Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1408/2023 13.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(052)-06/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Naftalan Şəhər Məhkəməsinə müraciət edərək, 600 ABŞ dolları və 3500 manat borcun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 72 manat və hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 502 manatın əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Naftalan Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(052)-06/2023 nömrəli (hakim A.Səlimov) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 600 (altı yüz) ABŞ dolları (qətnamənin icra olunduğu günə Azərbaycan manatı məzənnəsi ilə), 3500 (üç min beş yüz) manat borc məbləğləri, 72 (yetmiş iki) manat dövlət rüsumu və 300 (üç yüz) manat hüquqi xidmət haqqı alınaraq İddiaçı verilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə ailəvi münasibətləri vardır. Cavabdehlər ondan 600 ABŞ dolları və 3500 manat borc almışlar. Belə ki, cavabden Cavabdeh2 əri Cavabdeh1 ilə birlikdə qeyd olunan məbləğdə borc pul almaları barədə ona əlyazma qəbz vermişlər. Buna baxmayaraq, cavabdehlər ona olan borclarını ödəmirlər. Bundan əlavə, hazırkı iddia ərizəsinin verilməsi üçün 72 manat, vəkilin hüquqi xidmətlərinə görə isə 502 manat xərc çəkmişdir. Həmin xərclərin əvəzinin də cavabdehlərdən alınaraq ona verilməsini istəyir. İş materiallarında olan: 28 avqust 2021-ci il tarixdə tərtib edilmiş sadə əlyazma qəbzdən görünür ki, Naftalan şəhəri 18-ci binada yaşayan Cavabdeh1 yoldaşı Cavabdeh2 İddiaçı 600 ABŞ dolları və 3500 manat pul aldığını qeyd etmişdir; "xxxx" ASC tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli BPM**********17 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkil xidmətlərinə görə 503 manat ödəniş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı ilə onun arasında borc müqaviləsindən irəli gələn hər hansı öhdəlik hüquq münasibətləri olmamışdır. Yəni, iddiaçı ona borc pul verməmiş, o da buna dair qəbz imzalamamışdır. İş materiallarında olan borc verilməsi barədə qəbz onun tərəfindən imzalanmamışdır, buna baxmayaraq həmin qəbzin mötəbərliyi yoxlanılmamışdır. Onun İddiaçı borclu olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Onun iddiaçıya olan borcu, həmin borc məbləğlərinin hansı vaxtlarda və hansı miqdarda götürülməsi barədə hallar öz təsdiqini tapmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı işə baxılarkən onun məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh2 600 ABŞ dolları və 3500 manat manat məbləğində borc pul vermişdir. Cavabdeh2 iddiaçıdan 600 ABŞ dolları və 3500 manat borc almasına dair qəbz yazmışdır. Lakin borc aldığı 600 ABŞ dolları və 3500 manat məbləğində pulu iddiaçıya geri qaytarmamışdır. Cavabdeh həmin borc aldığı pulları iddiaçıya geri qaytarmadığından hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh aldığı borcu iddiaçıya ödəməmiş və bununla da iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin iddiaçı qarşısında ümumilikdə 600 ABŞ dolları və 3500 manat manat məbləğində pul vəsaiti ödəmək öhdəliyi mövcuddur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “qəbzdə olan imzanın ona aid olmadığı” barədə dəlillərinə də hüquqi qiymət verərək qeyd edir ki, şikayətin bu dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyil. Belə ki, Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılarkən prosesdə iştirak etməsə də, lakin onun əri olan digər Cavabdeh1 məhkəmə iclaslarında iştirak etmiş, habelə işə baxılması təxirə salındıqda növbəti məhkəmə iclaslarının vaxtı barədə məlumatlı olmuşdur. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 məhkəmə prosesi barədə məlumatlı olmasına baxmayaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarında olan borc verilməsi barədə qəbzi mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası şikayətin bu dəlilini əsaslı hesab etmir. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olmuş, birinci instansiya məhkəməsi də iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 402.1. maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(052)-06/2023 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1408/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1408/2023
13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver