Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1430/2025 05.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul vəsaitinin qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(076)-954/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 05 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2023-cü il tarixli əlyazma qəbzin məzmunundan görünür ki, Cavabdeh İddiaçı 2800 manat borcludur. Cavabdeh borcunu 2024-cü ilin fevral ayında geri qaytaracağını öz öhdəsinə götürmüşdür (qəbz Cavabdeh tərəfindən icra edilmişdir);
2. Bir ədəd əlyazma qəbzdə qeyd edilmişdir ki, Əlimirzəyeva X1 Elnarədən iki min səkkiz yüz borca pul almışdır, 2024-cü ilin fevral ayına qaytarıb verəcək (qəbzdə tarix qeyd edilməmişdir);
3. Cavabdeh bank kartının hesabdan çıxarışından görünür ki, o, İddiaçı bank kartına ona borclu olduğu 2800 manat məbləğdən 2023-cü ilin dekabr ayından sonrakı müddətdə 2684 manat məbləğdə pul köçürmüşdür.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bütünlüklə çəkdiyi xərclərin dəyəri olan 2800 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 350 manat manat pulun, eləcə də dövlət rüsumu əvəzinin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.12.,2023-cü il tarixdə cavabdeh ona müraciət edərək ona 2800 manat məbləğində borca pul verməsini xahiş etmişdir. O, da cavabdehi tanıdığı və etibar etdiyi üçün ona 2800 manat pulu vermişdir. Cavabdeh ondan aldığı borcunu 2024-cü ilinin fevral aymadək qaytaracağını bildirdi. Həmin vaxt cavabdeh 2800 manat borcu 2024-cü ilin fevral ayınadək qaytaracağı barədə öhdəlik götürərək yazılı qəbzlə təsdiq etmişdir. Cavabdeh pul qaytarmağa söz verdiyi müddət başa çatdıqdan sonra onun borcunu qaytarmamışdır. Bir neçə dəfə cavabdehə borcunu ödəməsini tələb etsə də, cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Bundan sonra bir neçə dəfə cavabdeh ona borcunu qaytaracağı barədə söz versə də o, vədinə əməl etməmişdir.
6. Şəmkir Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(076)-954/2025 nömrəli qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddia təmin edilərək, Cavabdeh 116 (yüz on altı) manat məbləğində pul alınıb İddiaçı verilməsi; Cavabdeh 12 (on iki) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427 və 739.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında təqdim olunmuş cavabdeh tərəfindən imzalanmış qəbzlərdən görünür ki, o, müxtəlif vaxtlarda cavabdehə pul vermişdir. Onun tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 2800 manat və 2023-cü ilin dekabr ayında 2800 manat pul verilmişdir. Həmin pullar ümumilikdə 6700 manat təşkil etməkdədir. Qeyd edir ki, həmin pullardan əvvəldə cavabdehə borca pul vermişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş cədvəli də cavabdehin ümumilikdə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 3875 manat ona olan borcundan qaytarması müəyyən olunur. O, isə cavabdehə 2024-cü ilin dekabrında borcunun qaytarması barədə pretenziya məktubunu göndərmişdir. Sonra məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Yəni, cavabdeh pulu ödənilməsini 2024-cü ilin oktyabr ayında dayandırdqdan sonra cavabdehə qarşı iddia qaldırmışdır. Lakin məhkəmə işi araşdırarkən cavabdehin verdiyi cədvələ əsaslanmış, ancaq onun cavabdehə verdiyi əvvəlki yəni, 700, 400 və 2800 manat verdiyi pullara münasibət bildirməyrək sübutları obyektiv və ədalətli araşdırmamışdır. Ümumiyyətlə onun tərəfindən cavabdehə verdiyi əvvəlki borclarla bağlı məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Qeyt edir ki, cavabdehin təqdim etdiyi cədvəldə ona verdiyi pullar və onun nə qədər ödəniş etməsi və məbləğlərdən hazırkı iddia tələbi ilə 2800 manat borcu qalması tam təsdiq olunmaqdadır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Proses iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıdan hissə-hissə olmaqla cəmi 2800 manat borc (sələm) götürmüşdür. Özünə məxsus bank kartından da iddiaçının bank kartına müxtəlif vaxtlarda pul köçürtmüşdür. Hətta iddiaçıda ona məxsus iki ədəd üzük və sənədi vardır. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçıya cəmi 116 manat borcu qalmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
28. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddianın təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh 2800 manat borc verilmiş və sonuncu borcunu 2024-cü ilin fevral ayınadək qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli əlyazma qəbz tərtib edilmişdir. Bununla belə, müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı bank kartına ona borclu olduğu 2800 manat məbləğdən 2023-cü ilin dekabr ayından sonrakı müddətdə 2684 manat məbləğdə pul köçürtmüşdür. İddiaçı borc məbləğinin cavabdeh tərəfindən ödənilmədiyini əsas gətirərəək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
31. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
32. Yuxarıda da göstərildiyi kimi İddiaçı tərəfindən Cavabdeh 2024-cü ilin fevral ayınadək qaytarmaq şərtilə 2800 manat borc verilmiş və cavabdeh iddiaçının bank kartına ona borclu olduğu 2800 manat məbləğdən 2023-cü ilin dekabr ayından, yəni borc verilən aydan sonrakı müddətdə 2684 manat məbləğdə pul köçürtmüşdür (iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında pul vəsaitinin köçürüldüyü bank kartının iddiaçıya məxsus olduğunu bildirmişdir).
33. Apellyatorun dəlili ondan ibarət olmuşdur ki, əslində cavabdeh başqa vaxtlarda da ondan borc almış və cavabdeh tərəfindən ona məxsus bank kartına köçürülmüş pul vəsaitləri xx.xx.2023-cü il tarixdə verilmiş borca görə deyil, başqa borc məbləğlərinə görə ona ödənilmişdir; Cavabdeh isə iddiaçının bu dəlilinə etiraz edərək iddiaçıdan aldığı borcun cəmi məbləğinin 2800 manat olduğunu bildirmişdir.
34. Məhkəmə kollegiyası apellyatorun bu dəlilini əsassız sayaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli əlyazma qəbzdə cavabdehin iddiaçıdan 2800 manat borc pul almış olduğu qeyd edilmiş, lakin qəbzdə borcun hansı tarixdə verilmiş olması göstərilməmişdir. İddiaçı qəbzdə göstərilən 2800 manat vəsaitin məhz qəbzin tərtib edildiyi tarixdə (xx.xx.2023-cü il) cavabdehə verildiyini iddia etsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Bir sözlə, iddiaçı tərəf irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.
35. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
36. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
38. Lakin, iddiaçı bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.
39. Digər tərəfdən, iddiaçının bildirdiklərindən belə bir nəticə hasil olur ki, sanki iddiaçı cavabdehə 2800 manatdan başqa əvvəllər də borc vermiş və cavabdeh həmin borcu qaytarmadığı halda, iddiaçı yenidən ona borc (2800 manat vəsaiti) vermişdir. Kollegiya bu dəlili ağlabatanlıq meyarları əsasında təhlil edərək vurğulayır ki, əgər iddiaçının bildirdiyi kimi iddiaçı tərəfindən cavabdehə əvvəllər borc verilmişdirsə və cavabdeh həmin borcu geri qaytarmadığı halda cavabdehə iddiaçının yenidən 2800 manat borc verməsi də inandırıcı və məntiqli deyildir.
40. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq yoxlanılan hissədə iddianı təmin etməmişdir. Məhkəmənin həmin hissədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(076)-954/2025 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.