Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1423/2024 16.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və AR DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında yaşayır.
2. AR DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1989-cu il tarixdə Bərdə rayonu, Mollagülər kəndində anadan olmuşdur. Bərdə rayonu, Mollagülər kəndində qeydiyyatdadır.
3. AR DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1988-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır.
3. AA 143368 seriya nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayon məcburi köçkünüdür. Hazırda məskunlaşdığı ünvan isə Bakı şəhəri, Nəsimi rayonudur.
4. 110757 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci qrup ümumi əlildir.
5. İş materiallarında olan Bakı şəhər Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı az ağır xəsarət alması faktına görə AR CM-nin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir.
6. Bakı şəhər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı-Birliyinin 77 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 509 nömrəli arayışdan görünür ki, İddiaçı, həqiqətən, ünvan 5 ünvanında Füzuli rayonundan məcburi köçkün kimi məskunlaşmaqla yaşayır.
7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan və A№ 998299 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayonu, Mollagüllər kəndində yerləşən 1,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.
8. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh1 73,26 manat dövlət rüsumunu və 0,40 manat xidmət haqqını ödəmişdir. İş materiallarında olan disklərdən səs yazılarının olduğu məlum olur.
9. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan səs yazısında Cavabdeh1 iddiaçının qızı Nigara hazırda maddi sıxıntısı olduğunu, növbəti ayın 15-dək borcunu qaytaracağı, lotoreya pulunu alıb borcu ödəyəcəyini bildirməsi müəyyən edilmişdir.
10. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş səs yazısında İddiaçı cavabdehlərin ona olan 6400 manat borcunu və həmin borcun faizi kimi hesabladığı 540 manat pulu qaytarmalarını tələb etməsi müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 torpaq almaq üçün verdiyi 9.000 manatdan qalıq 7.000 manat pulun, əlavə olaraq Bərdə rayonuna gedib gəlmək üçün yol pulu və Bərdə Asan Xidmət Mərkəzində torpaq sahəsinə dair sənədləşmələrə xərclədiyi 400 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin fevral ayının ikisi ailəvi dostları olan Cavabdeh2 və əri Cavabdeh1 onlara gəlmişlər. Söhbət əsnasında Nurlanın başqa adamlara çoxlu borcu olduğunu və ona məxsus Bərdə rayonu, Mollagüllər kəndində 1.73 ha torpağının olduğunu, həmin torpağı 10.000 manata satacağını demişdir. Cavabdeh1 və Cavabdeh2 onların təcili pula ehtiyaclarının olduğunu bildirmişlər. İddiaçı isə cavabdehlərdən torpağı ona neçəyə satacaqlarını soruşmuşdur. Onlar demişlər ki, “sənə 9.000 manata satarıq”. O isə cavabdehlərdən torpağın sənədlərini soruşanda ona bildirmişlər ki, “10 günün içində, uzağı 1 aya torpağın çıxarışı hazır olacaq”. Torpağın Çıxarışı hazır olan kimi sənədləri onun adına alqı-satqı edəcəklər. O, torpağı 9.000 manata almağa razılaşdı və cavabdehlərə inanaraq ilkin ödəniş kimi onlara 6.400 manat məbləğində pulu öz evində sayaraq vermişdir. Ona iki həftə sonra Cavabdeh2 bildirmişdir ki, başqa adamlara borcu var, borc sahibləri onu çox narahat edirlər. Ondan yerdə qalan 2600 manat pulu da, onlara tez ödəməyini istəmişlər. O, cavabdehə bildirmişdir ki, evdə cəmi 2000 manat pulu var, qızı Nigarda 600 manat pul düzələrsə alıb 2000 manatın üstünə qoyub onlara verər. 2600 manat pulu Cavabdeh2 işlətdiyi mağazanın qarşısında onlara vermişdir. Sonuncu pulu verəndən təqribən 1 ay vaxt keçmişdir. O, Nurlan və Kifayətdən torpağın sənədlərini verməklərini tələb etmiş, onlar isə hər dəfə bir bəhanə gətirmişlər. Bir müddət sonra yenidən ondan torpağın sənədləşməsi üçün əlavə pul lazım olduğunu bildirmişlər. O da, cavabdehlərlə bərabər Bərdə Asan Xidmət Mərkəzinə getmişlər və torpağa aid bütün xərcləri iddiaçıya ödətdirmişlər. Sonradan Nurlan və Kifayət bildirmişlər ki, Nurlanın anası torpağın satılmasına narazıçılıq edir. Bu cür bəhanələr gətirərək onu konkret olaraq yola vermişlər. O da, çarəsiz qalaraq Nurlan və Kifayətlə birgə Nurlanın anasının yanına getmişdir. Nurlanın anası demişdir ki, gəlin kimi qəbul etmədiyi Kifayət ilə oğlu Nurlan onu, yəni iddiaçını aldatmışlar. O, öz torpaq payını Nurlana bağışlamışdır. Orada iddiaçı aldadıldığını bilib ağlamış və Nurlanın anasından xahiş etmişdir ki, oğlu ilə gəlininin torpaqlarını satmaq adı ilə ondan aldıqları 9 000 manat pulunun qaytarılmasında ona köməklik etsin. Çünki, onun himayəsində 2 azyaşlı uşaq (nəvələri) var, o yetim saxlayır. Gecə orada qalmışdır. Nurlanın anası Yeganə xanım sabahı gün iddiaçıya 1.700 manat məbləğində pul vermis və bildimişdir ki, onun imkanı bu qədərə çatır. Qalan pulu oğlu Nurlan və gəlini Kifayətdən almağını demişdir. Bir müddət əvvəl Nurlan özü ona 300 manat pul vermişdir. Qalan 7.000 manat pulunu ala bilməmişdir. Onun verdiyi 9.000 manatdan cəmi 2.000 manat qaytarılmışdır. Lakin sonradan o, cavabdehlərdə qalan 7.000 manat pulunu ala bilməmişdir. Aralarında olan telefon yazışmalarında Kifayət ona etiraf etmişdir ki, 7.000 manat borcu var. Kifayətin əri Nurlan da, vatsapda səs ataraq demişdir ki, xx.xx.2023-cü il tarixinə kimi lotoreya oynayır, həmin pulu götürüb borcunu qaytaracaq. Həmin səs yazıları və yazışmaları CD-R diskə köçürdərək iddia ərizəsinə əlavə etmişdir. O, Nurlana yalvarmışdır ki, ayda 1.400 manat əmək haqqı alır, hər ay 400 manat gətirib versin. Onlar isə cavabında iddiaçıya bildirmişlər ki, iyul ayının 5-nə kimi lotoreya oynayır, sənin pulunun hamısını lotoreyanı götürüb verəcəyik. İyul ayının 9-u Kifayət ona zəng edib demişdir ki, pulun hazırdı gəl apar. O, qızı Nigar Ağammədzadə ilə birgə cavabdehin yaşadığı evə (dayısıgildə qalırdı) getmişdir. İddiaçı ora çatanda Kifayətə zəng edib darvazanın yanında olduğunu və pulu götürmək üçün gəldiyini bildirmişdir. Kifayət, dayısıoğlu Tahir, dayısının arvadı Nəzakət qəfildən onlara hücum edərək onları ana-bala döyməyə başlamışlar. Cavabdeh2 dayısı arvadı Nəzakət Əliyeva əlindəki taxta ilə vurub iddiaçının qolunu sındırmışdı. O, DİN-nin 102 qaynar xidmətinə və təcili tibbi yardım xidmətinə zəng etmişdir. Cavabdehlər ona qalıq 7 000 manat pulunu hələ də, qaytarmamışlar. Ona qarşı törətdikləri zorakılığa görə dayısı arvadı X2 barəsində Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis polkovnik leytenantı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərar qəbul edilmişdir. Kifayət və Cavabdeh1alardan iddiaçıya borclu qaldıqları 7000 manat pulu etibarından sui-istifadə edərək dələduzluq yolu ilə mənimsədiklərinə görə onlara ən ağır cəza verilməsi və 7 000 manat pulunun Kifayət və Cavabdeh1lərdən alınaraq ona qaytarılmasını xahiş etmişdir. Hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh1 və Cavabdeh2 torpaq almaq üçün vediyi 9.000 manatdan qalıq 7.000 manat pulun, əlavə olaraq Bərdə rayonuna gedib-gəlmək üçün yol pulu və Bərdə Asan Xidmət Mərkəzində torpaq sahəsinə dair sənədləşmələrə xərclədiyi 400 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir.
13. Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4.400 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilməli olan 64 manat dövlət rüsumunun isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehlərə 9000 manat borca pul verdiyini, cavabdehlərin isə həmin borcdan 2000 manat qaytardıqlarını, buna görə də, geri qalan hissədə 7000 manatın cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etsə də, bununla bağlı heç bir yazılı qəbz, müqavilə, ərizə, şahid ifadələri və digər mötəbər sübut və sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehlərdən Cavabdeh2 isə İddiaçı onlara 6400 manat pul verdiyini və həmin puldan 2000 manatının iddiaçıya qaytarıldığını etiraf etmişdir. Məhkəmə iclasının isə fasiləsiz audio yazısı aparılmışdır. Belə olan halda məhkəmə hesab ermişdir ki, cavabdehin etiraf etdiyi hissədə (cavabdehin etirafına əsasən) 6400 manat pulun iddiaçı tərəfindən cavabdehlərə borc şəklində verilməsi təsdiq olunur, həm iddiaçı, həm də cavabdeh isə həmin puldan 2000 manatın geri qayıtdığını etiraf edir. Belə olan halda cavabdehlərin iddiaçıya hazırda 4400 manat (6400-2000=4400) borcunun olması sübut olunur. İş materiallarına əlavə edilmiş və tərəflərin həmin borcun verilməsi və ya tamamilə qaytarılmasını əks etdirən fikirlərin olması iddiası ilə məhkəməyə təqdim etdiyi disklərdəki səslərin (səs yazılarının) kimə aid olması və hazırda iddiaçıya 7000 manat borcun qalması və ya ödənilməsi müəyyən edilmir. Qeyd edək ki, bu səs yazılarındakı səslərin kimə aid olması və nə vaxt yazılması müəyyən edilsə belə bu sübut digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, yalnız həmin səs yazılarına mötəbər sübut qismində istinad edib pul məbləğinin cavabdehlərdən tutulması doğru və qanunamüvafiq deyil.
15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, Mülki Məcəllənin 385.1, 386.1, 390.1, 405.1, 385.1, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 739.1, 739.2, 739.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
16. Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin e-2(021)- 507/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin olunmamış hissəndə yəni qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı torpaq almaq üçün verdiyi 9000 manatdan qalıq 7 000 manat pulun, əlavə olaraq Bərdə rayonuna gedib gəlmək üçün yol pulu və Bərdə Asan Xidmət Mərkəzində torpaq sahəsinə dair sənədləşmə işlərinə xərclədiyi 400 manat pulun alınaraq ona verilməsi barədə iddianın qismən rədd edilməsinə dair qətnamə qəbul etmişdir. O, iddia ərizəsi ilə birlikdə həmin votsap yazışmalarına dair mesajları disk şəklində qoşma kimi iş materiallarına əlavə etmişdir. Belə ki, cavabdehlərdən Cavabdeh2 055 *** ** ** saylı mobil nömrəsindən və əri Cavabdeh1 mobil nömrələrindən gələ votshap yazışmalarında onun 7000 manat verdiyinə dair yazdığı mesaja cavab olaraq etiraf edici səsli mesaj yazılmasına və digər mətn formada və səsli mesajlarda tam sübuta yetirilsə də, məhkəmə həmin faktlara düzgün hüquqi qiymət verməyərək iddia tələbini qismən təmin etmişdir. Hesab edir ki, qətnamə iddianın təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarına zidd olaraq qəbul edilmişdir. Belə ki, məhkəmə cavabdehin onun mobil telefonunda olan votshap nömrə ilə olan yazışmalara və səs yazılarına baxmayaraq işə tam hərtərəfli və obyektiv hüquqi qiymət verməmişdir. Halbuki, votsap yazışmalarının sübut kimi istifadə edilməsi ilə bağlı artıq konstutisiya məhkəməsi qərar qəbul etmişdir. Belə olan halda məhkəmə onun mobil telefondan cavabdehlərlə aparılmış votsap proqramı üzərində mesajlara və səs yazılarına baxış keçirməklə həmin mesajların mətni ilə cavabdehləri tanış etməli və səsli mesajların cavabdehlərə məxsus olub olmamasını dəqiqləşdirərək sübut kimi istinad edərək qətnamə qəbul etməli idi. Lakin bu faktlar məhkəmə tərəfindən obyektiv olaraq araşdırılmamış qətnamə qəbul edilmişdir. Məhkəmə işə baxarkən və öz qərarını qəbul edərkən cavabdehlərin ona yazdıqları etiraf edici mesajlarına hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəlləsinin 191-cimaddəsini kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən prosessual hüquq normasının tələbi pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən iş tam, hərtərəfli, obyektiv araşdırılmamış, yalnız cavabdeh tərəfin dəlillərinə istinad etməklə əsassız qətnamə qəbul olunaraq onun əmlak hüquqları pozulmuşdur. Cavabdehin iddiaçıya pul ödəməsinə, bu faktın da iddiaçı tərəfindən qəbul edilməsinə baxmayaraq, məhkəmə tərəfindən bu hala qiymət verilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 apellyasiya şikayətinin əsasız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verib bildirmişdir ki, iddiaçı ona biraz pulunun olduğunu və həmin pulu faizlə sələmə vermək istədiyi bildirərək, ondan sələmə pul götürmək istəyən olduqda ona bildirməsini xahiş etmişdir. O isə, elə özlərinin pula ehtiyacı olduğunu bildirirək pulu onlara sələmə verməsini xahiş etmişdir. Lakin, iddiaçı onlara 9000 manat deyil, cəmi 6400 manat pul vermişdir ki, həmin məbləğin də, 2000 manatını cavabdeh Nurlanın anası iddiçıya qaytarmışdır. Məhkəmənin suallarına cavab olaraq isə bildirmişdir ki, iddiaçıya ümumiyətlə borcları qalmayıb. İddiaçının tələb etdiyi məbləğ faiz borcu ilə birlikdə olan məbləğdir. Onlar iddiaçıdan cəmi 6400 manat pul almışlar. Həmin pulu iddiaçı onlara hissə-hissə iki üç dəfəyə vermişdir. Səs yazılarında da, iddiaçı onlara 6400 manat pul verdiyini etiraf etmiş və həmin pulu faizi ilə tələb edəcəyini bildirmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
22. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
24. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
32. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Hazırkı apelyasya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində, yəni 2600 manat məbləği hissədə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, apellyasiya instansiyasında icraat zamanı Cavabdeh2 tərəfindən təqdim edilmiş və tərəflərin iştirakı ilə tədqiq edilmiş audio yazıdan görünür ki, iddiaçı 6400 manat pul verdiyini və həmin pulu faizi ilə tələb edəcəyini bildirmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş və tərəflərin iştirakı ilə tədqiqi edilmiş audio yazıdan görünür ki, Cavabdeh2 7000 manat pulu torpağı satıb qaytaracağını bildirmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş səs yazıları ilə bağlı qeyd edir ki, iddiaçı səs yazısında 6400 manat borc verdiyi pulun 6400 manat olduğunu bildirir və faiz tələb edəcəyini qeyd etmişdir. Bu səbəbdən kollegiya Cavabdeh2 7000 manat pulu torpağı satıb qaytaracağı barədə dediklərində, pulun 6400 manatdan artıq hissəsini 6400 manata hesablanmış faiz kimi dəyərləndirir. İddiaçı həm iddia ərizəsində, həm də, apellyasiya şikayətində cavabdehlərə 9000 manat pul verdiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
38. Bundan başqa İddiaçı cavabdehlərə verdiyi pulun Cavabdeh1 məxsus Bərdə rayonu, Mollargüllər kəndində yerləşən 1.73 ha torpaq sahəsinin alıq-satqısı ilə əlaqədar verdiyini iddia etsə də, məhkəmə iclasında tədqiq edilmiş səs yazılarından iddiaçının həmin pulu cavabdehlərə sələm kimi verməsi müəyyən edilmişdir.
39. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi iddiаçı İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.