Məhkəmə qərarları › İş №2(104)-1424/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1424/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1424/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(125)-1660/2023 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 14 iyul 2021-ci il tarixli müqavilə üzrə 1077,82 manat əsas, 118,32 manat faiz və 29,90 manat cərimə borcu olmaqla, ümumilikdə 1226,04 manat borcun və ödənilmiş 32,26 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(125)-1660/2023 nömrəli (hakim T.Qocayev) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 14 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə 277,24 manat əsas borc, 118,32 manat faiz borcu, 29,90 manat dəbbə pulu olmaqla, cəmi 425,46 manat (dörd yüz iyirmi beş manat, 46 qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 11,30 manat (on bir manat, otuz qəpik) pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 14 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya illik 24,3 faizlə 36 ay müddətinə 1500 manat kredit verilmişdir. Buna baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. 27 yanvar 2023-cü il tarixədək Cavabdeh banka 1077,82 manat əsas, 118,32 manat faiz və 59,8 manat cərimə borcu olmaqla, ümumilikdə 1255,94 manat borcu vardır. Cavabdeh 14 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 59,8 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 29,90 manat tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməmiş hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi hissədə gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, müqavilə şərtlərinə görə cavabdeh aldığı pulu hər ay faizləri ilə birlikdə ümumilikdə 59,08 manat olmaqla hissə-hissə qaytarmaq öhdəliyi daşıyır. Yəni hər ayın 14-ü tarixində cavabdeh öhdəliyin müəyyən hissəsini icra etmək vəzifəsi daşıyır. Ümumi qayda olaraq kreditor vaxtı çatmamış öhdəliyin icrasını tələb edə bilməz. Bundan istisna tərəflərin müqavilə ilə tapşırdıqları va ya qanunla müəyyən edilmiş hallar ola bilər. Tərəflərin razılaşmasında iddiaçının ödənişlərin gecikdirildiyi və ya digər halda qalıq borcun vaxtından əvvəl bütünlüklə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmamışdır. Borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək üçün digər əsas kimi Mülki Məcəllənin 743-cü maddəsi ilə nəzərdə tutulmuş hal çıxış edə bilərdi. Lakin iddiaçı bu halın baş verməsinə dair hər hansı sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı yalnız vaxtı keçmiş öhdəliyin icrasını tələb edə bilər. İşə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Mülki Məcəllənin 743-cü maddəsinə əsasən, borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bu vəziyyət borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Qətnamədə qeyd edilmişdir ki, iddiaçı bu halın baş verməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Halbuki cavabdehin kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam şəkildə icra etməməsi onu deməyə əsas verir ki, borclunun vəziyyəti pişləşmişdir və məhz bunun nəticəsidir ki, o, borcunu qaytara bilmir. Belə olan halda borclunun vəziyyətinin pisləşməsinə dair bank tərəfindən hər hansı sübut təqdim edilməsinə zərurət yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Həmin Məcəllənin 394-1.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 394-1.4-cü maddəsinə əsasən, iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Verilmiş apellyasiya şikayətindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirilmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin qətnaməsi mübahisələndirilən hissədə yoxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 14 iyul 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən tərəfindən borcalana 36 ay müddətinə, illik 24,3 faiz dərəcəsi ilə 1500 manat kredit verilmişdir. Ödəniş qaydası annuitet, aylıq ödəniş məbləği 59,08 manat, cərimə məbləği illik 180 faiz müəyyən edilmişdir; 27 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə əsas borcdan 422,18 manat ödəmiş, 352,41 manat faiz ödəmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş etmiş, müqavilə üzrə 1077,82 manat əsas borc, 118,32 manat faiz borcu, 29,90 manat cərimə borcu vardır; İddiaçı ASC tərəfindən borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında və tam icra edilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.1 və 743-cü maddələrinə əsasən iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında 14 iyul 2021-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcverən tərəfindən borcalana 36 ay müddətinə, illik 24,3 faiz dərəcəsi ilə 1500 manat kredit verilmişdir. Borcalan Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən borcverən hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir. Belə ki, iddia tələbində kredit müqaviləsi üzrə 1077,82 manat əsas borc tələb edildiyi halda, iddia qismən təmin edilərək cavabdehdən 277,24 manat (vaxtı keçmiş öhdəlik) tutulmuş, qalan 800,58 manat əsas borc isə öhdəliyin icra edilməsi vaxtının çatmaması əsası ilə təmin edilməmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirilmişdir və məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi qətnamə mübahisələndirilən hissə iddianın təmin edilməməsi ilə bağlı gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, müqavilə şərtlərinə görə cavabdeh aldığı pulu hər ay faizləri ilə birlikdə ümumilikdə 59,08 manat olmaqla hissə-hissə qaytarmaq öhdəliyi daşıyır. Yəni hər ayın 14-ü tarixində cavabdeh öhdəliyin müəyyən hissəsini icra etmək vəzifəsi daşıyır. Ümumi qayda olaraq kreditor vaxtı çatmamış öhdəliyin icrasını tələb edə bilməz. Bundan istisna tərəflərin müqavilə ilə tapşırdıqları va ya qanunla müəyyən edilmiş hallar ola bilər. Tərəflərin razılaşmasında iddiaçının ödənişlərin gecikdirildiyi və ya digər halda qalıq borcun vaxtından əvvəl bütünlüklə qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmamışdır. Borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək üçün digər əsas kimi Mülki Məcəllənin 743-cü maddəsi ilə nəzərdə tutulmuş hal çıxış edə bilərdi. Lakin iddiaçı bu halın baş verməsinə dair hər hansı sübut təqdim etməmişdir. Belə olan halda iddiaçı yalnız vaxtı keçmiş öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İlk olaraq kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4cü bəndində göstərilmişdir ki, müştəri bu razılaşmanı imzalamaqla bəyan edir və təsdiq edir ki, Bankın internet səhvəsində yerləşdirilmiş bank Xidmətlərinin göstərilməsi üzrə standart şərtlərini oxudu, sənədin bütün müdəları və tələbləri ilə razıdır və bu razılaşmanıın imzalanması nəticəsində həmin standart şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Həmin şərtlərdə 29-cu bənddə (§10) göstərilir ki, Standart Şərtlərdə və Müqavilədə, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditin vaxtından əvvəl ödənilməsini Müştəridən tələb etmək bankın hüququdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-dən 1500 manat kredit götürmüş, lakin kredit müqaviləsi üzrə əsas borcdan 422,18 manat, faiz borcundan isə 352,41 manat ödəniş etmişdir. Sonuncu dəfə cavabdeh tərəfindən 05 sentyabr 2022-ci il tarixdə kredit müqaviləsi üzrə ödəniş edilmişdir. Göründüyü kimi iddia ərizəsi məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixədək dörd ay iyirmi səkkiz gün ardıcıl olaraq kredit müqaviləsi üzrə borc ödənilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bununla tərəflər öz hüquq və vəzifələrini müəyyənləşdirmişlər. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq da cavabdeh öz öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyinə görə iddiaçı kreditin vaxtından əvvəl ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, borcalan Cavabdeh beş aya yaxın ardıcıl olaraq kredit müqaviləsi üzrə borcunu ödəməməsi özü-özlüyündə ehtiva edir ki, sonuncunun əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşib. Məhz bunun nəticəsidir ki, kredit müqaviləsi üzrə öhdəliklər vaxtı-vaxtında icra edilmir. Belə olan halda kollegiya hesab edir ki, bu hal borcun qaytarılması tələbi üçün təhlükə yaradır və kreditor borcun dərhal qaytarılmasını tələb etməkdə haqlıdır. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan hallara düzgün hüquqi qiymət vermədən yoxlanılan hissədə iddianı təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə ləğv edilməklə həmin hissədə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(125)-1660/2023 nömrəli qətnaməsi yoxlanılan hissədə, yəni iddianın təmin edilməməsi hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. 14 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə 800,58 manat əsas borc Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar