Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1433/2025 30.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdehn iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1209/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1209/2025 saylı qətnaməsi ilə (hakim Z.Allahyarov) iddianın təmin edilməsi, Cavabdeh 670 (altı yüz yetmiş) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 1209/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barə dəyeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 670 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəxsi “Kamaz” markalı maşını ilə tikinti materiallarının daşınması, alqı-satqısı ilə məşğul olur. Cavabdehi 2024-cü ilin may-iyun aylarından tanımışdır. Belə ki, cavabdeh həmin vaxtlarda ona zəng edərək ondan mərmər daşının qırıntısı və tozunu sifariş vermiş, o da 1 tonu 30 manat olmaqla gətirmişdir. Hər dəfə cavabdeh onun pulunu vermişdir. Lakin sonuncu dəfə 19 ton mərmər tozu gətirdikdə, cavabdeh 570 manat mərmər tozunun pulu və 100 manat yol pulu olmaqla, cəmi 670 manat pulu verməmiş və qısa müddətdə ödəyəcəyini demişdir. Aradan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh 670 manat pulu verməmişdir. Bununla əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, müraciətindən sonra onu Şəmkir Rayon Polis Şöbəsinə çağırmışlar. Orada araşdırma aparılmış və tələbi mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 670 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, o, iddia tələbini qəbul etmir. Onun İddiaçı heç bir borcu yoxdur. Məhkəmə sadəcə iddiaçının və şahidlərin ifadələrinə əsaslanaraq hazırkı qətnaməni qəbul etmişdir. Hesab edir ki, apellyasiya instansiya məhkəmə tərəfindən hazırkı iddia tələbi yenidən araşdırılmalı və sübutlara ədalətli və obyektiv qiymət verilməlidir. İşə baxan birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan halları hökmən araşdırmağa borcludur. Lakin məhkəmə işin faktiki hallarında qeyd olunan halları araşdırmamış, bununla da məhkəmə tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək cavabdehin sonuncu dəfə gətirdiyi yükə görə ödəməli olduğu 670 manat pulu ona ödəmədiyini bildirdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Nəriman adlı şəxsin pulunu ödəməməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı “Kamaz” markalı avtomaşın sürücüsü olmaqla yükdaşıma ilə məşğul olur və 2024-cü ildə Cavabdeh sifarişi ilə ona bir tonu 30 manat hesabı ilə bir neçə dəfə mərmər daşının qırıntısı və tozunu gətirmiş, sonuncu dəfə gətirmiş olduğu yükün pulu cavabdeh tərəfindən ödənilməmişdir. Odua ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, mübahisə barədə dəqiq ifadələr verərək, cavabdehin iddiaçının pulunu qaytarmamasını konkret olaraq göstərmişlər. Ona görə də məhkəmə, həmin şahid ifadələrini sübut növü kimi qəbul edilməsini əsaslı hesab edir və mübahisənin düzgün həlli zamanı nəzərə alır. Məhkəmə işin yuxarıda araşdırılmış hallarına əsasən qeyd edir ki, cavabdeh iddiaçının gətirdiyi mərmər daşının qırıntısı və tozunun dəyəri olan 670 manat pulu iddiaçıya verməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, o, heç bir hüquqi əsas olmadan əldə etdiyi 670 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 670 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda tərəflərin mübahisələndirdikləri məbləğ 3000 manatdan az, yəni 670 manatdır. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında müqavilənin yazılı formada bağlanmasına zərurət olmamışdır. Cavabdeh iddiaçıdan aldığı 670 manat dəyərində mərmər tozunun dəyərini qaytarmaqdan imtina etdiyinə görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıdan aldığı malın dəyərini ödədiyini və ona borcunun olmamasını bildirsə də, birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də cavabdehin iddiaçıya borclu qaildığı təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 1209/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 1209/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(104)-1433/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1433/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver