Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1397/2024 15.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh və onun vəkili X1 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən torpaq sahəsi almaq üçün verdiyi 12000 ABŞ dolların, sərəncam alması üçün verdiyi 1500 ABŞ dolların və torpağın hasarına xərclədiyi 4000 manat məbləğində pulun, 171 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilmiş və Cavabdeh 13500 (on üç min beş yüz) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 158 (yüz əlli səkkiz) manat 85 (səksən beş) qəpik pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarını tam, hərtərəfli, obyektiv araşdırmamışdır. Əvvəldən bu iddia ona qarşı deyil torpaq alveri ilə məşğul olan Arif adlı şəxsə qaldırılmışdır. Sonradan onlar iddianı ona qarşı qaldırmışlar. O, Nizamiyə 2 torpaq vermişdir. Nizami ona bu 2 torpağa görə 12000 ABŞ dolları verməli idi. O isə ona 8000 ABŞ dolları verib pulun yerdə qalanını verməmişdir. Nizami onun ona verdiyi torpaqları satmışdır. Bu gün iddiaçı ondan aldığı 4000 ABŞ dollarını vermədiyi torpaqları satıb ondan pul istəyir. Halbuki torpağı satıb iki qat pul qazanan şəxs əgər ondan pul istəyirsə torpağını geri qaytarmalıdır. Məhkəmə işdə şahid kimi X3 şahid qismində verdiyi ifadəyə istinad etmişdir. Halbuki şikayətə əlavə etdiyi şahid X3 xx.xx.2023-cü ildə Gəncə Şəhər Məhkəməsinin hakimi Mustafa Mustafayevə yazdığı etiraz ərizəsində ona pul vermədiyini bildirmişdir. Belə olan halda şahidin izahatının sübut kimi qəbul edilib, ondan 13500 ABŞ dolarının tutulmasının hüquqi əsası yoxdur. Ona verilən pul 12000 ABŞ dolları yox, 8000 ABŞ dolları məbləğindədir. Məhkəmə isə bu halı tam araşdırmadan iddianı təmin etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, şifahi razılaşama ilə Nizamiyə 2 torpaq sahəsini 12000 ABŞ dollarına satmış, iddiaçı ona 8000 ABŞ dolları verib, 4000 ABŞ dolları borcu qalmışdır. Torpaq sahəsinin hüquqi sənədi olmamışdır. İddiaçının həyat yoldaşı əvvəlcə Arif Həsənova qarşı pul tələbinə dair iddia qaldırmış, hazırda isə ona qarşı iddia qaldırmışdır və bu baxımdan o, maraqlı şəxs olduğu üçün ifadəsi qəbul edilə bilməz. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)- 1158/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh vəkili X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, cavabdehə mübahisə edilən torpaq sahəsi ilə bağlı 12000 ABŞ dolları, əlavə olaraq 1500 ABŞ dolları da sərəncam almaq üçün vermişdir.Lakin cavabdeh torpaq sahəsini sənədləşdirməmiş və sonradan məlum olmuşdiur ki, həmin torpaq sahəsi başqasına aiddir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)- 1158/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsi dəyişdirilməli və Cavabdeh 8000 (səkkiz min) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul və ödənilmiş 158 manat dövlət rüsumunun 110 manatı alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apelyasiya şikayətində Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, apelyasiya şikayətinin dəlillərində əslində iddianın təmin olunmuş hissəsini mübahisələndimiş, iddianın təmin olunmayan hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı cavabdehdən torpaq sahəsi almaq üçün verdiyi 12000 ABŞ dolların, sərəncam alması üçün verdiyi 1500 ABŞ dolların və torpağın hasarına xərclədiyi 4000 manat məbləğində pulun, 171 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, Cavabdeh 13500 (on üç min beş yüz) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 158 (yüz əlli səkkiz) manat 85 (səksən beş) qəpik pul tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Azərbaycan Respublikası MPM-nin: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericilyin mənasına görə, subutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutları düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının ona 8000 ABŞ dolları pul verdiyini göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı 13500 ABŞ dolları məbləğində təmin edərkən şahid qismində dindirilmiş X3 ifadəsinə əsaslanmışdır. Belə ki, şahid qismində dindirilmiş X5 ifadəsinə göstərmişdir ki, Nizamini uzun müddətdir tanıyır, qonşu kəndlisidir, münasibətləri yaxşıdır. Səyadı makler kimi tanıyır. 2011-ci ilin sentyabr ayının əvvəlində Səyad 2 torpaq sahəsini satdığını bildirmişdir. O, Nizamiyə torpaq sahələrinin satıldığını demiş, Nizami isə həmin torpaq sahələri üçün onun yanında 12000 ABŞ dolları pulu Səyada vermişdir. Daha sonra Nizami Səyada tikintiyə icazə almaq üçün 1500 ABŞ dolları, çıxarış almaq üçün sənədləşdirməyə görə 3600 manat pul vermişdir. Torpaq sahəsi satın almaq barədə danışıq məktəbdə dərs ili başlamazdan əvvəl olmuş, 12000 ABŞ dolları pul isə məktəbdə dərs ili başladıqdan sonra verilmişdir. Nizaminin verdiyi pulları o, sayıb əlbəəl Səyada verdiyi üçün pulların məbləğini və məzənnəsini dəqiq bilir. Onun iştirakı olduğu üçün pulların alınıb-verilməsi vaxtını xatırlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə şahid X3 ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Belkə ki, o, hazırkı iş üzrə maraqlı şəxs olmaqla, həm də onun ifadəsi digər sübut növləri ilə öz təsdiqini tapmır. Göründüyü kimi, iddiaçı cavabdehə 13500 ABŞ dolları məbləğində pul verməsi barədə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Bununla belə, Cavabdeh iddiaçıdan 8000 ABŞ dolları pul alması onun izahatı ilə təsdiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Birinci instansiya məhkəməs isə işin həmin hallarına düzgün hüquqi qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydılaşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarıa uyğun olmamışdır ki, bu hallar isə qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissədə dəyişdirilməli, Cavabdeh 8000 (səkkiz min) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul və ödənilmiş 158 manat dövlət rüsumunun 110 manatı Cavabdeh alınaraq tutularaq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apllyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(125)-1158/2024 nömrəli qətnaməsi iddianın qismən təmin edilmiş hissədə dəyişdirilsin. Cavabdeh 8000 (səkkiz min) ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) pul və ödənilmiş 158 manat dövlət rüsumunun 110 manatı alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1397/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1397/2024
15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver