. Zəngilan Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 16(034)-1/2025 saylı qərardadından görünür ki, X1 mülkiyyətində olan, buraxılış ili 2018-ci il olan, mühərrik nömrəsi göstərilməmiş, BAN nömrəsi NVABA1HHFJF500134, “Khazar Samand” minik markalı, **-DH-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması və avtomobildən istifadə edilməsinin cavabdeh İddiaçı və başqa şəxslərə qadağan edilməsi; «KHAZAR SAMAND” minik markalı, **-DH- *** dövlət nömrə nişanlı avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən saxlanılaraq, duracağa yerləşdirilməsi qərara alınmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə, habelə idddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ildə Jiquli markalı maşınını 3500 manata satmış, yeni avtomobil almaq istəmişdir. Bu məqsədlə də 3500 manatdan əlavə 4000 manat borc edərək, cəmi, 7500 manat götürüb kürəkənilə birlikdə 06 oktyabr 2024-ci il də Sumqayıt şəhər avtomobil satışı bazarına getmişdir.Bazarda Khazar-Samand minik avtomobilinə baxaraq almaq istəmiş, avtomobilin sahibinə yaxınlaşaraq, neçəyə satılmasını və avtomobilin vəziyyəti barədə maraqlanmışlar. Avtomobili görüb bəyəndikdən sonra sahibi ilə maşını almağa razılaşmışlar. Onlar maşının sahibi Cavabdeh ilə birlikdə 1 saylı Sumqayıt Şəhər Regional Asan Xidmətə gedərək, etibarnamə əsasında maşını alqısatqı etmiş, cavabdehə 7500 manat vermişdir.12 noyabr 2024-ci il tarixdə ona məlum olmuşdur ki, etibarnamə ləğv edilmişdir. Bununla əlaqədar o, cavabdehə zəng etmiş, cavabdeh bildirmişdir ki, etibarnaməni o, ləğv etməmişdir. Bundan sonra Zəngilan Rayon Məhkəməsinin qərardadı ilə avtomobilə həbs qoyulmuş, avtomobil ondan alınmış və X3 verilmişdir. O, dəfələrlə cavabdehdən pulu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, pulu qaytarmamışdır.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmiş, izahat verərək bildirmişdir ki, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomabili 06 oktyabr 2024-cü il tarixdə iddiaçıya 7500 manata satmış, lakin iddiaçı ilə alğı-satqı müqaviləsi bağlamamış, abvtomobili sərəncamvermə hüququ verilməklə etibarnamə ilə iddiaçıya vermişdir. Lakın iddaçı həmin vaxtdan keçən müddət ərzində avtomobili öz adına sənədləşdirməmiş, Namiq Cəbrayılov etibarnaməni ləğv etdikdən sonra məhkəmə qərarı ilə avtomobilin üzərinə həbs qoyulmuş, avtomobil iddiaçıdan alınmış və duracağa yerləşdirilmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

6. Gədəbəy Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(042)-569/2025 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilərək, Cavabdeh 7500 manat və ödənilmiş 96 manat dövlət rüsumunun əvəzi, cəmi 7596 manat alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2, 385.1, 389.1, 567, 572.1, 573.1, 1091.1 və 1091.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ** DH *** dövlət qeydiyyat nişanlı “Khazar Samand” markalı avtomobili aralarında olan şifahi razılaşmaya (alqı-satqı əsasında) əsasən X4 7500 manata almış və X6 tərəfindən həmin avtomobilə dair xx.xx.2024-cü il tarixdə adına notarial qaydada etibarnamə verilmişdir. Bundan sonra, X4 etibarnamə əsasında aldığı və qanuni sahibliyində və faktiki mülkiyyətində olan avtomobilin əsaslı təmiri üçün ən azı 2000 manat məbləğində əlavə pul xərcləmişdir. Daha sonra, ailə vəziyyəti ilə əlaqədar təcili pul lazım olduğu üçün X4 etibarnamə əsasında aldığı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili aralarında olan şifahi razılığa əsasən 06 oktyabr 2024cü il tarixdə İddiaçı satmış və həmin avtomobili notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq İddiaçı adına rəsmiləşdirməyi bildirsə və avtomobili adına rəsmiləşdirməməyin riskləri barədə həmin şəxsə məlumat versə də, lakin İddiaçı avtomobili öz adına rəsmiləşdirməkdə maraqlı olmamış və həmin şəxs onun adına yalnız etibarnamə verməyini bildirmiş və həmin minik avtomobili sonra öz adına rəsmiləşdirəcəyini qeyd etmişdir. Bundan sonra, tərəfindən həmin minik avtomobilə dair sərəncam hüququ qeyd olunan notarial qaydada təsdiq edilmiş mülki etibarnamə verilmişdir. Eyni zamanda, bildirir ki, avtomobili İddiaçı satan zaman avtomobil üzərində heç bir həbs və ya qadağa olmamışdır və faktiki alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq və avtomobil alqısatqısı ilə bağlı formalaşmış real praktikaya və qaydalara uyğun olaraq tərəfindən tam icra edilmişdir. Həmçinin, iddiaçı SəfərovSadətdin Əfqan oğlu maşını alarkən həmin minik avtomobilin texniki pasportda X1 adına olması barədə məlumatlı olmuş və sonradan İddiaçı həmin avtomobili öz adına rəsmiləşdirmədiyindən X5 tərəfindən sözügedən minik avtomobilə dair verilmiş bütün etibarnamələr ləğv edilmişdir. Bu səbəbdən də, hesab edir ki, iddia tələbi ona qarşı deyil, X3 qarşı irəli sürülməlidir. Belə ki, sözügedən minik avtomobili X2 adından etibarnamə əsasında satmış və bu hal mülki qanunvericiliyin tələblərinə zidd deyildir. Həmçinin, etibarnamələrin ləğvi onun təqsiri və günahı ucbatından baş verməmişdir və İddiaçı ilə aralarında olan faktiki alqı-satqı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etmiş və sözügedən minik avtomobili aralarında olan razılığa uyğun olaraq qanunvericiliyə uyğun şəkildə İddiaçı faktiki mülkiyyətinə vermişdir. İddiaçı ilə aralarında minik avtomobilin şifahi qaydada alqı-satqısı əsassız varlanmanı istisna edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

14. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

15. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsız hesab olunur.

16. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

17. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

18. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

19. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, “Khazar Samand” minik markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olmuşdur. xx.xx.2024-cü il tarixli etibarnamə ilə avtomobilin mülkiyyətçisi X5 təmsilçisi Cavabdeh vasitəsilə “Khazar Samand” minik markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq ərizə vermək səlahiyyətlərini 9 ay 1 gün müddətinə etibarnamə əsasında İddiaçı vermişdir. İddiaçı və Cavabdeh öz aralarında əldə etdiyi şifahi razılığa görə, cavabdeh etibarnamə əsasında sahiblik və istifadə etdiyi “Khazar Samand” minik markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili 7500 manat pul müqabilində iddiaçıya satmışdır. İddiaçı tərəfindən cavabdehə 7500 manat pul verilmiş, cavabdeh öz növbəsində qeyd olunan avtomobilə dair sərəncam hüququ da daxil olmaqla iddiaçının adına notariat qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Beləliklə, tərəflər arasında faktiki alqı-satqı münasibətləri yaranmış və cavabdeh sözügedən avtomobili iddiaçının sahiblik və istifadəsinə vermişdir. Sonradan avtomobilin mülkiyyətçisi X5 avtomobilə dair verilmiş etibarnamələri ləğv etdirmiş, daha sonra isə müvəqətit təminat tədbirinin tətbiqi barədə məhkəmə qərardadı avtomobil İddiaçı sahiblik və istifadəsindən alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin duracağına yerləşdirilmişdir. Ona görə də iddiaçı avtomobilin faktiki alqı-satqısına görə ödədiyi vəsaitin qaytarılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

33. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

34. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə əsas tələb iddiaçının ödəmiş olduğu pulun cavabdehdən tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir.

35. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

36. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.

37. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər.

38. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur.

39. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, tərəflər öz aralarında əldə etdikləri razılığa görə Cavabdeh sərəncam hüququ da daxil olmaqla sahiblik və istifadəsində olan “Khazar Samand” minik markalı ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili 7500 manat pul müqabilində etibarnamə əsasında iddiaçıya satmış, iddiaçı tərəfindən də bu məqsədlə cavabdehə 7500 manat pul verilmişdir. Cavabdeh də öz növbəsində qeyd olunan avtomobilə dair sərəncam hüququ da daxil olmaqla iddiaçının adına xx.xx.2024-cü il tarixdə 9 ay 1 gün müddətinə notariat qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Sonradan avtomobilin mülkiyyətçisi N.Cəbrayılov tərəfindən avtomobilə dair verilmiş etibarnamələr ləğv edildiyindən avtomobilin iddiaçının adına qeydiyyata alınması mümkün olmamış və həmin avtomobil iddiaçının sahiblik və istifadəsindən alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin duracağına yerləşdirilmişdir

40. Beləliklə, mövcud nəticə iddiaçı və cavabdeh arasındakı münasibət üzrə gözlənilən məqsədə uyğun olmamış, nəticə etibarı ilə iddiaçı həm avtomobildən, həm də avtomobilə görə ödəmiş olduğu 7500 manat vəsaitdən məhrum olmuşdur. Bir sözlə, cavabdeh iddiaçının hesabına həmin məbləğdə əsassız varlanmışdır. Tərəflər arasında həmin pulun verilməsi ilə bağlı qanuni əsas və ya etibarlı müqavilə əsası mövcud olmamışdır.

41. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur.

42. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 06 may 2025-ci il tarixli 2(042)-569/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar