Məhkəmə qərarları › İş №2(104)-1449/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1449/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1449/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(021)-3265/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc 3.620 manat, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 200 manat, 100 manat əlavə xərclədiyi pulun, cəmi 3920 manat alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 dekbar 2022-ci il tarixli 2(021)-3265/2022 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 3520 manat (üç min beş yüz iyirmi) manat tutularaq İddiaçı verilməsi, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 56 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(021)-3265/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh tərəf şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən xəbəri olmamış, ona heç bir məhkəmə bildirişi gəlməmiş, məhkəmədə onun iştirakı təmin edilməmiş, məhkəmə qətnaməsi ona verilməmiş və qətnamədən icra idarəsində izahatı alınanda məlumatı olmuşdur. Qətnamənin surətinin xx.xx.2023-cü ildə poşt xəbərnaməsinə imza etməklə o almamışdır. Qətnamənin surəti ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə onun tərəfindən alınmışdır. Bərdə Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(021)-3265/202 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(021)- 3265/2022 nömrəli qərardadı və bu qərardad əsasında çıxarılmış 19 aprel 2023-cü il tarixli 2(021)-3265/2022 nömrəli qərardadı ləğv edilməli və qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Belə ki, iş materiallarının 47-ci səhifəsində olan birinci instansiya məhkəməsi tərəfindən qətnamənin surətinin cavabdehə catdırılmasına dair xəbərnamə olsa da həmin xəbərnamə Cavabdeh tərəfindən deyil, “etibarnamə ilə - Musayev Şəhriyar” yazılmaqla imzalanmışdır. Şikayətin dəlili isə ondan ibarətdir ki, onun məhkəməyə cağrılması və barəsində çıxarılan qətnamə barədə məlumatı olmamış, Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən 06 mart 2023-cü il tarixdə ona bildiriş göndərilən zaman məlumatı olmuş və bu səbəbdən də ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək qətnamənin surətinin rəsmi qaydada ona verilməsini xahiş etmişdir. Kollegiyanın araşdırması ilə müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(021)-3265/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş şikayətdən görünür ki, o, qətnamənin surətini 07 mart 2023-cü il tarixdə əldə etmişdir. Apellyasiya şikayətini 13 mart 2023-cü il tarixdə məhkəməyə təqdim etmiş, Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(021)-3265/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmış, daha sonra həmin qərardaddan narazı qalan Cavabdeh qərardadın ləğv edilməsini və mülki işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi, qətnamənin surətinin göndərilməsi barədə işdə müşayətedici məktub olsada, qətnamənin surəti mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehə çatdırılmamışdır. Azərbaycan Respublikasının MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilmə qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. Məhkəmə Kollegiyasına cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 2(021)-3265/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Mülki iş materiallarında olan sənədlərdən bir daha görünür ki, apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmişdir. İşdə qətnamənin surətinin cavabdehə rəsmi qaydada vaxtında çatdırılması barədə heç bir sübut yoxdur. Azərbaycan Respublikasının MPM-in 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikasının MPM-in 133.3-cü maddəsinə görə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına düzgün qiymət verməmiş və nəticədə prosessual hüquq normaları pozularaq Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(021)- 3265/2022 nömrəli qərardadı və bu qərardad əsasında çıxarılmış 19 aprel 2023-cü il tarixli 2(021)-3265/2022 nömrəli qərardad çıxarılmışdır. Ona görə də, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(021)- 3265/2022 nömrəli qərardadı və bu qərardad əsasında çıxarılmış 19 aprel 2023-cü il tarixli 2(021)-3265/2022 nömrəli qərardadı ləğv edilməli və qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə görə apellyasiya kollegiyası 1-ci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263,264, 360, 395, 397,398, 400 və 402.2-ci maddələrini rəhbər tutub Qərara aldı: Şikayət təmin edilsin. Bu iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(021)-3265/2022 nömrəli qərardadı və bu qərardad əsasında çıxarılmış 19 aprel 2023-cü il tarixli 2(021)- 3265/2022 nömrəli qərardadı ləğv edilsin. Mülki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar