Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1423/2023 25.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1540/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 Bəhbud oğlu və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" MMC-nin xeyrinə cavabdehlərdən müştərək qaydada 2125,74 manat əsas borc, 108 manat faiz borcu olmaqla, cəmi 2233,74 manat və dövlət rüsumu kimi ödənilmiş 43 manat məbləğində pulun tutularaq, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq, Cavabdeh2 ilə BOKT "xxxx" MMC-nin Bakı Filialı arasında xx.xx.2019-cu il tarixli, L-BK- 0050449-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 2125,74 manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh1 ilə BK-00026581saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən heç bir ödəniş olmamışdır. Hal hazırda cavabdehin əsas məbləğ üzrə 2125,74 manat, faiz borcu üzrə 108 manat olmaqla, cəmi 2233,74 manat məbləğində kredit borcunun olduğu hesablanmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1540/2023 nömrəli qətnaməsi ilə (hakim Tural Qocayev ) iddia qismən təmin edilmiş, 28 dekabr 2019-cu il tarixli, L-BK- 0050449-F nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2125,74 manat əsas borc, 67,32 manat faiz borcu olmaqla, cəmi 2193,06 manat (iki min yüz doxsan üç manat, altı qəpik) pul və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat pulun tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 Bəhbud oğlu və Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1540/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28 dekabr 2019-cu il tarixli kredit müqaviləsindən göründüyü kimi, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 2125,74 manat məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsi isə, hazırkı iş üzrə 60 ay kredit müddətinin bitmədiyini nəzərə almamışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-1540/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehlərin apellyasiya şikayətinin dəlillərindən götrünür ki, onlar Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-1540/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: 28 dekabr 2019-cu il tarixli, L-BK-0050449-F saylı kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh2 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə, illik 1 faiz ödəmək şərti ilə 2125,74 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə aylıq kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmaqdıqda, kreditor müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Kredit müqaviləsinin əlavəsi olan ödəniş qrafikində borclunun xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixə qədər hər ay 1,83 manat faiz ödəməsi, xx.xx.2021-ci il tarixdən etibarən isə hər ay 45 manat əsas və faiz borcunun birgə ödənişini etməsi nəzərdə tutulmuşdur. 28 dekabr 2019-ci il tarixli, BK-00026581 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 28 dekabr 2019-cu il tarixli, L-BK-0050449-F saylı kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. 31 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 28 dekabr 2019-cu il tarixli, L-BK-0050449-F saylı kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişdir, onun müqavilə üzrə 2125,74 manat əsas borc, 108 manat faiz borcu olmaqla, cəmi 2233,74 manat məbləğində kredit borcu vardır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, Cavabdeh2 müqavilə üzrə öhdəliyini pozaraq qrafik üzrə ödənişləri yerinə yetirməmişdir. Buna görə də iddiaçının müqaviləni ləğv etmək, borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bununla belə, iddiaçı tərəfindən kredit məbləği üçün tələb edilən faizlərin miqdarı düzgün hesablanmamışdır. Hazırkı müqavilənin şərtlərinə görə borclu kreditora istifadəsində qalan əsas pul məbləğinin illik bir faizinin bir ay üçün hissəsini əsas borcun bir hissəsi ilə birlikdə qaytarılması öhdəliyini daşıyır. Beləliklə, hazırkı faiz öhdəliyi vaxtaşırı icra edilməli öhdəlikdir. Hər ay üçün faizin ödənilməsi öhdəliyi qrafikdə müəyyən edilmiş tarixdə yaranır. Borclu aldığı 2125,74 manat puldan heç bir ödəniş etməmişdir. Buna görə də borclunun hər ay üçün eyni miqdarda, 2125,74 manat pulun illik bir faizinin 12 aya bölünməsi yolu ilə əldə edilən məbləğdə, yəni 1,77 manat faiz borcu yaranmışdır. Ödəniş qrafikinə əsasən borclunun indiki tarixə 38 ay üçün vaxtı çatmış və icra edilməmiş 67,32 manat faiz borcunun olduğu müəyyən olunmuşdur. Faiz borcunun nəyə əsasən 108 manat hesablanması iddia ərizəsində və təqdim edilmiş sənədlərlə müəyyən edilməmişdir. Ona görə də faiz borcunun 67,32 manadan artıq olan hissədə tutulması hissəsində iddia əsassızdır. Məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin bu iş üzrə iddianın qismən təmin edilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1540/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehlərin hazırkı iş üzrə 60 aylıq kredit müddətinin bitməməsinə dair apellyasiya dəlili əsassız olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsas vermir. Belə ki, cavabdehlər 28 dekabr 2019-cu il tarixli, L-BK-0050449-F saylı kredit müqaviləsi üzrə heç bir ödəniş etməmişlər ki, bu da həmin müqavilənin 3.1-ci bəndinə əsasən, yəni müqavilə üzrə aylıq kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, kreditor müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1540/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə biməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1423/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1423/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver