Məhkəmə qərarları › İş №2(104)-1442/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1442/2024

16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1442/2024 16.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(023)-457/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 15 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Atalığın müəyyən olunması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 26 sentyabr 2019-cu il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir.

2. Doğum haqqında 04 oktyabr 2019-cu il tarixli AZ-İV seriyalı 313774 nömrəli şəhadətnamənin surətindən görünür ki, X5 26 sentyabr 2019-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

3. Qazax Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(023)-1368/2020 nömrəli qətnaməsindən görünür ki, 26 sentyabr 2019-cu ildə anadan olmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 15 oktyabr 2020-ci ildən başlayaraq ayda 130 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Qazax Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 13 noyabr 2020-ci il tarixli 2(023)-1368/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 235 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki olaraq 21 noyabr 2018-ci ildə evlənmişdir. 26 sentyabr 2019-cu il tarixdə Yusif adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan ayrılmışlar və Qazax Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(023)-1368/2020 nömrəli qətnaməsi ilə uşağın saxlanılması hər ay 130 manat aliment müəyyən edilmişdir. Lakin buna baxmayaraq müəyyən olunmuş aliment uşağın maddi ehtiyaclarını təmin etmir. Özünün isə maddi vəziyyəti olduqca aşağıdır. Bu səbəbdən uşağın tələbatlarını ödəyə bilmir. Cavabdeh isə fərdi əməklə məşğuldur və kifayət qədər qazanc əldə edir.

6. Qazax Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(023)-457/2024 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia tələbi qismən təmin edilərək, Qazax Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(023)-1368/2020 nömrəli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 26 sentyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi; Cavabdeh 42,80 (qırx iki manat 80 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 100.2, 112.1 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 112.1.3, 119.1, 217.4, 218.3, 216-220, 227, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və 26 sentyabr 2019-cu il təvəllüdlü Yusif adlı uşağın saxlanılması üçün hər ay 170 manat aliment müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparılmadan qətnamə çıxarılmışdır. Belə ki, alimenti ödəməyə maddi imkanı yoxdur. Eləcədə başqa uşağına da aliment ödəyir.

10. İddiaçı da qətnamədən apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 190 manat məbləğində aliment uşağın tələbatlarının ödənilməsi üçün kifayət etmir. Cavabdeh həm əmək haqqı alır, həmdə fərdi əməklə məşğuldur. Onun kifayət qədər qazanc var. Birinci instansiya məhkəməsi isə uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə almamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və vermiş olduğu şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 5 yaşlı uşağı ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Mağazada satıcı işləyərək 400 manat əmək haqqı alır. Uşağın maddi tələbatlarını ödməkdə çətinlik çəkir. İddiaçı sonda məhkəmə kollegiyasından onun tərəfindən verilən apellyasiya şikayətinin təmin olunmasını, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcədə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

16. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

17. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

23. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər

34. İşin müəyyən olunmuş faktki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 2018-ci ildə faktiki olaraq ailə qurmuşlar və birgə yaşadıqları dövrdə 26 sentyabr 2019-cu il tarixdə Yusif adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan tərəflər ayrılmış və uşaq ananın himayəsində qalmışdır. Qazax Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(023)-1368/2020 nömrəli qətnaməsi ilə 26 sentyabr 2019-cu ildə anadan olmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 15 oktyabr 2020-ci ildən başlayaraq ayda 130 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Uşağın təlabatları artdığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasniya məhkəməsi də hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.

35. Qətnamədən narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermişdir. Kollegiya verilmiş hər iki apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Çünki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur. Ona görə də məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

36. Beləki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən olunmuşdur.

37. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

38. Cavabdeh ödəmək nüyyətində olduğu 170 manat alimentə münasibətdə kollegiya qeyd edir ki, həmin məmləğ adı qeyd olunan uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi, eləcədə əvvəlki təminatnın səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından yetərli sayıla bilməz.

39. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin cavabdehin həm işləyərəkj əmək haqqı alması, həmdə fərdi əməklə məşğul olaraq kifayət qədər qazanc əldə etməsi dilili münasibətdə isə kollegiya qeyd edir ki, sonuncu cavabdehin kifayət qədər qaznc əldə etməsini qeyd etsədə lakin bu barədə hər hansı möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir.

40. Halbu ki, mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvü üçün əsas deyil. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(023)-457/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar