Məhkəmə qərarları › İş №2(104)-1440/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1440/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1440/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 Məmmədəli oğlu və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(125)-7/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli öhdəlik anlaşmasından görünür ki, Cavabdeh qardaşı İddiaçı 41500 manat borcu yarandığını, həmin borcu beş il ərzində hissə-hissə qaytaracağını və hər il borcun məbləğinə 5% ödəməyi öhdəsinə götürmüşdür. Öhdəsinə götürdüyü borcu və faizləri ödəməyəcyi təqdirdə adına olan daşınmaz əmlakını satışa çıxarıb borcu ödəməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq aşağdakı şərtləri qəbul etmiş, o, Cavabdeh adına olan mənzilini Yeni Gəncə 28 May küçəsi, ev 19B mənzil 19-u öz istədiyi kimi şərtlərlə və üçüncü tərəfdən heç bir təzyiq olmadan satmış, o, öhdəlik götürmüşdür ki, Ağa-Əlinin N.Nərimanov 401-də yerıəşən evinə vurduğu zərəri 1 dekabr 2021-ci ilə qədər ödəyəcəkdir. O, öhdəlik götürmüşdür ki, İddiaçı və onun ailəsinə məxsus olan daşınar və daşınmaz əmlakına heç bir iddiası yoxdur.

2. Cavabdeh tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, o, qardaşı İddiaçı İstanbula gedib işləmək üçün 2000 manat yardım etməyini xahiş etmişdir.

3. AN-İ № ******* saylı 12 fevral 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv.m., yaşayış sahəsi 34.4 kv.m yardımçı sahəsi 16.3 kv.m olan 2 otaqlı evini X1 33000 manata satmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin19 avqust 2022-ci il tarixli 4/984 №li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 8-ci vərəqində olan xx.xx.2021-ci il tarixli qəbzdə “Xalid” sözü qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9 yanvar 2023-cü il tarixli 4/1615 №li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 7-ci vərəqində olan xx.xx.2021-ci il tarixli öhdəlik anlaşmasındakı yazıları və həmin öhdəlik anlaşmasının arxa tərəfində “imza” yazısı qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.

6. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi elektron ünvanından çıxarışda olan yazışmalardan görünür ki, İddiaçı Cavabdeh ünvanlanmış elektron məktubda öhdəliyi sildiyini və cavabdehin ona heç bir borcu olmadığını qeyd etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən dələduzluq yolu ilə mənimsədiyi 43.500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 221 manat pulun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı doğma qardaşıdır. İddiaçı ünvan 2 ünvanda yerləşən ümumi yaşayış sahəsi olan 270 kv.m olan və 0.08 ha torpaq sahəsindən ibarət bağlı bağçalı fərdi yaşayış evi almış, həmin evdə iddiaçının atası X2 tək yaşamışdır. İddiaçı həmin evin yanında 50000 manata ümumi sahəsi 100 kv.m mağaza alıb və mağazanın ticarət üçün lazımı avadanlıqlarla və mall ilə təchiz edib onu da cavabdeh qardaşı Cavabdeh təmannasız vermişdir. İddiaçı məqsədi qardaşını işlə təmin etmək və tək qalan yaşlı atasının qayğısına qalmaq olmuşdur. Cavabdeh 18 il ərzində 300-500 manat məbləğində aylıq gəlir götürüb, öz ailəsinin ehtiyaclarını ödəmişdir. İddiaçı atası həmin dövrdə 80 yaşında olduğu, ağaclara qulluq etməyə gücü olmadığı üçün iddiaçıdan ona yaşamaq üçün 1 otaqlı mənzil almağını xahiş etmişdir. İddiaçı atasının xahişini nəzərə alıb 2018-ci il tarixdə ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 56 kv.m olan tam şəraitli 1 otaqlı mənzil almışdır. Həmin vaxt iddiaçının qardaşı Cavabdeh ailəsi ilə birgə Gəncə şəhəri, Mahrasa Bağında ümumi sahəsi 30 kv.m olan təmirsiz, şəraitsiz və 40 illik istismarda olan 1 otaqlı mənzildə yaşamışdır. İddiaçı həm qardaşının vəziyyətini yaxşılaşdırmaq üçün həm də atasına həyan olmaq üçün qardaşı Xalidə təklif etmişdir ki, atasının yaşadığı binada böyük ev alsın, gəlib ailəsi ilə orada yaşasınlar. Cavabdeh öz mənzilini 25 min manata satmış, iddiaçı 2018-ci ildə 41.500 manat məbləğində ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 87 kv.m olan və ataları Nihad Kamalovla eyni blokda yerləşən mənzili iddiaçı öz adına almış və Cavabdeh və onun ailəsinin istifadəsinə vermişdir. İddiaçının atası və cavabdeh qardaşı 2018-ci il tarixdən 2021-ci ilin oktyabr ayınadək eyni binada mərtəbələri ayrı mənzillərdə yaşamışlar. Cavabdeh 2021-ci ilin oktyabr ayında iddiaçı qardaşından xahiş etmişdir ki, onun adına olan ünvan 4 ünvanda yerləşən mənzili satıb, ünvan 5 razı olmuş, lakin aralarında öhdəlik müqaviləsi bağlanmasını təklif etmiş, onların arasında 07 oktyabr 2021-ci il tarixdə öhdəlik müqaviləsi bağlanmış, öhdəlik müqaviləsində qeyd edilmişdir ki, 01 noyabr 2021-ci il tarixdə iddiaçıdan 41000 manat pulu mənzil alması üçün borc kimi almışdır. Bundan əlavə cavabdeh 16 mart 2021-ci il tarixdə İstanbulda işləmək üçün iddiaçıdan 2000 manat məbləğində pul almış, öz xətti və imzası ilə yazılı borc müqaviləsi bağlamışdır.

9. Gəncə Şəhər Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(125)-7/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov), iddianın təmin edilməsi, 43500 (qırx üç min beş yüz) manat məbləğində pul və 221 (iki yüz iyirmi bir) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə məhkəmə – xətşünaslıq ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3, 442.1, 448.1 və 739.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(125)-7/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci dəfə məhkəmə tərəfindən ekspertiza təyin edilərkən imza nümunələrin müəyyən etmək mümkün olmamışdır, ikinci ekspertiza təyin edilərkən isə guya onun imzası olması müəyyənləşdirilmişdir. Məhkəmədən 3-cü dəfə xətti ekspertiza keçirilməsini xahiş etsə də, məhkəmə tərəfindən həyata keçirilməmiş, vəsatəti təmin edilməmişdir. Bundan əlavə onun elektron poçt gmail adresinə bildirmişdir, ona qarşı heç bir iddiası, öhdəliyi yoxdur, onun borclarının silinməsini iddiaçı qeyd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, elektron poçt ünvanına göndərilən sənədi təqdim edə bilmədiyini, onun qardaşının qarşısında heç bir iddiası, öhdəliyi olmamasını, onun borclarının silinməsini qeyd edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 Məmmədəli oğlu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, iddiaçı borcunu tələb edir, borcu silməmişdir. Elektron poçt ünvanına heç bir razılaşma göndərməmişdir. Cavabdeh iddiaçı olan qardaşının elektron ünvanının parolunu bilir.

16. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Nümayəndə və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

20. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

21. Maddə Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

23. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

25. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

26. Maddə 740.2 .Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

31. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

36. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, işin müəyyən olunmuş hallarına görə, Cavabdeh tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli öhdəlik anlaşmasında Cavabdeh qardaşı İddiaçı 41500 manat borcu yarandığını, həmin borcu beş il ərzində hissə-hissə qaytaracağını və hər il borcun məbləğinə 5% ödəməyi öhdəsinə götürmüşdür. Öhdəsinə götürdüyü borcu və faizləri ödəməyəcyi təqdirdə adına olan daşınmaz əmlakını satışa çıxarıb borcu ödəməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq aşağdakı şərtləri qəbul etmiş, o, Cavabdeh adına olan mənzilini Yeni Gəncə 28 May küçəsi, ev 19B mənzil 19-u öz istədiyi kimi şərtlərlə və üçüncü tərəfdən heç bir təzyiq olmadan satmış, o, öhdəlik götürmüşdür ki, Ağa-Əlinin N.Nərimanov 401-də yerıəşən evinə vurduğu zərəri 1 dekabr 2021-ci ilə qədər ödəyəcəkdir. O, öhdəlik götürmüşdür ki, İddiaçı və onun ailəsinə məxsus olan daşınar və daşınmaz əmlakına heç bir iddiası yoxdur. Bundan əlavə Cavabdeh tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, o, qardaşı İddiaçı İstanbula gedib işləmək üçün 2000 manat yardım etməyini xahiş etmişdir. Lakin, cavabdeh götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçıya olan borcunu qaytarmamışdır.

38. Belə ki, iş materialları ilə cavabdehin iddiaçıya 43.500 manat məbləğdə pul borclu olması öz təsdiqini tapır. İşin bu halı isə öhdəlik anlaşmasına və cavabdeh tərəfindən imzalanmış qəbz ilə təsdiq olunur.

39. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdehin dəlilləri əsassızdır. Belə ki, cavabdeh öhdəlik anlaşmasında və qəbzdə olan imzaların ona aid olmadığını bildirmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin dəlilin araşdırılması üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2022-ci il tarixli 4/984 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 8-ci vərəqində olan xx.xx.2021-ci il tarixli qəbzdə “Xalid” sözü qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. İkinci dəfə keçirilmiş ekspertin 09 yanvar 2023-cü il tarixli 4/1615 №li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 7-ci vərəqində olan xx.xx.2021ci il tarixli öhdəlik anlaşmasındakı yazıları və həmin öhdəlik anlaşmasının arxa tərəfində “imza” yazısı qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.

40. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

41. MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

42. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslı olmuşdur. Çünki, ekspert tədqiqat apararkən iddiaçının sərbəst xətt nümunələrini və iş materiallarında olan sənədlərdəki imzalarını əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Qeyd olunanlara görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut kimi qəbul etmişdir.

43. Məhkəmə kollegiyası ekspert rəyini sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya 43.500 manat borcu vardır. Çünki, xx.xx.2021-ci il tarixli qəbzdə və xx.xx.2021-ci il tarixli öhdəlik anlaşmasında olan imzalar məhz cavabdehin özü tərəfindən icra edilmişdir.

44. Göründüyü kimi, cavabdehin həmin imzaların ona məxsus olmadığını bildirməsi, onun götürdüyü öhdəlikdən və məsuliyyətdən yayınma məqsədi daşıyır. Cavabdeh tərəfindən iddianın təkzib edilməsi barədə hər hansı sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Belə olan halda müqavilədə və qəbzdə onun tərəfindən imza olunmadığı barədə apellyator tərəfindən irəli sürülən dəlillər təsdiqini tapmamışdır.

45. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Cavabdehin iddiaçı tərəfindən “gmail” elektron poçt vasitəsilə öhdəliyi ləğv etdiyi və heç bir borcunun qalmadığı dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin dəlil əsassızdır. Çünki, məhkəmələrə təqdim edilmiş cavabdehə məxsus elektron ünvandan çıxarışdakı məktubun iddiaçı tərəfindən yazıldığını, həmin elektron məktubun məhz hazırkı borc öhdəliyi ilə bağlı yazıldığını müəyyən etmək mümkün olmamışdır.

47. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Qeyd olunmalıdır ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

49. Həmçinin, apellyator şikayətində 3-cü dəfə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi barədə dəlilini kollegiya əsassız hesab edir. Çünki, apellyator ekspert rəyinin düzgün verilmədiyini bildirsə də, buna əsas verəcək dəlilləri, yəni ekspert rəylərində hansı ziddiyyətli məqamların olmasını və ya digər halları şikayətində göstərməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir.

50. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

51. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(125)-7/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar