Məhkəmə qərarları › İş №2(104)-1445/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1445/2023

12.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1445/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Pul, alqı-satqı müqaviləsinin etibarsızlığı tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili X6, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh və vəkili X7, qarşılıqlı iddia üzrə iddiaçı - ilk iddia üzrə cavabdehin nümayəndəsi (anası) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)-575/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Tərtər Rayon Şöbəsinin 69 saylı, 10 yanvar 2023-cü il trixli arayışından görünür ki, Əsədov X5 rayonundan məcburi köçkündür və hazırda Tərtər rayonu Şıxarx Qəsəbəsində müvəqqəti qeydiyyatdadır.

2. X4 Şəhadətnaməsinin surətindən görünür ki, 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, yaşıl metallik rəngli, ** ES *** dövlət şeydiyyat nişanlı, “Mercedes-Benz E230” minik markalı avtomobil 14 sentyabr 2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir.

3. 14 sentyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, hazırkı İddiaçı Cavabdeh 2 ay müddətinə “Mercedes-Benz E230” markalı, ** ES *** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün etibar etmişdir. Etibarnamənin müddəti 14 noyabr 2022-ci il tarixdə bitmişdir.

4. İmişli "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən avtomaşına baxış keçirilmiş, mütəxəssislər tərəfindən müəyyən edilmişdir ki, ** ES *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E 230” minik markalı avtomaşında yararsız və çatışmayan hissələrin dəyəri 6415 manat təşkil edir.

5. Nəqliyyat vəsitəsinin alqı-satqı barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, AZ **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E230” minik markalı avtomobil Yevlax RQİ və TBŞ-də mülkiyyətçi X3 adından oğlu Cavabdeh tərəfindən İddiaçı satılmışdır.

6. 426076 saylı X12 surətindən görünür ki, Cavabdeh Ağdam Rayonundan məcburi köçkündür.

7. “Whatsapp” sosial şəbəkəsində aparılmış yazışmaların çıxarışından görünür ki, Cavabdeh və Sevdimalıdan sələm qaydasında 2500 manat borc pulun alınıb Cəmaləddinə verilməsində vasitəçilik etmiş Nəsir adlı şəxsin aralarında avtomaşınla və pulların ödəmələri ilə bağlı davamlı yazışmalar aparılmış, həmin yazışmalarda Nəsir adlı şəxs Cəmaləddinə onun Sevdimalıdan götürdüyü pulların faizlərini ödəməyi xahiş etmişdir.

8. Həmçinin, İddiaçı iddia tələblərində avtomaşının özünə məxsus olmasını, icarə qaydasında Cəmaləddinə verdiyini göstərsə də, İddiaçı, Cavabdeh və sonuncunun bibisi oğlu Elməddinin aralarında aparılan telefon və canlı danışıqların səs yazılarından görünür ki, İddiaçı həmin danışıqlar zamanı bir dəfə də olsun satın aldığını iddia etdiyi “Mercedes-Benz E 230” minik markalı avtomobilin özünə məxsus olması, icarəyə verməsi barədə heç bir fikir bildirməmiş, yalnız ondan Cəmaləddinin aldığı pulların qaytarılmasını istəmiş, pulunun veriləcəyi təqdirdə maşını sahiblərinə qaytaracağını bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh özünə məxsus olan 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, ** ES *** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E 230” minik markalı avtomobilin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bundan sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, onun avtomobilinə dəymiş zərərə görə 6415 manat məbləğində pulun alınıb ona verilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayon Şıxarx kəndində məskunlaşmışdır. Cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. 14 sentyabr 2022-ci ildə özünə məxsus olan 1995-ci il buraxılışlı, AZ **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes- Benz E230” minik markalı avtomobili xx.xx.2022-ci il tarixədək ƏN-İV 231488 saylı etibarnamə ilə sürmək üçün Cavabdehlə münasibətləri yaxşı olduğundan ona inanıb istifadəsinə vermişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə verə bilməzdi, avtomobili yalnız sürmək üçün Cavabdeh vermişdir, Cavabdeh isə avtomaşının hər günü üçün ona 20 manat icarə qaydasında pul verməli idi. Razılaşmaya əsasən 2 ay tamam olduqdan sonra cavabdeh ona 13.000 manat pul verməli, avtomobil cavabdehə qalmalı idi. Aralarında olan razılıq bundan ibarət olmuş, əgər cavabdeh pulu verə bilməsə avtomobil qaytarılmalı idi. Lakin Cavabdeh 1 manat da olsun belə ona pul ödəməmiş, Cavabdeh avtomobili qaytarmasını tələb etmiş, Cavabdeh ona yalan vədlər verərək vaxtı uzatmış, maşını qaytarmamışdır. Aralarında razılaşdıqları 2 ay müddət tamam olmuşdur. Həmin müddətdə yol polisinə müraciət etmişdir ki, avtomobilini saxlasınlar, ona bildirmişlər ki, avtomobili tapa bilmirlər. Sonuncu dəfə bir müddət əvvəl Cavabdeh avtomobilə görə zəng etmiş, lakin cavabdeh onun telefonuna cavab verməmişdir. Dekabr ayının 12-də “turbo az” İnternet Saytında Cavabdeh avtomobili satışa qoyduğunu görmüş və həmin günü polisə şikayət etmişdir. Məhkəmədə iddia tələbi irəli sürülərkən avtomaşın tapılmamışdır. Sonradan avtomaşın tapılaraq İmişli Rayon Polis Şöbəsinə təhvil verilmişdir, hazırda avtomaşın özündədir. Polis Şöbəsində avtomaşına İmişli "xxxx" MMC mütəxəssisləri tərəfindən baxış keçirilmiş, mütəxəssislər müəyyən etmişlər ki, Cavabdeh tərəfindən avtomaşına 6415 manat zərər vurulmuşdur.

12. Daha sonra Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, X1 mülkiyyətində olmuş “Mercedes-Benz E230” markalı ** ES *** qeydiyyat nişanlı avtomaşını ona verdiyi etibarnamə əsasında cavabdeh İddiaçı Hüseyin oğlu arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsində Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı arasında bağlanmış 14 sentyabr 2022-ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilmesi, “Mercedes Benz E230” markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı əvvəl tanımamış, sonradan Nəsir adlı şəxsin vasitəsi ilə tanımışdır. X1 mülkiyyətində olan **-ES- *** dövlət qeydiyyat nişanlı, MERSEDES BENS E 230 minik markalı avtomobili anası tərəfindən verilmiş etibarnamə ilə idarə etmişdir. Həmin maşınla avtoqəza törətdiyindən maşının təmiri üçün ona 2000 manat pul lazım olmuşdur. Ona görə də bu barədə Nəsirə bildirmiş, Nəsir ona Sevdimalı adlı şəxsin 10 % sələmi ilə istənilən şəxslərə pul verdiyini bildirmişdir. Sevdimalı ilə danışmış və 2500 manat pul lazım olduğunu ona bildirmişdir. Sevdimalı isə 2500 manatı verə biləcəyini bildirmiş, lakin şərt qoymuşdur ki, gərək avtomaşını pulun qaytarılacağı müddətinə kimi onun adına sənədləşdirsin, maşını sürmək üçün ona etibarnamə verəcək. Sevdimalının dediklərinə inanmış, anasının mülkiyyətində olan **-ES-*** dövlət qeydiyyat nişanlı, sözügedən “Mercedes-Benz E230” minik markalı avtomobili Yevlax Rayonlararası İmtahan və X2 adına sənədləşdirmiş və 2500 manatı Sevdimalıdan almışdır. Həmin məbləğdən maşının sənədləşdirilməsinə 600 manat pulu özü vermişdir. Avtomaşını adına sənədləşdirdikdən sonra Sevdimalı avtomaşını idarə etmək üçün ona etibarnamə vermişdir. Aralarında olan razılaşmaya görə Sevdimalıya hər ay sələm formasında 500 manat ödəməli idi. Nəsirin vasitəsi ilə Sevdimalıya 2 ay 500 manatdan olmaqla, yəni 1000 manat ödəmişdir. 1 aydan sonra isə Sevdimalıya bildirmişdir ki, ondan borc aldığı pulu və faizləri ödəmək istəyir, maşını qaytarsın. Lakin Sevdimalı bildirmişdir ki, maşını ona icarəyə verib, maşını qaytarmayacaq, maşın onun mülkiyyətindədir. Bu mübahisədən sonra maşını Sevdimalıya verməmişdir. Bundan sonra Sevdimalı maşının axtarışı ilə bağlı polisə müraciət etmişdir. Sevdimalıya dəfələrlə bildirmişdir ki, aralarında olan razılaşmanı pozmasın, lakin heç bir nəticə olmamış, üstəlik də Sevdimalı ondan maşına vurulmuş zərəri də tələb etməyə başlamış, məhkəməyə müraciət etmişdir. Bunlar barədə Sevdimalı ilə aralarında danışıq səs yazıları, Whatsapp yazıları var.

15. Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)-575/2023 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov), ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ilk İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı avtomaşına vurulmuş 6415 manat zərər tələbinə dair iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh aralarında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, ** ES *** dövlət qeydiyyat nişanlı, “Mercedes- Benz E230” minik markalı avtomobili ilə bağlı Yevlax Rayonlararası Qeydiyyat İmtahan və X16 aparılmış 14 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, avtomaşın İddiaçı alınaraq qanuni sahibinə qaytarılması, İddiaçı 100 (bir yüz) manat tutularaq dövlət nəfinə verilməsi qət edilmişdir.

16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 324.6, 328.2, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 339.3, 340.1 347.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 119.1 və 216-237-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)-575/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

18. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, avtomobili rəsmi alqı-satqı müqaviləsi əsasında almışdır və onun mülkiyyətindədir. Cavabdehə isə sürmək üçün etibarnamə vermişdir. Maşınına dəymiş ziyan isə 6415 manat təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı - qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh Nəsib vasitəsilə sonralar tanımışdır. 14 sentyabr 2022-ci ildə Cəmaləddindən aldığı 1995-ci il buraxılışlı, AZ **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E230” minik markalı avtomobili xx.xx.2022-ci il tarixədək etibarnamə ilə sürmək üçün Cavabdeh vermişdir. Cəmaləddin avtomaşının hər günü üçün ona 20 manat icarə pulu verməli idi. Razılaşmaya əsasən 2 ay tamam olduqdan sonra cavabdeh ona 13.000 manat pul verməli, avtomobil cavabdehdə qalmalı idi. Lakin Cavabdeh 1 manat da olsun belə ona pul ödəməmiş, Cavabdeh avtomobili qaytarmasını tələb etmiş, Cavabdeh ona yalan vədlər verərək vaxtı uzatmış, maşını qaytarmamışdır. Dekabr ayının 12-də “turbo az” İnternet Saytında Cavabdeh avtomobili satışa qoyduğunu görmüş və həmin günü polisə şikayət etmişdir. Sonradan avtomaşın tapılaraq İmişli Rayon Polis Şöbəsinə təhvil verilmişdir, hazırda avtomaşın özündədir. Polis Şöbəsində avtomaşına İmişli "xxxx" MMC mütəxəssisləri tərəfindən baxış keçirilmiş, mütəxəssislər müəyyən etmişlər ki, avtomaşına 6415 manat zərər vurulmuşdur. O, həmin avtomaşını 14 sentyabr 2022-ci ildə Cəmaləddindən 9000 manata almışdır. Nəsib ona 400 manat vermişdir. Əlavə olaraq bildirir ki, Cəmaləddin ona 4000 manat verərsə o avtomaşını qaytarmağa razıdır. Əks halda apellyasiya şikayətinin təmin edilməsini, ilk iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdehin vəkili X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd, ilk iddianın isə təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı əvvəl tanımamış, sonradan Nəsir adlı şəxsin vasitəsi ilə tanımışdır. X1 mülkiyyətində olan **-ES-*** dövlət qeydiyyat nişanlı, MERSEDES BENS E 230 minik markalı avtomobili anası tərəfindən verilmiş etibarnamə ilə idarə etmişdir. Həmin maşınla Sevdimalını tanıyana qədər avtoqəza törətdiyindən maşının təmiri üçün ona 2000 manat pul lazım olmuşdur. Ona görə də bu barədə tanışı Nəsirə bildirmiş, Nəsir ona Sevdimalı adlı şəxsin 10 % sələmi ilə istənilən şəxslərə pul verdiyini demişdir. Sevdimalı ilə danışmış və 2500 manat pul lazım olduğunu ona bildirmişdir. Sevdimalı isə 2500 manatı verə biləcəyini bildirmiş, lakin şərt qoymuşdur ki, gərək avtomaşını pulun qaytarılacağı müddətinə kimi onun adına sənədləşdirsin, maşını sürmək üçün ona etibarnamə verəcək. Sevdimalının dediklərinə inanmış, anasının mülkiyyətində olan **-ES-*** dövlət qeydiyyat nişanlı, sözügedən “Mercedes-Benz E230” minik markalı avtomobili Yevlax Rayonlararası İmtahan və X2 adına sənədləşdirmiş və 2500 manatı Sevdimalıdan almışdır. Həmin məbləğdən maşının sənədləşdirilməsinə 600 manat pulu özü vermiş,Sevdimalı maşına görə ona pul verməmişdir. Avtomaşın sənədləşdirdikdən sonra Sevdimalı avtomaşını idarə etmək üçün ona etibarnamə vermişdir. Aralarında olan razılaşmaya görə Sevdimalıya hər ay sələm formasında 500 manat ödəməli idi. Nəsirin vasitəsi ilə Sevdimalıya 2 ay 500 manatdan olmaqla, yəni 1000 manat ödəmişdir. 1 aydan sonra isə Sevdimalıya bildirmişdir ki, ondan borc aldığı pulu və faizləri ödəmək istəyir, maşını qaytarsın. Lakin Sevdimalı razılaşmamış, maşını ona icarəyə verdiyini bildirmişdir. Bu mübahisədən sonra o, maşını Sevdimalıya verməmişdir. Sevdimalıya dəfələrlə bildirmişdir ki, aralarında olan razılaşmanı pozmasın, lakin heç bir nəticə olmamış, üstəlik də Sevdimalı ondan maşına vurulmuş zərəri də tələb etməyə başlamış, məhkəməyə müraciət etmişdir. Sevdimalı ilə aralarında danışıq səs və Whatsapp yazıları vardır. Avtomaşın onun anasına məxsus olmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı-ilkin iddia üzrə cavabdehin vəkili X13 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı - ilk iddia üzrə cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, oğlu Cəmaləddin qəza törətdiyi üşün ona məxsus avtomaşına ziyan dəymişdir. Cəmaləddin Sevdimalıdan sələmə 2500 manat almışdır.Avtomaşın buna görə Sevdimalının tələbi əsasında onun adına müvəqqəti keşirilmişdir. Sonralar ona məxsus olan avtomaşın Sevdimalı tərəfindən oğlundan polis vasitəsi ilə alınmışdır. Onun heç vaxtı avtomaşını satmaq fikri olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

26. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

27. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

28. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

40. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Belə ki, işin müəyyən olunmuş hallarına görə, ilk iddia üzrə cavabdehin X1 mülkiyyətində olan **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E230” minik markalı avtomobil Cavabdeh tərəfindən İddiaçı satılmış və tərəflərin arasında nəqliyyat vəsitəsinin alqı-satqı barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Lakin, iddiaçı ilə cavabdehin arasında bağlanmış alqı-satqı müqaviləsi formal xarakterli olmaqla, Cavabdeh İddiaçı sələm qaydasında aldığı 2500 manat pulun qaytarılması məqsədilə bağlanmışdır.

42. İlk öncə nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır.

43. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

44. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

45. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.

46. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

47. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.

48. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.

49. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

50. Qeyd edilməlidir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

51. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

52. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.

53. Belə ki, qarşılıqlı iddia üzrə İddiaçı ilə qarşılıqlı iddia üzrə Cavabdeh aralarında **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz E230” minik markalı avtomobili ilə bağlı aparılan 14 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi formal xarakterli olmaqla, Cavabdeh İddiaçı sələm qaydasında aldığı 2500 manat pulun qaytarılmasını təmin etmək üçün bir tərəfin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd kimi qiymətləndirilməlidir, həmin əqd həqiqi alğı-satqı niyyəti ilə aparılmamışdır.

54. Göründüyü kimi, tərəflər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda isə hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.

55. Bundan sonra məhkəmə kollegiyasının iclasında tərəflərin razılığı ilə “CD” diskdə olan audio səs yazısı tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “səs yazısı”ndan müəyyən olunur ki, Cavabdeh İddiaçı 2500 manat məbləğində sələmə pul götürdüyünü və hər ay faizi ilə birlikdə pul verdiyini bildirir. İddiaçı isə verdiyi puldan heç bir pulun çatmadığını və Cavabdeh verdiyi borcun qaytarılmasını tələb edir.

56. Həmçinin, İddiaçı iddia tələblərində avtomaşının özünə məxsus olmasını, icarə qaydasında Cəmaləddinə verdiyini göstərsə də, qeyd edildiyi kimi İddiaçı, Cavabdeh və sonuncunun bibisi oğlu Elməddin İsmayılovun, hər iki tərəfin tanıdığı Nəsir adlı şəxsin aralarında aparılan yazışmalardan, telefon və canlı danışıqların səs yazılarından görünür ki, İddiaçı həmin danışıqlar zamanı bir dəfə də olsun satın aldığını hazırda iddia etdiyi “Mercedes-Benz E230” minik markalı avtomobilin özünə məxsus olması, icarəyə verməsi barədə heç bir fikir bildirməmiş, yalnız ondan Cəmaləddinin aldığı pulların qaytarılmasını istəmiş, pulunun veriləcəyi təqdirdə maşını sahiblərinə qaytaracağını bildirmişdir.

57. Kollegiya göstərir ki, tərəflərin arasında aparılmış 14 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi heç də həqiqi avtomaşın alqı-satqısı aparmaq niyyəti ilə edilməmiş, tərəflər bir-birilərinə avtomaşının dəyərini ödəməmiş, əslində isə həmin alqı-satqı Sevdimalının Cəmaləddinə verdiyi 2500 manat pulu pərdələmək məqsədi ilə, İddiaçı təkidi ilə formal olaraq aparılmışdır. Göründüyü kimi, bu işin mübahisəsiz halıdır.

58. Belə ki, tərəflərin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və səs yazısındakı həmin səsin Cavabdeh ilə İddiaçı məxsus olması sonuncular tərəfindən təsdiqlənmişdir. Eyni zamanda, həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.

59. Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur

60. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

62. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

63. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

65. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

66. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

67. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(013)-575/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar