Məhkəmə qərarları › İş №2(104)-1430/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1430/2024

21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1430/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 03 may 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qərardadından Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus “Toyota Prius” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərin əvəzi olaraq 1596 (bir min beş yüz doxsan altı) manat məbləğində, aprel ayı üçün icarə haqqından qalmış 400 (dörd yüz) manat borcun, ümumilikdə 1996 (bir min doqquz yüz doxsan altı) manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin əvəzi olaraq 1596 (bir min beş yüz doxsan altı) manat, 2023-cü ilin aprel ayı üçün icarə haqqından ödənilməmiş qalan 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 1996 (bir min doqquz yüz doxsan altı) manat pul və məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə 27 mart 2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Şəhər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti MPM-ə 2 saylı Əlavə ilə müəyyən edilmiş formaya uyğun olmaması, həmçinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə verilməməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə 09 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti prosesual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə 24 aprel 2024-cü il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması barədə ərizə vermiş və ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cüil tarixli 2(125)-128/2024 nömrəli qətnaməsinin surətini 28 fevral 2024-cü il tarixdə poçt vasitəsi ilə almış və 27 mart 2024-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet üzərindən göndərilmədiyindən geri qaytarılmışdır. Sonradan qanunvericiliyin tələblərinə riayət etməklə yenidən sözügedən qətnamədən apellyasiya şikayəti vermis, bu səfər isə apellyasiya şikayəti vermə müddəti üzrlü səbəb olmadan buraxıldığına görə apellyasiya şikayəti geri qaytarılmışdır. 2024-cü ilin mart ayında Novruz Bayramı ilə əlaqədar çoxlu qeyri-iş günlərinin olması ilə əlaqədar apellyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən buraxılmışdır. Gəncə Şəhər Məhkəməsinin 03 may 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qərardadı ilə (hakim Zaman İmanov) Gəncə Şəhər Məhkəməsinin 2(125)-128/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizəsi əsassız olduğundan rədd edilməsi və həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina olunması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə prosessual müddətin bərpası barədə ərizədə qeyd olunanlarla yanaşı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən 27 mart 2024-cü il tarixdə, yəni qətnamə rəsmi surətdə verildiyi tarixdən 1 (bir) ay ərzində apellyasiya şikayəti vermişdir. Bundan sonra müddətin bərpa edilməsi barədə müraciət etməsinə baxmayaraq, məhkəmə əsassız olaraq müddətin bərpasını rədd etmişdir. Halbuki, onun tərəfindən MPM-nin 360-cı maddəsinin tələbləri pozulmamışdır, yəni apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddət ötürülməmişdir. Gəncə Şəhər Məhkəməsinin 22 may 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 03 may 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 22 may 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən olunur ki, Cavabdeh hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı vəkil Nümayəndə ilə müqavilə bağlamış, eləcə də onun adından müvafiq səlahiyyələri həyata keçirmək üçün adı qeyd olunan vəkilə etibarnamə vermişdir. Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(125)- 128/2024 nömrəli qətnaməsinin surəti poçt vasitəsilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə ünvanına göndərilmiş və 28 fevral 2024-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilərək qətnamənin surəti nümayəndə (vəkil) tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Cavabdeh adından sonuncunun nümayəndəsi (vəkil) 27 mart 2024-cü il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmədən qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Şəhər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti MPM-ə 2 saylı Əlavə ilə müəyyən edilmiş formaya uyğun olmaması, həmçinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə verilməməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə 09 aprel 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və Gəncə Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti prosesual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsi cavabdehin nümayəndəsinə (vəkil) bəlli olduqdan sonra sonuncu qısa zaman kəsiyində hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti ötürülməsi barədə ərizəni təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İşin hallarını, yəni cavabdeh tərəfin qətnamənin surətini aldıqdan sonra vaxtında apellyasiya şikayəti verdiyini, lakin apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilməməsi və daha sonra isə apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi əsası ilə həmin şikayətlərin geri qaytarıldığını, hazırda isə həmin nöqsanların aradan qaldırıldığını nəzərə alaraq kollegiya hesab edir ki, prosessual müddətin buraxılması üzrlü hesab edilməli və həmin müddət bərpa edilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 133, 263-264, 398.0.3 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 03 may 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 22 may 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə ərizəsi təmin edilsin. Buraxılmış prosessual müddət bərpa edilsin və Cavabdeh Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(125)-128/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qəbul edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar