Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1427/2025 22.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi) maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(125)-112/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xanlar rayon X3 Rəyasət Heyətinin 16 mart 1994-cü il tarixli, 03 saylı qərarı ilə mərhum atası X2 verilmiş və hazırda Gəncə şəhəri Cumhuriyyət küçəsində yerləşən 0.06 ha torpaq sahəsinin ölçmə işlərinin aparılması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneənin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2(125)-112/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin əməkdaşları tərəfindən, Xanlar rayon X3 Rəyasət Heyətinin 16 mart 1994-cü il tarixli, 03 saylı qərarı ilə mərhum X2 ayrılmış Xanlar rayonu Hacıməlik qəsəbəsində yerləşən 0,06 hektar (hazırda Gəncə şəhəri, Cümhuriyyət prospektində yerləşən) torpaq sahəsinin ölçmə işlərinin aparılmasına maneə törədilməsinin Cavabdeh qadağan edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 2(125)-112/2025 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-112/2025 nömrəli 27 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in 361.1ci maddəsinin tələbinə riayət edilmədiyi, apellyasiya şikayəti üçün müəyyən edilmiş formaya uyğun verilmədiyi və apellyasiya şikayətinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq sənəd əlavə edilmədiyi üçün ona əlavə edilmiş sənədlərlə, o cümlədən prosessual müddətin bərpasına dair vəsatətlə birgə geri qaytarılması qərara alınmışdır. Bundan sonra, Cavabdeh təkrarən qətnamədən apellyasiya şikayəti, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2025-ci il tarixli 2(125)-112/2024 saylı qərardadı ilə, 27 fevral 2025-ci il tarixli 2(125)-112/2025 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmənin 27 fevral 2025-ci il tarixli, 2(125)-112/2025 saylı qətnaməsindən narazı olduğuna görə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdir. Verdiyi apellyasiya şikayəti elektron sistem vasitəsi ilə geri qaytarılmışdır. Onun da elektron sistemdən anlayışı yoxdur, hətta ona necə daxil olmağı da bilmir. Apellyasiya Məhkəməsinə prosesin gecikdirilməsi ilə müraciət etmişdir. Orada ona bildirilmişdir ki, Gəncə Şəhər Məhkəməsindən onlara apellyasiya şikayəti daxil olmayıb, Gəncə Şəhər Məhkəməsinə müraciət etsin. O da ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Orada ona bildirilmişdir ki, ödəniş az olduğundan apellyasiya şikayətinin geri qaytarılması barədə məhkəmə aktı çıxarılmışdır. Bundan da xəbəri olmamışdır. Poçt vasitəsi ilə qərardadın surəti ona çatmamışdır. O, 27 may 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. O, adı çəkilən qərardadın surətini 30 may 2025ci il tarixdə Gəncə Şəhər Məhkəməsinin dəftərxanasından almışdır. Beləliklə göründüyü kimi, o, vaxtında apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməmişdir. Belə çıxır ki, o, üzrlü səbəbdən prosessual müddəti bilmədən ötürmüşdür. Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(125)-112/2025 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə Cavabdeh ərizəsinin təmin edilməməsi; Gəncə Şəhər Məhkəməsinin 2(125)-112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən narazı olduğu üçün apellyasiya şikayəti vermək istəmiş və apellyasiya şikayətinin tərtib edilməsi üçün nümayəndə kimi fəaliyyət göstərən şəxslə danışıb xahiş etmişdir ki, apellyasiya şikayəti tərtib edərək “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirsin. Bundan sonra adına “Asan İmza” açılmış və onun adına olan “Asan İmza” ilə xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş qətnamədən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Lakin, apellyasiya şikayəti məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmış və cavabdehə qərardadı aldığı vaxtdan 10 gün müddətində nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti (prosessual müddət ötürüldüyü təqdirdə şikayət vermə müddətinin bərpasına dair vəsatətlə birlikdə) ilə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardad xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Lakin, onun elektron sistemdən anlayışı olmadığından bu barədə məlumatı olmamış və məhkəmə tərəfindən rəsmi olaraq poçt vasitəsi ilə həmin qərardad ona göndərilməmişdir. Nümayəndə isə işin gedişatı ilə isə maraqlanmamışdır. O, dəfələrlə apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsinə gəlib-gəlməməsi ilə bağlı müraciət etmişdir, lakin bildirilmişdir ki, iş gəlməmişdir. Bundan sonra o, 27 may 2025-ci il tarixdə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və 30 may 2025-ci il tarixdə sözügedən qərardadın surətini almışdır. xx.xx.2025-ci il tarixdə yenidən nümayəndə tərəfindən onun adına olan “Asan İmza” ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə apellyasiya şikayəti və qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin Gəncə Şəhər Məhkəməsinin 2(125)- 112/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmış və apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə əldə etdiyi qətnamədən nöqsanları aradan qaldırmaqla xx.xx.2025-ci il tarixədək apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə verməli olduğu halda, yenidən qətnamədən şikayət ilə birlikdə prosessual müddətin bərpası barədə ərizəsini xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmiş, bununla da prosessual müddəti ötürmüşdür. Elektron kabinetə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş qətnamədən ilk dəfə apellyasiya şikayəti nümayəndə tərəfindən onun adından xx.xx.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmiş, yəni apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmədən verilmişdir. Lakin apellyasiya şikayəti nümayəndə tərəfindən nöqsanlarla tərtib edildiyindən məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş geri qaytarılmışdır. Bir daha qeyd edilir ki, cavabdehin elektron sistemdən anlayışı olmadığından, məhkəmə tərəfindən rəsmi olaraq poçt vasitəsi ilə həmin qərardad cavabdehə göndərilmədiyindən və nümayəndə tərəfindən işlə maraqlanmadığından onun bu qərardaddan xəbəri olmamışdır. O, yalnız 30 may 2025-ci il tarixdə rəsmi olaraq məhkəmədən sözügedən qərardadın surətini almış və qətnamədən nümayəndə tərəfindən şikayət ilə birlikdə prosessual müddətin bərpası barədə ərizə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir, yəni apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi onun öz iradəsindən asılı olmayan hallardan dolayı vaxtında şikayətlə müraciət edə bilməmişdir. Hazırda cavabdeh, apellyasiya şikayətinə qanunvericiliklə müəyyən edilmiş qaydada düzəliş edib şikayəti yenidən vermək istəyir. Hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən buraxmışdır. Gəncə Şəhər Məhkəməsinin 24 iyun 2025-ci il tarixli 2(125)-112/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən olunur ki, Gəncə Şəhər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2(125)-112/2025 nömrəli qətnaməsinin surəti 21 mart 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış Cavabdeh kabinetinə yerləşdirilmişdir. Cavabdeh tərəfindən 01 aprel 2025-ci il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötmədən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən, habelə apellyasiya şikayətinin formasında MPM-nin 361-ci maddəsinə uyğunsuzluq olduğundan məhkəmənin 04 aprel 2025-ci il tarixli 2(125)-112/2025 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra, Cavabdeh 04 iyun 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabient vasitəsilə qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxıllmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi barədə ərizəni təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Nəzərə almaq lazımdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (X1 şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı). Mülki prosessual qanunvericiliyə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İnsan və vətəndaş hüquq və azadlıqlarının müfadiəsinin vasitələrindən biri də məhkəmə müdafiəsi hüququdur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquqlar birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi yolu ilə həyata keçirilir və həmin şikayətlər apellyasiya və kassasiya qaydasında baxılan işlər üzrə qəbul ediləcək qərarların ədalətli həll olunmasına yönəlir. Məhkəmə müdafiəsi hüququnun səmərəliliyi bir sıra amillərdən, o cümlədən mülki işə baxılarkən yol verilmiş məhkəmə səhvlərinin, yəni maddi və prosessual hüquq normalarının pozulması hallarının aradan qaldırılması imkanının müəyyən olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də qüvvədə olan mülki prosessual qanunvericilik mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarına yenidən baxılması imkanlarını nəzərdə tutmuşdur. İşin hallarını, yəni cavabdeh tərəfin qətnamənin surətini aldıqdan sonra vaxtında apellyasiya şikayəti verdiyini, lakin apellyasiya şikayətinin tərtibində nöqsana yol verildiyini, bu səbəbdən prosessual müddətin ötürülməsini, daha sonra isə həmin nöqsanların aradan qaldırıldığını nəzərə alaraq kollegiya hesab edir ki, prosessual müddətin buraxılması üzrlü hesab edilməli və həmin müddət bərpa edilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(125)-112/2025 nömrəli qərardadı ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2(125)-112/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilsin. Buraxılmış prosessual müddət bərpa edilsin və Cavabdeh tərəfindən Gəncə Şəhər Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2(125)-112/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1427/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1427/2025
22.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver