Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1441/2024 30.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Naftalan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(052)- 61/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan 06 may 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 85000 (səksən beş min) manat məbləğində pul vəsaitini İddiaçı oğlundan borc almış və borcunu 06 yanvar 2024-cü il tarixinədək qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 3M-626 saylı kredit müqavilə üzrə 85000 (səksən beş min) manat borcun və 345 (üç yüz qırx beş) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 3M-626 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 85000 (səksən beş min) manat faizsiz kredit verilmişdir. Sözügedən kredit müqaviləsinin icra müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq, borcalan tərəfindən müqavilənin müddəaları pozulmuş, öhdəliklər icra edilməmişdir. Bundan əlavə 05 fevral 2024-cü il tarixdə borcalan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün pretenziya ünvanlanmış, lakin həmin pretenziyaya borclu tərəfindən hər hansı cavab verilməmişdir.
4. Naftalan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(052)-61/2024 saylı qətnaməsi ilə (hakim Ayaz Səlimov) iddia təmin edilərək, Cavabdeh 85000 (səksən beş min) manat borc məbləği və 345 (üç yüz qırx beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında yazılı formada bağlanmış öhdəlik (borc) münasibətləri yaranmış, iddiaçı tərəf müəyyənləşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə almış olduğu həmin məbləği 06 yanvar 2024-cü il tarixədək geri qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Lakin kredit müqaviləsində qeyd olunan müddət başa çatmış olsa da, cavabdeh borcunu qaytarmamışdır. Hazırda iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vermiş olduğu məbləğin geri qaytarılmasını ondan tələb edir.
6. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448, 739.1, 739.2, 742.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Naftalan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(052)-61/2024 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Naftalan Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il e-2(052)-61/2024 saylı qətnamənin ləğv edilməsini, işin yenidən birinci instansiya məhkəməsinə geri qaytarılmasını və faktiki hallarının araşdırılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmadan qərar qəbul etmişdir. Belə ki, qeyd edilən müqavilə iddiaçı tərəfindən ona məcbur edilərək tərtib edilmişdir. Həmin zaman onunla birlikdə onun ortağı iddiaçıdan borc məbləği alırmışlar. İddiaçı tərəfindən qeyd edilmişdir ki, borcun təminatı olaraq eyni pul vəsaiti ilə o da, müqavilə imzalamalıdır. Həmin zaman bizneslərinin inkişafı və davamlılığı üçün pul vəsaitinə ehtiyac olduğundan qeyd edilən şərt ilə razılaşmışdır. Lakin ona müqavilədə qeyd edilən hər hansı bir məbləğ verilməmişdir. Bu qeyd edilənlərdən də aydın olur ki, iddiaçı tərəf belə müqavilədə qeyd edilən borc məbləğini ona verməmiş və öhdəliklərini yerinə yetirməmişdir. Yalnız iddiaçı tərəfindən bu iddia ərizəsinin məhkəmyə təqdim edilməsi onun əsassız varlanmasına səbəb olacaqdır. Bu səbəbdən hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi əsssız hesab edilməlidir. İşin hallarından da göründüyü kimi, o, ilkin iddiaçı tərəfindən aldadılaraq ona zərər vurulur. Məhkəmə işin faktiki hallarını tam araşdırmadan qərar qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh apellyasiya şikayətinə qarşı İddiaçı nümayəndəsi Vəkil tərəfindən etiraz daxil olmuşdur.
11. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 3M-626 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh 85 000 (səksən beş min) AZN faizsiz kredit verilmişdir. Sözügedən Kredit müqaviləsinin icra müddətinin xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq, icra edilmədiyindən icranı təmin etmək məqsədi ilə Naftalan Şəhər Məhkəməsində iddia qaldırılmış və nəticədə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-2(052)-61/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 85000 manat borc məbləğinin və 345 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırda sözügedən qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir və həmin məhkəmə işi Sizin icraatınızdadır. Apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Belə ki, tərəflər arasında yaranmış öhdəlik münasibətləri, yazılı və notarial qaydada təsdiq edilmiş müqaviləyə əsaslanır. Müqavilənin predmeti isə 85 000 manat məbləğində pul vəsaitinin borca verilməsi ilə əlaqədar olmuşdur. Məlum məsələdir ki, sözügedən vəsait yalan və ya digər etibarsız əqdin bağlanması üçün hər hansı şəxsin risk etməyəcəyi miqdardadır. Bundan əlavə, cavabdeh tərəfindən əqdin yalan olmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi qanunvericiliyin tələblərinə tam əməl edilməklə, kreditin verilmə tarixi, onun qaytarılması üçün müəyyən edilmiş son tarix, kreditin məbləği, faizsiz olması və. s məlumatlar tam aydın ifdə edilməklə, hər iki tərəfin öz razılıqlarının yazılı ifadə tərzi olan imzaları olmaqla, notarial qaydada bağlanmışdır. Qeyd edilənlərdən əlavə, cavabdeh tərəfindən iddia edilir ki, iddaçının niyyəti əsassız varlanma olmuşdur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Lakin, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı bağlanmış müqavilənin qeyri-qanuni olması və etibarsız olmasına dair hər hansı fakt, dəlil aşkar edilməmişdir. Müqavilə qanunvericiliyin bütün aidiyyəti normalarına riayət edilməklə, tərəflərin iradə ifadəsi göstərilməklə bağlanmışdır. Müqaviləyə dair ödənişlərin X2 tərəfindən həyata keçirilməsini təsdiq edən sənədlər də iş materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində aparılmış icraat zamanı, cavabdehin iştirakının təmin edilməsi üçün məhkəmə prosessləri dəfələrlə təxirə salınmış, lakin Cavabdeh məhkəmənin yeri və vaxtı barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarına gəlməməklə, hər hansı şəxsin şahid qismində dəvət edilməsi haqqında da məhkəməyə məlumat verməmişdir. Odur ki, cavabdeh tərəfindən iddia edilən işin birinci instansiya məhkəməsində araşdırılmasının, düzgün olmaması və ədalətsiz olması halları tam əsassızdır. Belə olan halda, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə formal xarakter daşımaqla, qətnamənin icrası ilə əlaqədar vaxtı suni şəkildə uzatmaq məqsədi daşıyır. Bundan əlavə apellyasiya şikayəti apellyasiya şikayətinin forma və məzmununa uyğun deyildir. Apellyasiya şikayətində apellyasiya şikayəti verən şəxsin tələbi qanunvericiliyin tələblərinə ziddir. Qətnamənin ləğv edilərək işin yenidən birinci instansiya məhkəməsinə qaytarılması anlayışı mülki prosessual qanunvericiliyində mövcud deyildir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflərə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılması və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
16. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan ) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. 739.2 maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklikdə pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
19. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
25. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
26. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Naftalan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(052)-61/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında notariat qaydasında 06 may 2023-cü il tarixdə bağlanılmış kredit müqaviləsi ilə İddiaçı Cavabdeh 85000 manat məbləğində borc pul verməyi, sonuncu da həmin borcu xx.xx.2024-cü ilədək qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliklərini icra etməmişdir.
33. Məhkəmə kollegiyası cavabdehin kredit müqaviləsi üzrə 85000 manat pulu almaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan kredit müqaviləsinin 1-ci bəndinin 2-ci hissəsindən görünür ki, borc məbləğinin notariusun depozit hesabı vasitəsi ilə cavabdehə ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 74-cü maddəsinə əsasən daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də, ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Digər tərəfdən kredit müqaviləsi üzrə borc məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməməsi halında həmin kredit müqaviləsini mübahisələndirmək hüququna malik olmuşdur. Buna görə də, məhkəmə kollegiyası borc müqaviləsi üzrə pulun ona verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.
34. Cavabdeh apellyasiya şikayətinin dəlilində iddiaçı tərəfindən məcbur edilərək müqavilənin tərtib edilməsini bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
Qət etdi :
Naftalan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(052)-61/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naftalan Şəhər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, e-2(052)-61/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.