Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1395/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borc tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-253/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK 9007312A176 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 59 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8.816,23 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin kassasından 8.816,23 manat məbləğində pulu qəbul etmişdir.
3. xx.xx.2023-cü il tarixli RGTK 9007312A176 nömrəli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh 59 ay müddətində ödəniş etməyi öhdəsinə götürmüşdür.
4. 15 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli RGTK 9007312A176 saylı kredit müqaviləsinə əsasən 8264.69 manat əsas borc və 837.17 manat faiz borcu olmaqla, cəmi 9101.86 manat borcu yaranmışdır.
5. 25.12.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən borcalan Cavabdeh yaranmış borc barədə məlumat verilmiş, borc qaytarılmadığı təqdirdə müvafiq tədbir görüləcəyi ilə bağlı məlumat verilmişdir. Bildirişə əlavə edilmiş poçt göndərişlərinin siyahısından görünür ki, müvafiq bildiriş borclunun ünvanına göndərilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6950 nömrəli ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK 9007312A176 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə maliyyə arayışında göstərilən tərixədək, yəni xx.xx.2024-cü il tarixədək İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 8.383,37 manat və faiz borcu üzrə 783,38 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 8264.69 manat əsas, 837.17 manat faiz borcu olmaqla, cəmi 9101.86 manat pul vəsaitinin və 111.02 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK 9007312A176 saylı kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 8264.69 manat əsas, 837.17 manat faiz, cəmi 9101.86 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Buna görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-253/2024 nömrəli qətnaməsi ilə (hakim Tərifə Kərimova), iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK 9007312A176 saylı kredit müqaviləsinə əsasən 8264.69 manat əsas borc, 837.17 manat faiz borcu olmaqla, cəmi 9101.86 manat (doqquz min yüz bir manat, səksən altı qəpik) borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 111.02 manat pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 739.1 və 739.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-230, 227, 284, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1 və 357-360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-253/2024 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, RGTK 9007312A176 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 8264.69 manat, faiz borcu 837.17 manat və ödənilmiş 111.02 manat dövlət rüsumu, tutularaq iddiçının xeyrinə tutulması qət edilmişdir. Nəzərinizə çatdırmaq istəyir ki, kreditor tərəfindən ona kredit verilməmişdən öncə onun fəailiyyəti ətraflı öyrənilmişdir və İddiaçı ASC-nin təyin etdiyi mütəxəssis tərəfindən ona ayrılan kreditin vaxtında qaytaracağı imkanında olduğu müəyyən edilmişdir. Bu müddət ərzində sosial vəziyyətində ailələrinə gözləmədiyi geriləmələr olmuş və o bu barədə kreditoru məlumatlandırmışdır. Gəlirlərinin azalması onun ödənişləri vaxtında aparmağına da təsir etmiş və müqavilədə nəzərdə tutulmasa da bu hal ondan asılı olmayan hal kimi nəzərə alınmalıdır. Birinci instansiyası məhkəməsi cavabehin haqlı tələblərinə məhəl qoymamış və mühasibatlıq ekspertiza keçirilməsinin təmin olunmasına cəhd göstərməmişdir. Hesab edir ki, mühasibatlıq ekspertizası keçirilməli və ödədiyi məbləğin əsas məbləğdən yox faizdən silinməsi sübut olunmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İş üzrə İddiaçı ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Həmçinin, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
21. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
22. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
24. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
26. Maddə 742.1.Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
39. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
45. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
46. Belə ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 8264.69 manat əsas, 837.17 manat faiz borcu olmaqla, cəmi 9101.86 manat pul vəsaitinin və 111.02 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
47. Göründüyü kimi, iddiaçı tərəfindən qaldırılmış iddianın qiyməti 5.000 manatdan yuxarı, yəni 9.101,86 manat miqdarındadır. Lakin, hazırki mülki işə baxmış olan birinci instansiya məhkəməsi qeyd olunan halı nəzərə almamış və prosessual hüquq normalarını pozaraq mülki işə iddia icraatı qaydasında baxmalı olduğu halda, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxmışdır.
48. Halbuki, Azərbaycan Respublikasının MPM-in 284-1-ci maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.
50. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslardan biridir.
51. Birinci instansiya məhkəməsinin tətbiq edilməli olan qanunu tətbiq etməməsi, Azərbaycan Respublikasının MPM-in 386-cı maddəsinə görə, maddi hüquq normalarının pozulması sayılır.
52. Qeyd olunanlara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalıdar.
53. İddia tələbinin hüquqi mahiyyəti ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.
54. Beləliklə, işin halları ondan ibarətdir ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK 9007312A176 nömrəli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana illik 20 faiz dərəcəsi ilə, 59 ay müddətinə 8.816,23 manat məbləğində kredit verilmişdir. Lakin, borcalan kredit müqaviləsinin tələblərini pozmuş və üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Nəticədə onun kreditora borcu yaranmışdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
56. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
57. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
58. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
59. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
60. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
61. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
62. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.
63. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit xətti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
64. Məhkəmə kollegiyası tərəfindən borcun məbləğinin düzgün müəyyən edilməsi üçün iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/6950 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK 9007312A176 saylı kredit müqaviləsinə əsasən Cavabdeh kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə maliyyə arayışında göstərilən tərixədək, yəni xx.xx.2024-cü il tarixədək İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 8.383,37 manat və faiz borcu üzrə 783,38 manat təşkil edir.
65. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
66. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
67. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də cavabdehdən tutulmalı olan faiz borcunun məbləği ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir.
68. Eyni zamanda məhkəmə kollegiyası ekspert rəyində əsas borc məbləğinin tələb olunan həddən çox göstərilməsi ilə bağlı qeyd edir ki, cavabdehdən tutulmalı olan əsas borcun məbləği iddia tələbində qeyd olunan həcmdə müəyyən edilməlidir. Çünki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
70. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
71. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
72. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
75. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
76. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.
77. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 111.02 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli və 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 382, 386, 393 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(058)-253/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 8.264,69 (səkkiz min iki yüz altmış dörd manat altmış doqquz qəpik) manat əsas borc, 783,38 (yeddi yüz səksən üç manat otuz səkkiz qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 111.02 (yüz on bir manat iki qəpik) manat, cəmi 9.159,09 (doqquz min yüz əlli doqquz manat doqquz qəpik) manat məbləğində pul alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tululub SAP (XİİS), X2, kod210005, VÖEN**********, m/h Az41NABZ**********0000003944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.