Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1424/2025 27.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 13 may 2025-cü il tаrixli qətnaməsindən Bank tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə X5 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış “Bank kartına kredit limitinin təyin olunmasına” dair Razılaşmaya əsasən X1 illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 300 manat kredit xətti açılmışdır. Bank ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********11 nömrəli kredit müqaviləsinə əsasən X1 illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə 8200 manat kredit vermişdir. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 X2 miras qalmış 3340,88 manat pul vəsaitindən bərabər hissədə pay almış və bu barədə onlara 13 yanvar 2023-cü il tarixli, 2V-27 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə X3 ödənilməmiş qalmış əsas kredit borcu 300 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 8,73 manat, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalmış əsas kredit borcu 7011,62 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 33,83 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsələri Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 Bankın xeyrinə nağd kredit üzrə 7011,62 manat əsas borc, 33,83 manat faiz borcu olmaqla, ümumilikdə 7045,45 manat borc, kart limiti üzrə 300 manat əsas borc, 8,73 manat faiz borcu olmaqla ümumilikdə 308,73 manat borcun və ödənilmiş 93,55 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə X5 arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 23 faiz dərəcəsi ilə 36 ay müddətinə 8200 manat nağd kredit verilmişdir. Həmçinin Bank ilə X5 arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 36 ay müddətinə illik 24 faiz olmaqla 300 manat məbləğində kart limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 qalmış mirası cavabdehlər qəbul etmişdir. Göygöl Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) e-2(066)- 336/2025 nömrəli iş üzrə qəbul etdiyi 13 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Mustafayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3340,88 manat borc məbləği və məhkəmə xərci qismində 53,40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin digər hissədə təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu qalmışdır. Cavabdehlər borclunun vərəsəsi olaraq mirası qəbul etmələrinə baxmayaraq miras qoyanın bank qarşısında borcunu vaxtında ödəməmişdir, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq borcu miras həcmində tələb etmək hüququ yaranmışdır. Belə ki, miras qoyanın miras əmlakı 3340,88 manat pul vəsaiti olmuşdur. Belə olan halda iddia tələbi miras əmlakın həcmində təmin edilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 739.1, 741, 1133.1, 1133.2, 1151.1, 1243.2, 1306.1, 1309-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Bank apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər X2 qalmış mirasın həcmi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Miras qoyanın borcunun mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da, məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən borclunun miras əmlakının olmaması və miras qoyanın borcunun mirasdan çox olması araşdırılmamışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 qalmış miras cavabdehlər tərəfindən qəbul edilmişdir. Məhkəmə borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlakının olub-olmaması, miras qoyanın borcunun mirasdan çox olub-olmaması tam araşdırmadan və sübut olmadan qətnamə qəbul etmişdir. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə əsasən vərəsə tərəfindən miras qoyanın borclarının mirasdan çox olduğunu vərəsə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə sübutlar təqdim edilmədiyindən iddia tam təmin edilməlidir. Vərəsə miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Bank apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktının qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir( hazırki iş üzrə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan). Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Bank ilə X5(borcalan) arasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə bağlanmış müqavilələrdən görünür ki, Bank borcalana müvafiq olaraq 300 manat və 8200 manat kredit vermişdir. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırkı iş üzrə mərhum X3 iddiaçı Bankdan kredit alması, həmin kredit üzrə öhdəliklərin tam yerinə yetirilməməsi, borcalanın ölməsi və cavabdehlərin sonuncunun vərəsələri olmaqla öhdəliklərinə görə məsuliyyət daşıması, habelə borcun qalan məbləği iş üzrə mübahisələndirilmir. Mübahisəli məsələ yalnız cavabdehlərin mülki məsuliyyətinin həddi ilə bağlıdır. Belə ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1306.1-cı maddəsinə istinad edərək, cavabdehlərin miras qoyanın borcuna görə rəsmi qaydada qəbul etdiyi miras həddində məsuliyyət daşıması nəticəsinə gəlmiş və qəbul olunmuş miras əmlakın 3340,88 manat olmasını nəzərə alaraq, iddianı yalnız bu hissədə təmin etmişdir. Lakin birinci instansiya məhkəməsi Mülki Məcəllənin hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan 1307-ci maddəsinin tələblərini nəzərə almamış və sübutetmə yükünü tərəflər arasında bu maddənin dispozisiya şərtinə uyğun bölüşdürməmişdir. Bununla da, birinci instansiya məhkəməsi iş üzrə sübutetmə yükünü tərəflər arasında düzgün bölüşdürməyərək həm prosessual hüquq normalarını, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasını pozmuş olmuşdur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Hazırkı işdə birinci instansiya məhkəməsi borclunun vərəsələri tərəfindən 3340,88 manatdan artıq vəsaitin miras əmlak kimi qəbul edilməsinin sübut olunmamasına istinad edərək, iddianı yalnız bu həcmdə təmin etmişdir. Dolayısı ilə məhkəmə borclunun miras əmlakının daha yüksək, iddia tələbi həcmində olmasının sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad etmişdir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Apellyasiya baxışının araşdırılması zamanı Məhkəmə tərəfindən mərhum X2 miras qalmış əmlakın siyahıya alınıb-alınmaması barədə sorğuya 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş X3 miras əmlakı siyahıya alınmamışdır. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən olunur ki, iddia tələbi əsaslıdır və Rayon Məhkəməsi iddia tələbini qismən, qəbul edilən miras əmlak həddində təmin etməklə haqlı olmamışdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Bankın şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbi tam təmin edilərək, 04 iyun 2021-ci il tarixli Razılaşmaya əsasən 300 manat əsas borc, 8,73 manat faiz borcu olmaqla cəmi 308,73 manat, 22 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7011,62 manat əsas borc, 33,83 manat faiz borcu olmaqla, cəmi 7045,45 manat borc, ümumilikdə isə 7354,18 manat borc cavabdehlərdən müştərək qaydada alınaraq Bankın xeyrinə tutulmalıdır. Məhkəmə MPM-nin 119.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı da cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Göygöl Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 may 2025-ci il tarixli qətnamə ləğv edilsin. İddia tələbi təmin edilsin. 04 iyun 2021-ci il tarixli Razılaşmaya əsasən 300 manat əsas borc, 8,73 manat faiz borcu olmaqla cəmi 308,73 manat, 22 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7011,62 manat əsas borc, 33,83 manat faiz borcu olmaqla, cəmi 7045,45 manat borc, ümumilikdə isə 7354,18 manat borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 93,55 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1424/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1424/2025
27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver