Məhkəmə qərarları › İş №2(104)-1421/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1421/2025

22.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1421/2025 22.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli 2(125)-3707/2025 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinə istifadə hüquqlarının tanınması, bu evdən istifadəyə dair Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə köçürülmələri barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdirlər. Gəncə Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli 2(125)-3707/2025 nömrəli qərardadı ilə (hakim Cavid Tağıyev) iddiaçılar X1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, həmin hüququn həyata keçirilməsinə yaradılan manelərin aradan qaldırılması və evə köçürülmə tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 şikayət verərək, qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı3 1990-cı ildə X5 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxt evin mülkiyyətçisi olan X2 atası İddiaçı2 Abbas oğlunun razılığı ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı3 cehiz əşyalarını da bu evə gətirmişdir və bu gün də həmin evdədir. Gəlin köçdüyü gündən uzun illər ərzində sözügedən evdə yaşamaqla ümumi təsərrüfat aparmışdır. Elə İddiaçı3 uşaqları olan digər iddiaçılar da bu evdə dünyaya gəlmişlər. Həmin evdə yalnız iddiaçıların ailəsi yaşamışdır. Bu illər ərzində dəfələrlə onlar tərəfindən evdə əsaslı təmir işləri aparılmışdır. Yəni bu yaxınlara kimi maneəsiz olaraq bu evdə yaşamışlar. Lakin sonradan onlara məlum olmuşdur ki, evdə yaşamalarına baxmayaraq həmin ev vərəsəlik qaydasında əvvəlcə X3 adına keçmiş, daha sonra isə X6 bu mülkü Cavabdeh bağışlamış, beləliklə də birinci növbə vərəsə olan X2 adı gizlədilmişdir. Bundan xəbər tutduqdan sonra iddiaçılar məhkəmədə iddia qaldıraraq sözügedən miras əmlakdan X4 çatası payın onlara müəyyən edilməsini xahiş etsələr də, aradan uzun müddət keçməsi əsası ilə iddia rədd olunmuşdur. Buna baxmayaraq, iddiaçıların uzun illər ərzində sözügedən evdə yaşamaları işin mübahisəsiz halıdır. Onların uzun illərdən bəri bu evdə yaşamalarına görə sözügedən evin yaşayış sahəsinə iddiaçıların istifadə hüquqları vardır. Lakin vərəsəliklə bağlı məhkəmə prosesləri yekunlaşdıqdan sonra iddiaçıların qısa müddət evdə olmamalarından istifadə edərək cavabdeh evin açarlarının iddiaçılarda olmasına baxmayaraq, həmin açarları qırıb yenisi ilə əvəz etməklə onların evə daxil olmalarına maneçilik törətmişdir. Halbuki, iddiaçılar artıq 30 ildən artıqdır ki, bu evdə yaşayırlar və onların sözügedən evin yaşayış sahəsinə istifadə hüquqları vardır. Ona görə də məhkəmə sözügedən qərardadı qəbul edən zaman işin qeyd edilən halını aydınlaşdırmamışdır ki, bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki haldır. Məhkəmə qeyd edilən qərardadda nəyə görə iddia ərizəsinin müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə deyil, cavabdehin qeydiyyatda olduğu Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə verməli olduqlarını əsaslandıra bilməmişdir. İddiaçılar uzun illərdən bəri yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinə istifadə hüquqlarının tanınması, bu evdən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onların həmin evə köçürülmələri barədə məhkəmədə iddia qaldıran zaman tamamilə haqlı olaraq iddia ərizəsi müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə vermişlər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehin qeydiyyatda olduğu Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə verməli olduqları qənaətinə düzgün gəlməmişdir və bu hal işin faktiki hallarına uyğun gəlməmişdir. Gəncə Şəhər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 2(125)-3707/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq, işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-nin 34-cü maddəsinə əsasən, məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının tanınması, bu evdən istifadəyə dair Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə köçürülmələri barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi isə MPM-nin 152.1.3-cü maddəsinə istinadən iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. «Yaşayış yeri» məfhumunun anlayışı qanunla müəyyən olunmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Göründüyü kimi, qanunvericilik vətəndaşın yaşayış yerinin yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edilməli olduğunu təsbit etmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş tərəflərin şəxsiyyət vəsiqəsi barədə məlumatlardan müəyyən olunur ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. MPM-nin 35.1-ci maddəsində təsbit olunmuşdur ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddianın predmetini və cavabdehin yaşayış yerini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar MPM-nin 35.1-ci maddəsi əsasında hazırkı ərizə ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmək hüququna malik olmuşlar. «İddia ərizəsinə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır» barədə şikayətin dəlili də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, MPM-nin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; -sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Məhkəmə kollegiyası iddia ərizəsini təhlil edərək qeyd edir ki, iddia tələbi MPM-nin 39-cu maddəsinin əhatə dairəsinə düşmədəyindən ərizəyə müstəsna aidiyyət qaydaları əsasında baxıla bilməz. Bu baxımdan kollegiya hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 35.1, 152, 263-264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli 2(125)-3707/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar