Məhkəmə qərarları › İş №2(104)-1439/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1439/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1439/2025 02.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdeh X10 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-574/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Cavabdeh X5 şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işlədiyi dövrdə-2013-cü ildə iddiaçı ona üzərində qeyri-yaşayış sahəsinin tikilməsi məqsədi ilə torpaq sahəsi ayrılması üçün müraciət etmiş, cavabdeh iddiaçıdan torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün pul istəmişdir. İşin mübahisəsiz halıdır ki, cavabdeh iddiaçıdan aldığı 6276 manat pulu geri qaytarmışdır. İddiaçı cavabdehə bundan əlavə 15.000 manat pul verdiyini və bu pulun 4000 manatının cavabdeh tərəfindən qaytarıldığını, 11.000 manatının isə qaytarılmadığını iddia etsə də, cavabdeh bu faktı qəbul etmir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2011-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 27 iyun 2012-ci ildən Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləyən X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, 2013-cü ilin iyul ayında Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 kv.m ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsini Gəncə şəhər sakini İddiaçı adına sənədləşdirilməklə istifadəsinə verilib sonuncunun orada aparacağı tikintiyə İcra hakimiyyətində müvafiq rəy verilməklə sənədləşdirmə aparılıb icazə verilməsi üçün Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı kimi özünə və X10 xidməti vəzifələrinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən 7000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, həmin məbləğin rüşvət qismində verilməsinə İddiaçı razılığını alaraq özləri barəsində onda formalaşdırdığı inam və etibardan suiistifadə edərək onunla sövdələşib, həmin niyyətlə İddiaçı X12 vasitəsilə sonuncunun Gəncə şəhəri, Heydər Əliyev adına meydanda yerləşən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasındakı xidməti otağında xx.xx.2013-cü il tarixdə 8000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6276 manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitini X12 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, səlahiyyəti olmadığı halda Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısı kimi Gəncə şəhəri, Nizami rayonu, Ə.Əliyev və Şəhriyar küçələrinin kəsişməsində yerləşən ərazidə 75 kv.m torpaq sahəsində İddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edərək rəsmi sənəd sayılan 916 nömrəli, xx.xx.2014-cü il tarixli sərəncam verməklə, X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı törətmiş, ümumilikdə qeyd edilən qaydada X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı 6.276 manat məbləğində - xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar İddiaçı xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemətin rüşvət qismində verilməsinə X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində İddiaçı təkrarən təhrik etmişdir. İddiaçı tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 8İ-3573 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizədə qeyd edilir ki, İddiaçı X10 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Həmin məbləğdən 6276 manat X8 qohumları tərəfindən ona ödənilmişdir. Odur ki, ona ödənilmiş 6276 manat pulla bağlı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 8İ-2649 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizədə qeyd edilir ki, İddiaçı X10 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Həmin məbləğdən 6276 manat X8 qohumları tərəfindən ona ödənilmiş və ödənilmiş 6276 manat pulla bağlı heç bir şikayəti və tələbi olmadığına dair xx.xx.2020-ci ildə Gəncə şəhəri 2 saylı notariat ofisində 8İ-3573 saylı reyestrlə təsdiq edilmiş ərizə vermişdir. Sonradan 15000 manat puldan isə X8 qohumları tərəfindən ona yalnız 3000 manat pul ödənilmişdir. Odur ki, bugünkü tarixdə X8 ona olan borcu 12000 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Cavabdeh onu aldatdığından onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya İdarəsində barəsində cinayət işi aparılan zaman onun qohumları tərəfindən ona cavabdehə verdiyi 8000 ABŞ dolları pulun ona verdiyi məzənnəyə uyğun olaraq 6276 manat pul və 15000 manat puldan isə 3000 manatı qaytarılmışdır. Buna dair onun tərəfindən cavabdehin qohumlarına səlahiyyətli orqanların adına yazılmış ərizə verilmişdir. Həmin ərizəni iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh dəfələrlə onu aldatmış və ona olan borcunu ödəməmişdir. Bu baxımdan cavabdehə verdiyi pulun qaytarılması cavabdeh və onun yaxın qohumları tərəfindən təmin edilmədiyindən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. O, özü ahıl və xəstə olduğundan həmin pulları özünün qocalığı üçün toplamış, lakin, cavabdeh isə həmin pulları ondan aldadaraq aldığından o, cavabdehin barəsində şikayət etdikdən sonra cavabdehin qohumları tərəfindən ərizəsində də göstərdiyi kimi ona qeyd etdiyi məbləğdə qaytarmışlar. Lakin, hazırda ona olan cavabdehin borcu tam ödənilməmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermiş və iddiaya etirazında bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə yalnız 8000 ABŞ dolları məbləğində pul verilmiş və həmin pul iddiaçıya geri qaytarılmışdır. Bu fakt Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə də öz əksini tapmışdır. Qalan məbləğin verilməsi istintaqla müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. O cümlədən 15000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə verilməsi sübut olunmamışdır. Həmçinin pul verilmiş olsaydı belə pulun verilməsi 2013-cü ilin iyun ayında baş verdiyindən həmin pulun qaytarılması ilə bağlı iddia müddəti ötürülmüşdür. Odur ki, iddia ərizəsi iddia müddəti ötürülərək verildiyindən və iddia tələbi sübuta yetirilmədiyindən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-574/2024 nömrəli iş üzrə 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Z.İmanov) iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə ilk öncə iddia tələbinin uğurluluğu baxımdan qeyd etmişdir ki, iddiaçı cavabdehə mağaza tikintisi üçün icazənin verilməsi məqsədilə rüşvət qismində verdiyi 15000 manatdan qalıq qalan 11000 manat məbləğində pulu qaytarmalı olduğunu iddia etsə də, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı tərəfindən cavabdehə pulun verildiyini və verilən pulların məbləğini sübut etmək yükü qanunla iddiaçının üzərinə düşür. Lakin, iddiaçı həmin pulların məbləğini, cavabdehə verilməsinə dair sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündə də iddiaçının cavabdehə 2013cü ildə mağaza tikintisi üçün rüşvət qismində 15000 manat məbləğində pulu verməsi epizodu öz əksini tapmamışdır. Bundan başqa iddia tələbinin hüquqi əsası baxımından məhkəmə qeyd etmişdir ki, iddiaçının iddiasında iddia etdiyi, yəni onun tərəfindən 15000 manat məbləğində pulun cavabdehə verilməsinin heç bir hüquqi və müqavilə əsası olmadığından tərəflər arasında olan münasibət əsassız varlanma kimi qiymətləndirilməli və mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normaları tətbiq olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə iddia müddətinin axımının dayandırılmasına səbəb olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379-cu maddəsində qeyd edilmiş hallar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımının iddiaçının qeyd etdiyi kimi pulun verildiyi 2013-cü ilin iyun ayından hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, qanunla müəyyən edilmiş iki illik iddia müddətini ötürmüşdür. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 374, 375, 377, 379, 1091, 1092, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri və iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatı ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə əsassız olaraq iddia müddətinin keçməsi əsası ilə iddia tələbini rədd etmişdir. İlk dəfə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh tərəf 2020-ci ildə ona 6276 manat, bir müddət sonra isə 4000 manat pul qaytarmışdır. İddia ərizəsi məhkəmənin icraatında olanda isə cavabdeh 1500 manat pulu qaytarmışdır. Bununla da cavabdeh borcu etiraf etmişdir. Nəticədə iddia müddətinin axımı kəsilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1879/2024 nömrəli mülki iş üzrə 19 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Loğman Süleymanov). Kassasiya instansiya məhkəməsindəki icraat İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1069/2025 saylı qərarı ilə (məruzəçi – X6 hakimlər - X15 və X13) kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1879/2024 nömrəli, 19 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Prosessual məsələlər: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR MPM 376.2. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir; Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdehin ondan qanunsuz, yəni öz xidməti vəzifəsinin icrası ilə əlaqədar rüşvət olaraq aldığı 11.000 manat pulun qaytarılması üçün iddia qaldırmışdır. Məhkəmə kollegiyası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-34/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün hazırkı iş üzrə hansı hissəsinin preyudusial xarakter daşıyan məhkəmə aktı olmasına münasibətdə qeyd edir ki, həmin hökmlə hazırkı mülki işə münasibətdə yalnız cavabdehin iddiaçıdan 8000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6276 manat məbləğində pul vəsaitini qanunsuz əldə etməsi və cinayət mühakimə icraatı gedişində həmin pulu geri qaytarmış olması faktı təsdiq olunur. Lakin hazırkı iş üzrə iddiaçı tələbində cavabdehə qeyd olunan 8000 ABŞ dollarından əlavə 15.000 manat pul verdiyini və bu pulun 4000 manatının cavabdeh tərəfindən qaytarıldığını, 11.000 manatının isə qaytarılmadığını iddia edir. Məhkəmə kollegiyası hazırkı mübahisəyə münasibətdə qeyd edir ki, delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması; - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi; - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması; - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq qiymətləndirmə nəticəsində bu şərtlər mövcud olduğu təqdirdə təmin edilə bilər. Hazırki işin hallarından isə cavabdeh tərəfindən iddiaçıdan qeyd olunan 8000 ABŞ dollarından əlavə 15.000 manat pulun alınması faktı iş materiallarında olan sübutlarla təsdiq edilmir. Həmçinin cavabdeh də bu faktı qəbul etmir. İddiaçı isə onun tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 8İ-3573 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, 8İ-2649 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizələrə istinad edərək iddia tələbinin təmin edilməsini tələb edir. İddiaçı tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 8İ-3573 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizədə qeyd edilir ki, İddiaçı X10 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Həmin məbləğdən 6276 manat X8 qohumları tərəfindən ona ödənilmişdir. Odur ki, ona ödənilmiş 6276 manat pulla bağlı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 8İ-2649 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizədə qeyd edilir ki, İddiaçı X10 8000 ABŞ dolları və 15000 manat pul vermişdir. Həmin məbləğdən 6276 manat X8 qohumları tərəfindən ona ödənilmiş və ödənilmiş 6276 manat pulla bağlı heç bir şikayəti və tələbi olmadığına dair xx.xx.2020-ci ildə Gəncə şəhəri 2 saylı notariat ofisində 8İ-3573 saylı reyestrlə təsdiq edilmiş ərizə vermişdir. Sonradan 15000 manat puldan isə X8 qohumları tərəfindən ona yalnız 3000 manat pul ödənilmişdir. Odur ki, bugünkü tarixdə X8 ona olan borcu 12000 manat təşkil edir. Məhkəmə kollegiyası sözügedən xx.xx.2020-ci il tarixli, 8İ-3573 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizənin cavabdeh tərəfindən məzmununa hər hansı etiraz bildirilmədən cinayət işi üzrə zərərçəkənlə barışığı təsdiq edən sübut qismində olubolmamasına münasibətdə qeyd edir ki, iddiaçı heç sözü gedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmamışdır. İddiaçı bu statusu daşımadığından, cinayət mühakimə icraatında onunla təqsirləndirilən şəxs (cavabdeh) arasında barışığın əldə olunması hüquqi cəhətdən mümkün deyildir. Nəticə etibarilə, sözügedən notarial ərizə cinayət işi üzrə barışığın mövcudluğunu təsdiqləyən sübut kimi hüquqi qüvvəyə malik deyildir və mülki iş üzrə cavabdehin borc etirafı kimi də qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, “ərizə” məzmun etibarilə müraciət, bəyanat və ya məlumat xarakterli yazılı sənəd olub, adətən şəxsin müəyyən orqana və ya digər şəxsə yönəltdiyi iradə ifadəsini əks etdirir. Bu mənada, iş materiallarında olan 20 dekabr 2020-ci il tarixli, 8İ-3573 saylı və 3 avqust 2022-ci il tarixli, 8İ-2649 saylı notarial qaydada təsdiq edilmiş ərizələr İddiaçı birtərəfli iradə bəyanatı olmaqla, onların məzmunu cavabdeh tərəfindən imzalanmamış, təsdiqlənməmiş və qəbul edilməmişdir. Buna görə də qeyd olunan ərizələr cavabdehə münasibətdə hüquqi öhdəlik yaradan və ya onun borcunu etiraf edən sənəd kimi hüquqi qüvvəyə malik deyil və yalnız iddiaçının subyektiv mövqeyini əks etdirən məlumat xarakterli sənəd hesab edilməlidir. Beləliklə kollegiya qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı istinad etdiyi hallar təsdiq edən hər hansı sübutu təqdim edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əssən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-574/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Nəticəvi hissə: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-574/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar