Məhkəmə qərarları › İş №2(104)-1447/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1447/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1447/2023 08.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: “kredit borcunun ödənilməsi” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-1004/2023 saylı mülki iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 210/14 A nömrəli Kredit Müqaviləsindən görünür ki, illik 48% olmaqla, cəmi 2000 (iki min) manat məbləğində kredit 18 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir.

2. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsindən görünür ki, zamin kreditor "xxxx" MMC qarşısında borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 210/14 A saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür.

3. İş materiallarında olan Kreditor "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixə, kredit müqaviləsi üzrə ödənilməmiş borcu 1839 manat əsas, 605 manat faiz, 366 manat cərimə olmaqla cəmi 2810 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. Kreditor "xxxx" MMC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı, xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 1839 manat əsas borcun, 605 manat faiz borcun, 366 manat cərimə borcu olmaqla, cəmi 2810 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir.

5. Ağdam Rayon Məhkəməsinin 2(013)-4868/2015 saylı 30 dekabr 2015-cı il tarixli məhkəmə əmri ilə qeyd olunan ərizə təmin edilmişdir.

6. Ağdam Rayon Məhkəməsinin 2(013)-1524/2022 saylı 27 may 2022-ci il tarixli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin 2(013)-4868/2015 saylı 30 dekabr 2015-cı il tarixli məhkəmə əmri ləğv edilərək ümumi iddia icraatına keçirilmişdir.

7. Ağdam Rayon Məhkəməsinin 2(013)-1004/2023 saylı mülki iş üzrə 07 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim: R.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1839 manat əsas borc, 605 manat faiz borcu və 66 manat cərimə olmaqla, cəmi 2510 (iki min beş yüz on) manat kredit borcunun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun müştərək qaydada tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-1004/2023 saylı mülki iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızıdr. Belə ki, məhkəmə iddiaçı tərəfindən şişirdilmiş məbləği təmin etməkdə haqlı olmamışdır. İddia ilə razı deyildir, təşkilata borc öhdəliyi yoxdur. Məhkəmə iclasında iştirakı təmin edilmədiyindən qeyd edilən halları sübut edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, bildirdi ki, qeyd edilən təşkilata heç bir borcu yoxdur. Borcunu tamamilə ödəmişdir. Lakin, borcunu ödədiyi barədə sənədləri saxlamadığından həmin sənədləri məhkəməyə təqdim edə bilmir. Apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Kredit Bürosundan əldə edilmiş, onun kredit boclarının əks olunduğu çıxarışdan da "xxxx" MMC-yə heç bir borcunun olmaması öz təsdiqini tapır. Odur ki, şikayətin təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin 2(013)-1004/2023 saylı mülki iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, bildirdi ki, Cavabdeh1 iddia edilən məbləğdə borcunun olması onun özünə də yaxşı məlumdur. Əgər Cavabdeh1 öz borcunu ödədiyini təsdiq edən bircə dənə ödəniş sənədini təqdim edərsə onda onun borcunun bütünlükdə silinməsinə razı olar. Nümayəndə əlavə olaraq bildirdi ki, "xxxx" MMC-nin Azərbaycan Kredit Bürosunun reyestr sisteminə qoşulmadığından "xxxx" MMC-yə olan borclarla bağlı məlumatlar həmin sistemdə öz əksini tapmır. Ona görə də cavabdehin təqdim etdiyi Azərbaycan Kredit Bürosunun məlumatların əks olunduğu çıxarışda onun "xxxx" MMC-yə olan borcu barədə məlumatlar öz əksini tapmamışdır. Sonda nümayəndə şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

16. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

19. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 472.2.Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyət daşıyır.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Prosessual hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

27. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, işin məhkəmədə müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 210/14A saylı kredit müqaviləsinə əsasən təşkilat tərəfindən borcluya 18 ay müddətinə illik 48 faiz olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Həmçinin, kreditor "xxxx" MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalan Cavabdeh1 kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Qeyd edilən məbləğlərdə kreditin cavabdehə verilməsi iş materiallarında olan ödəniş sənədləri ilə təsdiq olunur və işin bu halı mübahisələndirilmir. Hazırda cavabdehin iddiaçı təşkilata 1839 manat əsas, 605 manat faiz, 66 manat cərimə borcu olmaqla, cəmi 2510 manat məbləğində borcu yaranmışdır. Cavabdeh banka borclu olduğu kredit borcunu ödəmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, cavabdeh bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində məhkəmə iclasında iştirak etmədiyini və məhkəmə tərəfindən borcunun düzgün müəyyən edilmədiyini, onun təşkilata borcunun olmadığını qeyd etmişdir.

35. Cavabdeh1 məhkəmə iclasında iştirak etmədiyi barədə olan dəlillərə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan məhkəmə iclasının protokolundan görünür ki, Cavabdeh1 məhkəmənin yekun məhkəmə iclasında şəxsən iştirak etmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 həmin dəlili əsassızdır. 36.Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 İddiaçı Təşkilata borcunun olmadığı barədə apellyasiya şikayətinin dəlilləri də əsassız olmuşdur. 37.Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən dəlil isə əsaslı hesab edilə bilməz.

39. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırki işdə Cavabdeh1 kredit borcunu tam ödədiyini bildirsə də, işin bu halını təsdiq edə bilən mötəbər sübutları, yəni ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilməmişdir.

40. Göründüyü kimi, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmamaqla yanaşı, yalnız formal xarekter daşıyır.

41. Beləliklə, iş materiallarına əsasən, işin faktiki halları kimi müəyyən olunur ki, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit və zamin hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yenə də lazımi qaydada yerinə yetiməmişlər. İşin faktiki halları kimi müəyyən edilir ki, kredit borcunun məbləği düzgün müəyyən edilmişdir və irəli sürülən iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur.

42. Ona görə də məhkəmə kollegiyası iş materiallarında olan sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-1004/2023 saylı mülki iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Hazırki işdə iddianın qiyməti 5000 manatdan az məbləğdir. Ona görə də Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinin tələblərinə əsasən bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1004/2023 saylı mülki iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar