Məhkəmə qərarları › İş №2(104)-1394/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1394/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1394/2023 06.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Niftəliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(052)-54/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan Şəhər Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(052)-42/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq 13 iyul 2005-ci il təvəllüdlü X7, 30 iyun 2006-cı il təvəllüdlü X5, 10 fevral 2009-cu il təvəllüdlü X3 və 21 noyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində hər uşağa 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 1000 (min) manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(052)-54/2023 saylı qətnaməsi ilə (hakim A.Səlimov) iddianın qismən təmin edilməsi, Naftalan Şəhər Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(052)-42/2018 saylı qətnaməsi ilə 13 iyul 2005ci il təvəllüdlü X7, 30 iyun 2006-cı il təvəllüdlü X5, 10 fevral 2009-cu il təvəllüdlü X3 və 21 noyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində müəyyən edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq alimentin artırılmış məbləğinin hesablanmasına başlanılması qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsini, məhkəmədə cavabdehə aid müəyyən ediləcək hallar, onun sübutları əsasında və iddia ərizəsinə etirazına uyğun miqdarda alimentin məbləğinin artırılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naftalan Şəhər Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(052)-42/2018 saylı qətnaməsinə əsasən 13 iyul 2005-ci il təvəllüdlü X13, 30 iyun 2006-cı il təvəllüdlü X11, 10 fevral 2009-cu il təvəllüdlü X10 və 21 noyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən hər uşaq üçün 90 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda 90 manat aliment məbləği ilə uşaqlarını saxlamaqda çətinlik çəkir. Uşaqların gündəlik tələbatları çoxalır. Cavabdeh uşaqlara əlavə heç bir köməklik göstərmir. O, özü işsizdır. Cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğuldur və aylıq qazancı çox yüksəkdir. Cavabdeh sanatoriya işlədir və bundan başqa mağazalara pivə paylamaq fəaliyyəti ilə məşğuldur. Cavabdehin uşaqların saxlanmsı üçün hər ay hər uşağa 250 manat, ümumilikdə 1000 manat aliment ödəməyə imkanı çatır. Mülki iş materiallarında olan: Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 579523 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 13 iyul 2005- cı il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 717740 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 30 iyun 2006-cı il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 203862 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 10 fevral 2009-cu il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 579523 saylı doğum haqqında şəhadətnamənin ksero surətindən görünür ki, X14 21 noyabr 2014-cü il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası İddiaçı göstərilmişdir; Naftalan Şəhər Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(052)-42/2018 saylı qətnaməsinin surətindən görünür ki, 13 iyul 2005-ci il təvəllüdlü X16, 30 iyun 2006-cı il təvəllüdlü X11, 10 fevral 2009-cu il təvəllüdlü X10 və 21 noyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 yanvar 2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşaq üçün 90 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Naftalan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV№ 649844 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə anadan olmuş, onun ata qrafasında atası Cavabdeh, ana qrafasında isə anası X4 göstərilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********413800 №-li məktubundan görünür ki, Cavabdeh (VÖEN : **********) fiziki şəxs kimi fəaliyyətini dayandırmışdır. X1 Sistemindən əldə edilmiş Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh 01 mart 2023-cü il tarixdən işsiz kimi qeydiyyatdadır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh qətnamə ilə müəyyən edilmiş alimenti ödəməyə maddi vəziyyətinin imkan verməməsi ilə bağlı sübutları məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim olunmuş sübutlardan da görünür ki, cavabdehin ilk nikahından doğulmuş 4 uşaqdan əlavə ikinci ailəsindən doğulmuş 1 azyaşlı uşağı da vardır. Cavabdehin iş yeri və sabit qazanc mənbəyi yoxdur. Naftalan Şəhər Məhkəməsinin hazırkı şikayət edilən qətnaməsi ilə hər ay bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 4 uşaq üçün 600 (altı yüz) manat alimentin ödənilməsinin müəyyən edilməsi cavabdeh üçün ciddi problemlər yaratmaqla onun maddi vəziyyətinin pisləşməsinə, gələcəkdə alimenti ödəyə bilməməsinə, onun inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinə zəmin yaratmasına, məhkəmənin cavabdehin 2-ci ailəsinin və azyaşlı uşağının vəziyyətinin nəzərə almamasına və digər uşağın hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Naftalan Şəhər Məhkəməsi mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Qətnamə qanunauyğun deyildir, obyektiv həqiqəti, işin faktiki hallarını əks etdirmir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticələrin faktiki əsasları məhkəmənin özünün subyektiv mülahizələri olduğu üçün formaldır və qanunların ziddinədir. İşin müəyyən edilmiş hallarından görünür ki, Naftalan Şəhər Məhkəməsinin 2(052)-54/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 13 iyul 2005-ci il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 600 (altı yüz) manat alimentin məbləği müəyyən edilərkən məhkəmə cavabdehin ailə vəziyyətini, himayəsində başqa nikahdan 1 azyaşlı uşağının olmasını nəzərə almamışdır. Tərəflər uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasında bərabər vəzifə daşıyırlar. İddiaçı öz tələbini alimentin miqdarı müəyyən olunarkən ailə vəziyyətinin, iş yeri və sabit qazanc mənbəyinin olmamasının nəzərə alınması ilə əsaslandırmışdır. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini qeyd edib, əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı ilə birgə nikahdan olan uşağına baxmaq tək onun borcu deyildir. Anasınında borcudur ki, işləyib uşağına baxsın. Müəyyən olunmuş aliment məbləği 150 (yüz əlli) manat həddində olarsa ödəməyə imkanı olmayacaq. Hər uşağa görə hər ay 110 manat məbləğində aliment ödəyə bilər. Məhkəmənin suallarına cava olaraq isə bildirdi ki, o, sahibkar deyil, işçi kimi sahibkarın yanında işləyir. Aylıq gəliri 700-800 manat məbləğində olur. Qış aylarında isə gəliri daha az olur. İddiaçı özü də Naftalan şəhər xəstəxanasında işləyir və əmək haqqı alır. Həmçinin bildirdi ki, o, yenidən evlənməklə rəsmi nikaha dazxil olmuşdur. Onun yeni nikahında 8 aylıq uşağı vardır. Göstərilənləri nəzərə alınaraq hər ay hər uşağa görə 110 manat miqdarda alimentin məbləğinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh sahibkarlıqla məşğuldur və yüksək qazanc əldə edir. Bundan əlavə Cavad adlı uşaqları 2005-ci il təvəllüdlü olmaqla növbəti ay 18 yaşı olacaqdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, sonuncu qətnamənin əsaslığını iddia tələbinin təmin olunmuş hissəsini mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 24 iyul 2005-ci il tarixdə nikahlarını rəsmi olaraq qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahından 13 iyul 2005-ci il təvəllüdlü X13, 30 iyun 2006-cı il təvəllüdlü X11, 10 fevral 2009-cu il təvəllüdlü X10 və 21 noyabr 2014-cü il təvəllüdlü X14 doğulmuşdur. Sonrada onların nikahı 17 dekabr 2018-ci ildə nikahları pozulmuşdur. Naftalan Şəhər Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(052)-42/2018 saylı qətnaməsinə əsasən 13 iyul 2005-ci il təvəllüdlü X13, 30 iyun 2006-cı il təvəllüdlü X11, 10 fevral 2009-cu il təvəllüdlü X10 və 21 noyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən hər uşaq üçün 90 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda iddiaçı Naftalan Şəhər Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2(052)-42/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin uşaqların tələbatını ödəməyə kifayət etməməsi əsası ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh aylıq gəlirinin 700-800 manat olmasını, yenidən nikaha daxil olmasını və həmin nikahdan başqa uşağının olmasını əsas gətirərək, qətnaməni mübahisələndirmiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, apellyatorun dəlilləri məhkəmənin müəyyən etdiyi aylıq aliment məbləğinin azaldılmasına əsas vermir. Çünki, aliment ödəməyə borclu olan əmək qabiliyyətli valideyn özünün yetkinlik yaşına çatmayan uşağını saxlamaq və uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsi daşıyır. Bir uşağın aylıq minimum tələbatı isə qeyd edildiyi kimi 220 manat müəyyən edilmişdir. Məhkəmə isə 150 manat məbləğində, yəni, uşağın aylıq minimum tələbatı olan 220 manat məbləğindən daha az 70 manat məbləğdə aliment təyin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi aliment ödəməyə borclu olan valideynin maddi və ailə vəziyyətini nəzərə almış və uşağın aylıq minimum tələbatından daha aşağı olan məbləğdə aliment təyin etmişdir. Məhkəmə kollegiyası cavabdehin iddiaçının da uşağın saxlanmasında iştirak etməli olması ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə uşaqlar üçün 2023-ci il üzrə müəyyən edilmiş 220 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, digər xərclərin də yaranması qaçılmazdır. Digər xərclər isə uşağın himayəsində olduğu valideynin üzərinə düşür. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında da göstərilən hüquqi mövqeyə əsasən uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər uşaq üçün 150 manat məbləğində müəyyən olunması uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Naftalan Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(052)- 54/2023 saylı qətnaməsi apelyyasiya şikayətinə əsasən yoxlanılan hissədə yəni, iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 2880 manat təşkil etdiyindən qətnamədən kassasiya şikayəti verilmə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402.1, maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(052)-54/2023 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar