Məhkəmə qərarları › İş №2(104)-1400/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1400/2024

25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1400/2024 25.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-358/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-622/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 08 yanvar 2008-ci ildə Göygöl rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmiş 01 saylı nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş 21 oktyabr 2008-ci il təvəllüdlü X9, 23 aprel 2011-ci il təvəllüdlü X7 və 02 sentyabr 2012-ci il təvəllüdlü X10 anaları İddiaçı yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 50 (əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

2. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 178452 nömrəli, AZ-İİ seriyalı, 649859 nömrəli və AZ-İİ seriyalı, 919260 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Leyla, xx.xx.2011-ci il tarixdə Nərmin və xx.xx.2012-ci il tarixdə Elvin adlı uşaqları doğulmuşdur. Valideynləri - atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir.

3. İş materiallarına əlavə edilmiş 19 yanvar 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiyaya dair xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 oktyabr 2008-ci il tarixdə anadan olmuş X4, 23 aprel 2011-ci il tarixdə anadan olmuş X2 və 02 sentyabr 2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər bir uşağa görə 50 (əlli) manat, cəmi 150 (bir yüz əlli) manat qət edilən alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment müəyyən edilməklə onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl Mediasiya şurasına alimentin artırılması tələbinə dair müraciət etmişdir. Mediasiya reyestrində MŞG1MT007/2023 nömrə ilə qeydiyyatdan keçmişdir. Cavabdehin təşkilatda iştirak etməməsinə görə ona 19 yanvar 2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. 2008-ci ildə Cavabdeh ilə rəsmi nikahlarını qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından 21 oktyabr 2008-ci il təvəllüdlü X9, 23 aprel 2011-ci il təvəllüdlü X7 və 02 sentyabr 2012-ci il təvəllüdlü X10 adlı 3 nəfər uşaqları anadan olmuşdur. Uşaqlar həmin vaxtdan özünün öhdəsində yaşayır. Məhkəmənin 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah qeydiyyatı pozulmuş və 3 nəfər uşağın yetkinlik yaşına çatana qədər saxlanmalarına görə cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 50 manat, cəmi 150 manat aliment qət edilmişdir. Hər uşağa 50 manat aliment məbləği uşaqlarının tələblərini heç ödəmir. Uşaqların gündəlik tələbatı üçün xeyli miqdarda pul tələb olunur. Həmçinin uşaqlar məktəbə və hazırlıqlara gedir. Qət olunan 50 manat məbləğ uşaqların ehtiyaclarını ödəmir. Uşaqlarına baxa bilmir. Özünün isə maddi vəziyyəti olduqca ağırdır. Heç bir yerdə işləmir, başqa gəliri yoxdur. Özü uşaqları ilə birgə kirayədə yaşayır. Cavabdeh isə Rusiya Federasiyasında bizneslə məşğul olur və RF-na gedib-gəlir, onun yaxşı gəliri vardır. Buna baxmayaraq cavabdeh maddi cəhətdən uşaqlarına əlavə heç bir yardım etmir. Onun 21 oktyabr 2008-ci il təvəllüdlü X4, 23 aprel 2011-ci il təvəllüdlü X2 və 02 sentyabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment verməyə imkanı vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

6. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-358/2024 qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-622/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü Leyla və xx.xx.2011ci il təvəllüdlü Nərmin və xx.xx.2012-ci il təvəllüdlü Elvin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, anaları İddiaçı xeyrinə verilməsi, artırılmış hissədə alimentin tutulmasının, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 55 (əlli beş) manat mediasiya xərcininn tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda ödənilən hər uşaq üçün 50 manat məbləğində aliment xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən iki ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaqlar böyüdükcə onların tələbatı və saxlanma xərcləri artmışdır.

8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1 maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5, 8, 13-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-358/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-358/2024 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə onun və yaxud cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-622/2022-saylı qətnaməsinin qəbul edilməsindən 1(bir) il müddət keçməmiş iddiaçı X5 yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edib “alimentin miqdarının” artırılmasını tələb edir. Bunun əsası kimi onun cavabdehin Rusiya Federasiyasında bizneslə məşğul olması və yaxşı gəlirinin olmasını qeyd edir. Halbuki, onun Rusiyada heç bir biznesi yoxdur. Bundan başqa onun maddi vəziyyətində heç bir dəyişiklik olmamış, əksinə Moskva vilayətindəki “X17” konsert zalına terroçular tərəfindən 22 mart 204-cü il tarixdə basqın edilib terror aktı törədildikdən sonra Rusiyada yaşayan miqratların işləməsi çətinləşibdir. O da, Rusiyada yaşasa da, hazırda heç bir yerdə işləmir. Məhkəmə qətnamədə qeyd edir ki, məhkəmə iclasında İddiaçı özü də ifadə verib bildirmişdir ki, cavabdehin yüksək qazanc əldə etməsi ilə bağlı heç bir sübutu yoxdur. Buna baxmayaraq məhkəmə əsassız olaraq Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)- 622/2022-saylı qətnaməsi ilə hər ay hər uşaq üçün təyin edilən 50 (əlli) manat cəmi 150 manat alimentin miqdarını artıraraq hər ay hər bir uşaq üçün 180 (bir yüzsəkksən) manat cəmi 540 (beş yüz qırx) manat artırmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, cavabdehin aliment ödəmək imkanı yoxdur. Ona görə də, məhkəmə tərəfindən təyin ediləcək aliment məbləğini o və cavabdehin anası ödəyəcəkdir. Ona görə də hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat aliment təyin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, xəstəxanada tibb bacısı işləməklə 349 manat əmək haqqı alır. Hazırda isə uşaqları ilə birlikdə kirayədə yaşayır və aylıq 200 manat kirayə haqqı ödəyir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

14. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

19. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

20. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

21. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

29. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 358/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-358/2024 qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia qismən təmin edilərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-622/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2008-ci il tarixdə anadan olmuş Leyla və xx.xx.2011ci il tarixdə anadan olmuş Nərmin və xx.xx.2012-ci il tarixdə anadan olmuş Elvin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ataları Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, anaları İddiaçı xeyrinə verilməsi, artırılmış hissədə alimentin tutulmasının, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 55 (əlli beş) manat mediasiya xərcininn tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki. hazırda ödənilən hər uşaq üçün 50 manat məbləğində aliment xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən iki ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaqlar böyüdükcə onların tələbatı və saxlanma xərcləri artmışdır.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2024-cü il üçün yaşayış minumumu məbləğinin ölkə üzrə uşaqlara görə 235 manat müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hər ay hər uşağa 180 (bir yüz səksən) manat, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin heç bir yerdə işləməməsi, heç bir yerdən gəlirinin olmaması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, birincisi, həmin dəlillər alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyib-işləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.

37. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

38. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-358/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-358/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-358/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar