Məhkəmə qərarları › İş №2(104)-1426/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1426/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1426/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-678/2017 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Kərimova (Xanlarova) Sabiqə Bayandur qızına qarşı borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(021)-678/2017 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh1 "xxxx" ASC ilə bağlanmış 21 iyul 2014-cü il tarixli, 413-14B saylı kredit müqaviləsi üzrə 9994,73 manat əsas, 7995,90 manat faiz, 398,74 manat dəbbə pulu, cəmi 18389,37 manat, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzində 30 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Para BOKT ASC-nin xeyrinə verilməsi, Cavabdeh1 Para Bokt ASC-yə olan kredit borcu bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bərdə rayonu, Alaçadırlı kəndində 0.08 ha torpaq sahəsində yerləşən 81.8 kv.m yaşayış, 206.6 kv.m yardımçı, 288.4 kv.m ümumi sahədən ibarət 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Fərdi yaşayış evi açıq hərracda satılaraq banka olan borcun ödənilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 21.000 manat müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və X2 yaşadıqları Bərdə rayonu Alaçadırlı kəndində yerləşən fərdi yaşayış evindən həmin ev açıq hərracdan satıldıqdan sonra 1 ay müddətindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-678/2017 nömrəli qərardadı ilə, iş üzrə Cavabdeh1 Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli, 2(021)-678/2017 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti, şikayət vermə müddəti buraxıldığından geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(021)-678/2017 nömrəli qərardadı (hakim Elsun Əhmədov) ilə, Cavabdeh1 Bərdə Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(021)-678/2017 nömrəli qərardadından verdiyi şikayət, şikayət vermə müddəti buraxıldığından geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini, vəsatətinin təmin edilərək mülki işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2017 -ci il tarixli 2(021)-678/2017 nömrəli qətnaməsinin surəti 18 sentyabr 2017-ci il tarixdə poçt ünvanına göndərilmişdir. Qeyd olunan Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(021)-678/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, Bərdə Rayon Məhkəməsin 03 may 2018-ci il tarixli, 2(021)- 678/2017 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin 03 may 2018-ci ilə tarixli, 2(021)-678/2017 nömrəli qərarının surəti poçt vasitəsi ilə 03 may 2018-ci il tarixində ünvanına göndərilmişdir. Bundan sonra 14 iyun 2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin 03 may 2018 -ci il tarixli, 2(021)-678/2017 nömrəli qərardadının surətini alaraq şikayət vermiş və qərardadın ləğv edilərək, mülki işin apellyasya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(021)-678/2017 nömrəli qərardadı ilə şikayəti geri qaytarılmışdır. Qərardaddan narazıdır və qərardadı qanunsuz hesab edir. Belə ki, "xxxx" ASC-nin iddia ərizəsi Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuş və mülki işə baxan hakim onun iştirakı olmadan yalnız iddiaçının izahatını əsas tutaraq, yanlış nəticəyə gələrək iddia tələbini təmin etmişdir. Qətnamədən məlumatı olmamış, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin ona məlumat verdiyi zaman xəbər tutmuşdur. Qətnamədən narazı qaldığı üçün 03 mayın 2018-ci il tarixdə apellyasiya şikayət vermiş, lakin apelyasiya şikayəti geri qaytarlaraq qəbul olunmuş qətnaməni 18 sentyabr 2017-ci il tarixdə aldığı iddia edilir. Halbu ki, qətnaməni 18 sentyabr 2017-ci il tarixdə almamış və heç bir sənədə imza etməmişdir. Apellyasiya şikayəti verilmə müddətini ötürməmişdir. Apellyasiya şikayətinin geri qayıtması haqqında qərar qəbul olsa da onun belə bir qərardad qəbul olunduğundan heç bir məlumatı olmamışdır və qərarın surəti bu vaxta qədərə ona verilməmişdir. Bərdə Rayon Məhkəməsinin 03 may 2018 -ci il tarixli 2(021)- 678/2017 nömrəli qərardadın surətini 14 iyun 2021-ci il tarixdə rəsmi şəkildə almış, qərardadından şikayət vermiş, Bərdə rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(021)- 678/2017 nömrəli qərardadı ilə şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə vəsatət vermədiyindən şikayəti geri qaytarılmışdır. Lakin, Bərdə rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(021)-678/2017 nömrəli qərardadından da məlumatı olmamışdır. Hesab edir ki, göstərdiyi bütün əsaslara görə Bərdə rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(021)-678/2017 nömrəli qərardadı qanunsuz qəbul olunduğu üçün həmin qərardad ləğv edilməli və mülki iş apellyasiya məhkəməsinə göndərilməlidir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-678/2017 nömrəli nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-678/2017 nömrəli qərardadı tam və xx.xx.2024-cü il tarixli, 2(021)-678/2017 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qərardad çıxarılmaqla, iş materialları hərəkətlər edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasınin MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Azərbaycan Respublikasınin MPM-in 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasınin MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikasınin MPM-in 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra Azərbaycan Respublikasınin MPM-in 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikasınin MPM-in 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Bundan əlavə elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. (Mülki Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələri) Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 227.4-cü maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Baxılan iş üzrə qətnamənin surətinin Cavabdeh1 rəsmi qaydada verilib-verilməməsi araşdırılarkən müəyyən olunur ki, mülki işin 80-ci səhifəsində qətnamənin surətinin Cavabdeh1 göndərilməsi barədə məktub vardır. Lakin, həmin məktubun göndərilməsi (poçt müəssisəsinə verilməsi), habelə cavabdehə çatdırılması barədə iş materiallarında hər hansı sübut yoxdur. Yəni, qətnamənin surəti xx.xx.2017-ci il tarixli məktubla cavabdehə Azərbaycan Respublikasınin MPM-in 135.5-ci maddəsində müəyyən olumuş rəsmi qaydada verilməmişdir. İşin bu halı o nəticəyə gəlməyə əsas verir ki, qətnamənin surətinin xx.xx.2017-ci il tarixli məktubla Cavabdeh1 göndərilməsinə istinad etməklə qətnamədən apellyasiya qaydasında şikayət verilməsi üçün Azərbaycan Respublikasınin MPM-in 135.5-ci maddəsində müəyyən olunmuş müddətin axımının başlanması barədə mülahizə əsassızdır. Tərəfə çatdırılmamış qətnamədən şikayət vermə müddətinin axımı başlanmamışdır. Axımı başlanmamış müddətin bitməsi isə məntiqi deyildir. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericlikdə müəyyən edilmiş 1 ay müddətin ötürülməsi müəyyən edilməmişdir. Belə ki, hazırki mülki işin 87-ci səhifəsində olan xx.xx.2018-ci il tarixli məhkəmə qərardadında, Cavabdeh1 və digər cavabdehlərin məhkəmə qətnaməsinin surətini xx.xx.2017-ci il tarixdə qəbul etməsi qeyd edilsə də, həmin qətnamənin sonuncular tərəfindən hansı qaydalar ilə rəsmi olaraq qəbul etməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasına mübahisələndirmək üçün müəyyən olunmuş müddəti ötürməmişdir. Lakin, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış, şikayətin təmin olunmaması barədə nəticəyə gəlmişdir ki, bu da qanuna ziddir. Ümumiyyətlə birinci instansiya məhkəməsi ərizənin rədd olunmasının konkret əsasını açıq şəkildə göstərməmiş, bunu əsaslandırmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin hansı sübutlara istinad etməsi və nəyə görə şikayətin verilməsi üçün müəyyən edilmiş müddətin ötməsi barədə mövqeyi aydın deyildir. Elə bu hal qərardadın ləğv olunması üçün kifayətdir. Çünki, Azərbaycan Respublikasınin MPM-in məhkəmə qərardadının məzmununu müəyyən edən 264.0.5-ci maddəsinin tələbinə görə, ayrıca akt şəklində qəbul edilən qərardadda başqa hallarla yanaşı məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, məhkəmənin 18 sentyabr 2017-ci il tarixli qətnaməsinin Cavabdeh1 çatdırılması işin hazırki halları ilə müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasınin MPM-in 14.1-ci maddəsinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Odur ki, cavabdehin dəlilinin həqiqətə uyğun olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən tam və ətraflı araşdırılma aparılmalıdır. Bu aspektdən məhkəmə tərəfindən zərurət olduqda bu halların düzgün araşdırılması üçün müvafiq poçt rabitə orqanına müvafiq sorğu verilməklə, həqiqətən də mübahisəli məhkəmə qətnaməsinin Cavabdeh1 çatdırılıb-çatdırılmaması müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı qərarında da qeyd etmişdir ki, ədalətli araşdırma hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarı əsaslandırsın. Avropa Məhkəməsi məhkəmələr tərəfindən məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Bu mənada yalnız hüquq normalarının sadalanması hələ qərarın əsaslandırılması hesab olunmur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasınin MPM-in qətnamələr üçün 217.1-ci maddəsində müəyyən etdiyi qanunilik və əsaslılıq tələbi eyni zamanda bütün məhkəmə aktlarına, o cümlədən qərardadlara da şamil olunur. Qanunilik və əsaslılıq məhkəmə aktının xüsusiyyətidir. Məhkəmə aktının qanuniliyi onun qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olmasını ehtiva edir. Əsaslılıq dedikdə isə, məhkəmə aktında baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktların əks etdirilməsi, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsinin onda şərh edilməsi, göstərilən halların işin materiallarına uyğun olması nəzərdə tutulur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasınin MPM-in 269-cu maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxarkən də heç bir əsaslandırma aparmadan şikayəti rədd etmişdir. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Birinci instansiya məhkəməsinin araşdırması yarımçıq, formal xarakter daşımaqla yetərincə əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-678/2017 nömrəli qərardadı tam və xx.xx.2024-cü il tarixli, 2(021)-678/2017 nömrəli qərardadı isə qismən ləğv edilməli, iş materialları hərəkətlər edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasınin MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasınin MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasınin MPM-in 133, 263, 264, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-678/2017 nömrəli qərardadı tam və xx.xx.2024-cü il tarixli, 2(021)-678/2017 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi - hissəsində ləğv edilsin. Mülki iş materialları Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün araşdırılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar