Məhkəmə qərarları › İş №2(104)-1439/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1439/2023

13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1439/2023 13.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması, əlavə xərclərə cəlb olunması və əlavə xərclərin tutulması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(066)-338/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması, əlavə xərclərə cəlb olunması və əlavə xərclərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin gəlirləri dəyişkən və qeyri müəyyən olduğuna görə himayəsində olan oğulları xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 üçün onun xeyrinə cavabdehin gəlirlərindən (qazancından) hər uşağa görə hər ay Göygöl Rayon Məhkəməsinin qətnaməsinə əsasən 130 manat tutulması müəyyən olunmuş sabit məbləğdə alimentin miqdarının artırılaraq hər uşaq üçün hər ay 225 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin cavabdehin gəlir və qazancından onun xeyrinə tutulması barədə və həmçinin xəstə olan xx.xx.2012-ci il təvəllüdlü X11 xəstəlik və müalicə üçün çəkdiyi 1700 manat əməliyyat və müalicə xərcinə, 200 manat yol xərcinə görə cavabdehin əlavə xərcə cəlb olunması və həmin pulun cavabdehdən alınıb ona ödənilməsi barədə və həmçinin mediasiya üçün ödədiyi 50 manat xidmət haqqının və məhkəmə üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(066)-338/2023 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) iddia qismən təmin edilərək, Cavabdeh 02 avqust 2007ci il təvəllüdlü X9 və 19 avqust 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün təyin edilmiş 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində müəyyən edilməsi, uşaqların müayinə və müalicəsi üçün İddiaçı xərclədiyi 1000 (bir min) manat məbləğində pulun 500 (beş yüz) manatının, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 31 mart 2023-cü il tarixli, 2(066)-338/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh ilə 29 may 2012-cu il tarixdə məhkəmə qətnaməsi ilə nikah qeydiyyatları pozulmuşdur. Cavabdehlə birgə nikahlarından olan övladları xx.xx.2007-ci il təvvəllüdlü X18 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Göygöl rayon Məhkəməsinin müvafiq sonuncu qətnaməsinə əsasən hər uşağa, hər ay 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment tutulması müəyyən edilmişdir. Belə ki, 2021-ci ildən aliment üzrə uşaqlar üçün yaşayış minumu 175 manat müəyyən edilmişdir. 2022-ci il tarixdə isə uşaqlar üçün yaşayış minumumu 195 manat müəyyən edilmişdir. Uşağın saxlanılması üçün hazırda cavabdehin ödədiyi aliment həddən artıq azdır və yaşayış minumu haqqında qanunun qoyduğu tələblərə tamamilə ziddir. İddiaçı övladlarının saxlanılması üçün hər ay 200 manatdan çox pul xərcləyir. Başqa bir tərəfdən isə uşaq üçün çəkilən bütün əlavə xərcləri də o, çəkir. Uşağın məktəb xərclərini, geyimlərini, xəstəlik xərclərini və digər əlavə xərcləri də o, təkbaşına çəkməli olur. Cavabdeh heç bir əlavə xərcə ona köməklik etmir və heç bir maddi köməklik göstərmir. Cavabdeh əmək qabiliyyətlidir və aliment ödəmək iqtidarındadır, ara işləri ilə və fərdi əməklə məşğul olur. Son vaxtlar isə bildiyinə görə hansısa özəl mühafizə şirkətində işləyir. Hazırki iddia üzrə o, cavabdehi könüllü şəkildə əlavə xərclərə cəlb etdirə bilmədiyinə görə məcbur qalıb ona qarşı, həm alimentin miqdarının artırılması və əlavə xərclərin cavabdehdən alınıb ona verilməsi barədə iddia qaldırmalı olur. Özü oğulları X8 dodaq damaq yarığı müalicəsi əməliyyatı üçün 1000 manat əməliyyat olunması üçün ödəmişdir. Həmçinin "Dentalife" xəstəxanasında oğlunun əməliyyatı və müalicəsi həyata keçirilmiş, həmin klinika Bakı şəhərində yerləşir və ümumilikdə oğlunun müalicəsi üçün 1000 manatdan əlavə 700 manat da pul xərcləmişdir. Ümumilikdə həmin xəstəxanaya uşağın xəstəliyinə görə 1700 manat pul keçirtmişdir. Göygöl şəhərindən Bakı şəhərinə avtobuslar adamın birini 8 manata aparırlar və bəlkə də 10 dəfə Bakı şəhərinə gedib gəlmiş, hal-hazırda övladları Elxan Hümbətovun sağlamlıq vəziyyəti belədir ki, uşaqda dovşan dodaxlılıq xəstəliyi var. İddiaçı bütövlükdə uşağın xəstəliyi ilə bağlı yol xərci, müayinə, dərman və müəyyən tibbi preparatların əldə edilməsi ilə birlikdə hər ay davamlı olaraq xərc çəkir və davamlı olaraq pul xərcləyir. Lakin bu xərclərdə cavabdeh iştirak etmir və ya etmək istəmir. Mülki iş materiallarında olan: AZ-İİ seriyalı 919134 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X5 birgə nikahından 19 avqust 2012-ci il təvəllüdlü X19 anadan olmuşdur. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X10 arasında olan nikah ləğv edilmişdir. Göygöl Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)-402/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 02 avqust 2007-ci ildə anadan olmuş X7 və 19 avqust 2012-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit məbləğdə 120 manat olmaqla cəmi 240 manat müəyyən edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(104)- 3181/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh 02 avqust 2007-ci ildə anadan olmuş X7 və 19 avqust 2012-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit məbləğdə 130 manat olmaqla cəmi 260 manat müəyyən edilmiş və uşaqların müayinə və müalicəsi üçün İddiaçı xərclədiyi 1400 manat məbləğində pulun 700 manatı Cavabdeh tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Gəncə 1 saylı Mediasiya Təşkilatının 20 iyul 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci ödəmişdir. Bakı Baş Səhiyyə İdarəsinin “X22” Üz-çənə cərrahiyə şöbəsinin xx.xx.2014-cü il tarixli epikrizindən görünür ki, X12 iki tərəfli alveol çıxıntısının sərt və yumşaq damağın tam yarığı diaqnozu qoyulmuşdur. Dentalife MMC-nin xx.xx.2021-ci il tarixli pasient ödəniş kartından görünür ki, 19 avqust 2012-ci il təvəllüdlü X11 dodaq damaq yarığı müalicəsi üçün xüsusi funksional aparatlar təyin olunmuş və pasient ödənişin müəyyən olunmuş hissəsini (1000 azn) ödəmiş, qalan hissəsi növbəti ayda ödəniləcək. Qəbzdən görünür ki, Denta Life MMC-nin hesabına 1000 (min) manat ödənilmişdir. "xxxx" MMC-nin 51/2023 saylı 09 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 01 avqust 2018-ci il tarixdən "xxxx" MMC-də aylıq əmək haqqı 568,40 manat əmək haqqı almaqla mühafizəçi vəzifəsində çalışır. AZ İİ seriyalı 427489 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Hümbətov X13 Xədicə Taleh qızı ilə xx.xx.2021-ci il tarixdə nikahlarını qeyd etdirmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X6 ilə ailə quraraq bir yerdə yaşamaqla bir təsərrüfatı idarə etmişlər. İddiaçı ilə aralarında olan nikahdan xx.xx.2007-ci il təvəllüdlü X15 və xx.xx.2012-ci il təvəllüdlü X19 anadan olmuşdur. O, daima olaraq gücü çatan səviyyədə ailəni dolandırmağa çalışmış, lakin İddiaçı ailənin dağılmasına səbəbçi oldu. O, məhkəməyə müraciət edərək, onunla aralarında olan nikah akt qeydinin pozulmasını xahiş eldi. Göygöl rayon Məhkəməsinin mövcud qətnaməsi ilə, İddiaçı ilə aralarında olan nikah akt qeydi pozuldu, azyaşlıların onun yanında qalması, həmçinin azyaşlı uşaqlarin yetkinlik yaşına çatana kimi saxlanmaları üçün bir uşaq üşün 130 manat, iki uşaq üçün 260 manat aliment tutulması qət olundu. O, Şəmkir rayonunda yerləşən Aqro-parkda mühafizəçi işləyir, aylıq məvacibi 500 (beş yüz) manat təşkil edir. Həmçinin 2020-ci ililə Hümbət ova Xədicə Taleh qız ilə rəsmi nikaha girmiş, həmin nikahdandan uşağı hal-hazırda 8 aylıqdır. Onun aylıq qazancı ailənin saxlanmasına kifayət etmir. Bu səbəbdən ailənin maddi durumu, günün səviyyəsində saxlaya bilmir. İddiaçı, Göygöl şəhəri 1 saylı tam orta məktəbdə direktorun müavini vəzifəsində çalışır, aylıq qazancı 1000 (min) manatdan artıqdır. Əlavə oğlu Elxan üçün 250 (iki yiiz əlli) manat təqaüd alır, həmçinin uşaq hazırlayır. Mövcud qanunvericiliyə əsasən uşağın qayğısına qalmaq və onlarə tərbiyə etmək valideyinlərin borcudur. Həmçinin ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həmdə borcudur. Göstərilənlərə əsasən alimentin miqdarının müəyyən edilməsi, uşağın ilkin vəziyyəti nəzərə alınmalıdır. O, gücü çatan səviyyədə ailəni dolandırmışdır, dəbdəbəli həyat sürməmişdir. Bu səbəbdəndə uşaqlarımın əvvəlki dolanışıq səviyyəsində saxlamağa maddi durumu imkan verər. Onun belə bir çətin maddi durumunda olduğu halda, məhkəmə heç bir möhtəbər sübut gətirmədən bir uşaq üçün 180 manat, iki uşaq üçün 360 manat aliment miqdarının artırılması, həmçinin Uşağın müayinə və müalicəsi üçün 500 manat, mediasiya xərci üçün 50 manat, 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qət olunmuşdur. Bu tam həqiqətə uyğun olmayan yanlış bir qətnamədir. Bunun icrası mümkün deyil. O, bu məbləği necə qazana bilər. Bu onun üçün fantastik bir rəqəmdir. Bu hal onun ailəsinin yenidən dağılmasına bir bünövrədir. Bu qətnamə onun təminatının əsaslı dərəcədə aşağı düşməsinə, yeni qurduğu ailənin dağılmasına bir zəmindir. Məhkəmə, bu məbləğdə əmək haqqı verən təşkilat yoxdur ki, o, həmin yerdə işləyərək məhkəmənin qət etdiyi qətnaməsinin icrca etsin. Bu yerli şəraiti məhkəmə nəzərə alınmamışdır. Onun aylıq gəliri 500 manatdır. Belə olan halda 360 manat alimenti, 500 manat əlavə xərci, 50 manat mediasiya xidməti haqqını və 30 manat dövlət rüsumununun hansı mənbədən ödəməlidir. Ailənin hər bir üzvü üçün ehtiyac meyarı 243 manatdır. Bu meyar çatışmadıqda onu dövlətin "Ünvanlı Sosial Yardım" qanunu ilə dövlət tənzimləyir. İddiaçı həm dövlətdən sosial yardım alır, həmdə ondan olmayan qazancını tələb edir. Bu hal məhkəmədə araşdırılmadan qətnamə qəbul edir. Hansı ki, bu qətnamə dövlətin adından çıxarılsa da icrası mümkün olmadığını hakim əvvəldən bilir. Bu ədalətsiz qətnamədir. Məhkəmə alimentin miqdarını müəyyən edən zaman, onun maddi durumunu həmçinin qarşı tərəfin maddi durumu nəzərə alınmalı idi. Onun aylıq qazancı 500 manatdır. Lakin qarşı tərəfin aylıq qazancı 1000 manat, əlavə uşaq üçün 250 manat təqaüd, uşaq hazırlamaq üçün əldə olunan gəlir. Aralarında olan fərq məhkəmə qətnaməsində nəzə alınmamışdır. Məhkəmə heç bir sübuta sökənməyən alıment tutulması barədə qətnamə qət etmişdir. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmənin sualllarına cavab olaraq bildirdi ki, maddi imkanı məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğini ödəməyə imkan verməyəcək. Həmçinin uşağın müalicəsi üçün 1000 manat xərcin olması ağılabatam deyil. Həmçinin o, yenidən ailə qurmuş və hazırda həmin nikahdan bir azyaşlı uşağı vardır. Həmçinin iddiaçı özü məkətbdə işləməklə yüksək əmək haqqı alır. Bundan əlavə, onların birgə nikahından doğulmuş Elxan adlı uşaqları üçün də 200 manat pensiya alır. Həmçinin bildirdi ki, o, aliment məbləğinin 20 manat həcmində artıtılmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, cavabdehlə birgə nikahlarından iki uşaqları doğulmuş, onlardan Elxan adlı uşaqları fiziki qüsurludur. O, məktəbdə işləməklə 538 manat əmək haqqı alır və uşaqlarını xərclərini ödəməkdə çətinlik çəkir. Məhkəmənini suallarına cavab olaraq isə bildirdi ki, cavabdehin əlavə gəlirinin olub olmamasından məlumatı yoxdur. Həmçinin bildirdi ki, cavabdeh aliment borcunu hər ay vaxtında ödəyir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Cavabdeh isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını xahiş etsə də, tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, o, iddia tələbinin təmin olunmuş hissəsini mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(066)-338/2023 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X19 doğulmuşdur. X3 iki tərəfli alveol çıxıntısının sərt və yumşaq damağın tam yarığı diaqnozu qoyulmuşdur. Tərəflərin nikahı 29 may 2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş və tərəflərin birgə nikahında doğulmuş uşaqlar iddiaçının himayəsinə verilmişdir. Bundan sonra Göygöl Rayon Məhkəməsinin 06 mart 2020-ci il tarixli 2(066)-402/2020 saylı qətnaməsi ilə Cavabdeh 02 avqust 2007-ci ildə anadan olmuş X7 və 19 avqust 2012-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit məbləğdə 120 manat olmaqla cəmi 240 manat müəyyən edilmişdir. Bundan sonra iddiaçı hazlrki iddia ilə məhkəməyə müraciət etmiş Göygöl Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(066)-338/2023 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) iddia qismən təmin edilərək, Cavabdeh 02 avqust 2007ci il təvəllüdlü X9 və 19 avqust 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün təyin edilmiş 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat məbləğində müəyyən edilməsi, uşaqların müayinə və müalicəsi üçün İddiaçı xərclədiyi 1000 (bir min) manat məbləğində pulun 500 (beş yüz) manatının, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi, artırılmış alimentin tutulmasına Göygöl Rayon Məhkəməsinin bu iş üzrə 31 mart 2023-cü il tarixli, 2(066)-338/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası cavabdehin 568 manat məbləğində əmək haqqı alması, bununla da gəlirinin həmin məbləğlə məhdudlaşmasını inandırıcı hesab etməmişdir. Belə ki, cavabdehin özünün də qeyd etdiyi kimi yenidən rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Cavabdeh 568 manat əmək haqqı almaqla yanaşı, hər uşağa görə hər ay 140 manat olmaqla 280 manat aliment ödəməsi, həmçinin məhkəmə iclasında hər ay hər uşağa görə 20 manat məbləğində alimentin artırılmasına etiraz etmədiyi nəzərə alınsa, qalıq 200 manatla isə öz ailəsinin maddi ehtiyaclarını və komunal xərcləri ödəməli olması nəzərə alındıqda cavadbehin gəlirinin 568 manat olması inandırıcı və ağlabatan deyildir. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə cavabdehin başqa nikahdan uşağının olması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunduğu kimi uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən başqa nikaha daxil olması və onun başqa nikahdan uşaqlarının olması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə kollegiyası cavadbehin iddiaçının da uşağın saxlanmasında iştirak etməli olması ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə uşaqlar üçün müəyyən edilmiş 220 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında da göstərilən hüquqi mövqeyə əsasən uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu: 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü Elxan adlı uşaqlarının müalicəsi üçün çəkilən xərclərin yarısının cavabdehdən alınıb iddiaçıya verilməsini qət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının uşağın dodaq damaq yarığının müalicəsi üçün xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə özəl tibbi mərkəzinə ümumilikdə 1000 manat pul ödənildiyi iş materialları ilə təsdiqlənir. Cavabdeh həmin məbləğin ağlabatan olmadığını bildirməklə mübahisələndirməsinə baxmayaraq, bu dəlilini əsaslandıran heç bir sübutu təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bu baxımdan, uşağın müalicəsi ilə bağlı ödəniş edilməsi barədə iddiaçının təqdim etdiyi sübutlar əsaslı şübhədən kənar olmaqla, bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlir. Ailə Məcəlləsinin 81.1-ci maddəsində göstərilmişdir ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə mübahisələndirilən hissədə alimentin 1 illik məcmusunun qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: Göygöl Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(066)-338/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 2(066)-338/2023 saylı qətnaməsi yoxlanılan hissədə yəni, iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar