Məhkəmə qərarları › İş №2(104)-1452/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1452/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1452/2025 12.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi; əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 20 may 2025-ci il tarixli 2(125)-2660/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 12 avqust 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. - 19 avqust 2024-cü il tarixli etibarnamədən görünür ki, X5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınmaz əmlakını satmağı, bağışlamağı, renta, ipoteka qoymağı, kirayəyə və ya icarəyə vermək barədə müqaviləni bağlamağı, müqavilədə imza etməyi, həmin müqavilənin bağlanılmasınadək və bundan sonra irəli gələn hüquq və vəzifələrinin icrası ilə əlaqədar onu bütün aidiyyəti orqanlarda təmsil etməyi, sənədləri almağı, təqdim etməyi, dəyişdirməyi və digər zəruri hərəkətləri icra etməyi 10 il müddətinə X2 etibar etmişdir;

2. 13 sentyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********84- 05101-093007 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Məhrəsə bağı, ev 1, mənzil 25 - yeni qaydalarla: ünvan 1 ünvanı X4 məxsusdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 40 manat olmaqla cəmi 2040 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanımır, əvvəlcədən hər hansı tanışlıqları olmamışdır. Mənzil almaq məqsədilə sosial şəbəkələrdə mənzillə bağlı maraqlandıqda Cavabdeh elana çıxardığı mənzili bəyənmiş və 68000 manata razılaşmışlar. Daha sonra mənzilə görə 2000 manat beh vermişdir. Həmin vaxtdan da həmin mənzil ipotekaya yararlı olduğuna görə "xxxx" ASC-də sənədləşmə işlərinə başlanılmışdır. Sənədləşmə zamanı mənzilin dəyəri ilə bağlı qiymətləndirmə aparılmasına zərurət yarandığına görə mənzilə dair qiymətləndirmə aparılmışdır. Bütün sənədləşmələr yekunlaşdıqdan sonra cavabdehin atası tərəfindən ona verilmiş etibarnamənin vaxtının bitdiyi müəyyən edilmişdir. Buna görə də sənədləşmə işlərinin yekunlaşdırılması ondan asılı olmayan səbəblərə görə mümkün olmamışdır. Hazırda isə cavabdeh ona olan 2000 manat pulunu verməkdən imtina edir. Hazırda isə dəfələrlə pulunun qaytarılması barədə cavabdehi xəbərdar etsə də onun xəbərdarlıqlarına məhəl qoymur. Uzun zaman keçməsinə baxmayaraq onun pulunu qaytarmır. O, öz qanunsuz əməllərinə davam etdirir. Cavabdehin bu hərəkətləri onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Beləliklə sadalanan hallara görə 2000 manat cavabdehdən alınaraq ona verilməsi barədə kifayət qədər əsaslar vardır.

5. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verib əlavə olaraq göstərdi ki, Cavabdeh satdığı evi sosial şəbəkədə görmüşdür. Həmin ev Gəncə şəhəri, Məhrəsə bağı adlanan ərazidə yerləşməklə, evin qiyməti 68000 manat olmuşdur. Cavabdehə evi ipoteka ilə alacaqlarını bildirmişdir. Lakin, evin sənədləşməsində problem yaranmış və bu müddət ərzində onlara ayrılan ipoteka limitinin isə müddəti başa çatmışdır. Buna baxmayaraq, cavabdehə həmin evlə bağlı 2000 manat beh vermişdir. Aralarında bununla bağlı heç bir yazılı müqavilə imzalanmamışdır. Daha sonra Cavabdeh ona evi satmadığını bildirmiş, o da gedib başqa ev almışdır. Cavabdeh isə ona verilmiş 2000 manat beh pulunu qaytarmamışdır. Dəfələrlə cavabdehdən həmin pulu tələb etsə də, cavabdeh pulu geri ödəməkdən boyun qaçırmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2024-cü ilin iyul-avqust aylarında ona məxsus olan evi satmaq qərarına gəlmiş, iddiaçı isə həmin evə baxaraq bəyənmiş və ipoteka götürərək həmin evi alacağını bildirərək ona 2000 manat beh vermişdir. O, Gülnarədən beh kimi 2000 manatı almış, lakin aralarında yazılı müqavilə imzalanmamışdır. Həmin vaxt mübahisəli ev onun atası Şöhrətin adına olmuş və atası anası Mehribana satmaq üçün etibarnamə vermişdir. Lakin atası tərəfindən ona evi satmaq üçün heç bir etibarnamə verilməmişdir. İddiaçı beh kimi aldığı 2000 manatın 1000 manatını o, özü başqa ev almaq üçün beh vermiş, bundan başqa sənədləşmə işlərinə də xərci çıxmışdır. Ona görə də hesab edir ki, həmin o iddiaçıdan beh kimi aldığı 2000 manat pulu qaytarmalı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin 20 may 2025-ci il tarixli 2(125)-2660/2025 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) İddiaçı iddia tələbi təmin edilərək, Cavabdeh 2000 (iki min) manat məbləğində pul və məhkəmə xərci qismində ödənilmiş 40 (qırx) manat dövlət rüsumu olmaqla, cəmi 2040 (iki min qırx) manat alınaraq, İddiaçı verilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 406.3, 407.2, 491.1, 491.2, 491.3, 1091.1 və 1091.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı tərəfindən ona qarşı iddia qaldırılmış və guya ondan aldığı 2000 manat vəsaiti əsassız saxladığı və razılaşmanın hüquqi qüvvəyə malik olmadığı iddia edilmişdir. Gəncə Şəhər Məhkəməsi bu iddianı təmin etmiş və vəsaitin geri qaytarılmasına qərar vermişdir. İddiaçı özü etiraf edir ki, həmin məbləğ beh olaraq qarşılıqlı razılıq əsasında onlara verilib. Lakin bu qətnamə aşağıda qeyd olunan faktiki və hüquqi əsaslara görə ədalətsizdir. Faktiki hallar qətnamədə təhrif olunmuşdur. Məhkəmə iclasında hakim tərəfindən iddiaçıya “Siz bu mənzili almaq fikrindəsinizmi?” sualı verilmiş, iddiaçı isə açıq şəkildə “xeyr, belə bir fikrim yoxdur” deyə cavab vermişdir. Lakin qətnamədə bu əks olunmayıb və əksinə, guya onlar mənzili satmaqdan imtina etmişlər. Bu, faktların saxtalaşdırılması və qərarın əsassız nəticəyə söykənməsi deməkdir. Bu ziddiyyət məhkəmə iclasının video-yazısında aydın görünür və zərurət yaranarsa, sübut kimi təqdim oluna bilər. İddiaçının əsassız imtinası nəticəsində onların maddi zərərə uğramağı iddiaçı onlara ev almaq məqsədilə 2000 manat beh verdikdən sonra, bu razılaşmaya arxayn olaraq başqa bir mənzili almaq üçün 1000 manat beh vermişdir. Lakin, iddiaçının sonradan özbaşına mənzildən imtina etməsi nəticəsində verdiyikləri beh batdı. Nəticə etibarı ilə, iddiaçının davranışı onlara zərər vurmuşdur. Bu məsələ qətnamədə heç cür qiymətləndirilməmişdir. Behin alınması şəxsi deyil, ailə qərarı olmuşdur. İddiaçı iddia edir ki, guya behi özbaşına almışdır. Əslində isə beh o və anası tərəfindən, atasının razılığı ilə alınmışdır. Bu hal, behin alındığı anda onun şəxsi təşəbbüs deyil, qarşılıqlı və razılaşdırılmış hüquqi addım olduğunu sübut edir. Qətnamədə qeyd edilmişdir ki, mənzili satmaqdan imtina etmişlər. Bildirir ki, mənzili satmağa razı olsalar da iddiaçı həmin mənzili almaqdan imtina etmişdir. Qətnamə tərtib edildikdə zalda səsləndirilən fikirlərin tam əksi qeyd olunmuşdur. İşin faktiki halların uyğun gəlməyən ifadələr qeyd olunmuşdur. Anası ilə behi atasının razılığı ilə birgə almışlar. Qeyd etmək istər ki, iddiaçı beh verilməzdən əvvəl evə baxıb və bəyənib, evin sənədləri və etibarnamə ilə tanış olub və bundan sonra anası ilə ona beh verib. Hər bir halda evə görə tanışlıq başlayandan danışıqlarda anası ilə birgə iştirak etmiş və razılıqlar bu tərkibdə əldə olunub. Cavabdehə məlum idi ki, ev atasının adına olmaqla anasına etibarnamə verilib və alqısatqı prosesində birgə iştirak edirlər. Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı beh notarial qaydada rəsmiləşdirilməlidir. Lakin forma pozuntusu razılaşmanın mövcudluğunu inkar etmir. Əgər tərəflər faktiki razılaşmaya gəlibsə, bu, hüquqi münasibətin mövcudluğunu təsdiq edir. Əsassız varlanma yalnız hüquqi əsas olmadan əldə edilmiş əmlaka aiddir. Bu halda isə pul konkret məqsədlə – mənzilin alınması üçün verilmişdir. İddiaçının sonradan razılaşmadan imtina etməsi razılaşmanın əsasını yox etmir. Şifahi razılaşma da hüquqi qüvvəyə malik ola bilər. Tərəflərin niyyəti və hərəkətləri hüquqi münasibətin mövcud olduğunu göstərir. Ədalət və dürüstlük prinsipləri zərər çəkmiş tərəfin zərərinə səbəb olanın məsuliyyət daşımasını tələb edir. Onun 1000 manat zərəri iddiaçının məsuliyyətsiz davranışından yaranmışdır. Məhkəmə iddiaçının öz ifadəsi ilə özünü təkzib etməsinə baxmayaraq, qərar iddiaçının lehinə çıxarmışdır. Cavabdehin (sizin) verdiyiniz 1000 manatlıq ikinci behin batması faktı ümumiyyətlə qiymətləndirilməmişdir. Behin ailə üzvlərinin razılığı ilə verilməsi, məhkəmə tərəfindən hüquqi baxımdan təhlil edilməyib. Nəticədə məhkəmə sübutları və tərəflərin ifadələrini səthi və birtərəfli qiymətləndirmiş, nəticədə həqiqi hüquqi vəziyyətin təhrifinə yol verilmişdir. Tərəflər arasında razılaşma əsasında iddiaçı tərəfindən 2000 manat beh verildikdən sonra anası ilə o başqa bir mənzili almaq üçün onun sahibi ilə razılıq əldə etmiş və aldığı behin 1000 manatını beh vermişlər. Lakin iddiaçının razılaşdırılmış mənzili almaqdan əsassız imtina etməsi nəticəsində həmin mənzilin sahibi ilə bağladığı razılaşma da pozulmuş və verdiyi 1000 manat behi itirmişlər. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsində göstərilən ədalət, vicdanlılıq və dürüstlük prinsiplərinə ziddir. Məcəllənin 8-ci maddəsinə əsasən, tərəflər mülki hüquqmünasibətlərində davranışlarını qarşılıqlı etimad və məsuliyyət əsasında qurmalıdırlar. İddiaçının əsassız imtinası nəticəsində həm maddi, həm də hüquqi zərərə məruz qalmış və bu hal qətnamədə nə qeyd olunub, nə də qiymətləndirilib.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı iddia ərizəsində mənzilə dair verilmiş etibarnamənin müddətinin bitdiyini qeyd etmişdir. Əslində isə, həmin etibarnamə hələ də qüvvədədir. Bundan əlavə qətnamədə qeyd edilir ki, o, mənzilə görə beh məbləğini ailəsinin xəbəri olmadan almışdır. Halbuki, ailə üzvlərinin bu barədə məlumatı olmuşdur. Beh barədə razılaşmaları 2024-cü ilin iyul-avqust aylarında olmuşdur. Mənzilin satılması barədə elanda onun mobil nömrəsi qeyd edildiyindən iddiaçı ona zəng etmişdir. Daha sonra iddiaçı gəlib mənzilə baxmış və ailə üzvləri ilə söhbət etmişdir. Aralarındakı razılaşmaya uyğun olaraq iddiaçı ona 2000 manat beh vermişdir. Beh məbləği 2024-cü ilin iyul-avqust aylarında iki dəfəyə olmaqla bir dəfə ailə üzvlərinin yanında verilmiş, növbəti dəfə isə anası ilə birlikdə olan yaşadıqları Gəncə şəhəri Məhrəsə bağında verilmişdir. Daha sonra iddiaçı tərəf evi almaq istəmədiyini bildirmişdir. Mənzil atasının mülkiyyətində olmuş, atası da mənzilə dair anasının adına etibarnamə vermişdir. Beh məbləğinin verilməsi ilə bağlı aralarında notariat qaydada təsdiq edilmiş müqavilə bağlanmamışdır. Dürüstlük edərək etiraf edir ki, 2000 manat beh məbləğini iddiaçıdan almışdır. Həmin vəsaitlə də mənzilin sənədlərini düzəltdirmişlər. Çünki, iddiaçı mənzili ipoteka krediti ilə alacağını bildirmişdi. Mənzil ipoteka krediti ilə satılmayacağı təqdirdə həmin sənədlərin alınması zəruri deyildi və onlar əlavə xərcə düşməyəcəkdilər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, mübahisə predmeti olan evə dair atası tərəfindən etibarnamə ona yox anasına verilmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehin atasına məxsus mənzili bəyənib almaq qərarına gəlmişlər. Bu məqsədlə də cavabdehə 2000 manat beh vermişlər. Lakin, sonradan cavabdeh bildirmişdir ki, sənədlərdə problem var. Bu səbəbdən ipoteka krediti götürülməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşlər və ikinci ipoteka kreditini gözləmişlər. Bundan sonra isə cavabdeh tərəf mənzilin satışda olduğunu və satacaqlarını bildirmişdir. Daha sonra aralarındakı razılaşma pozulmuşdur. Cavabdehdən verdikləri beh məbləğini tələb etmiş, sonuncu isə beh olaraq verilmiş 2000 manat vəsaitin 1000 manatını mənzil satılanda verəcəyini bildirmiş, qalan 1000 manatı isə ödəməyəcəyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, behlə bağlı razılaşma cavabdehlə olmuş, behi cavabdehə və anasına vermişlər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

15. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

16. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsız hesab olunur.

17. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

18. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

19. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır

20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri Məhrəsə bağı ev 1 mənzil 25 - yeni qaydalarla: ünvan 1 ünvanı 13 sentyabr 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarış əsasında X3 adına qeydə alınmışdır. xx.xx.2024-cü il tarixdə X5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınmaz əmlakını satmağı, bağışlamağı, renta, ipoteka qoymağı, kirayəyə və ya icarəyə vermək barədə müqaviləni bağlamağı, müqavilədə imza etməyi, həmin müqavilənin bağlanılmasınadək və bundan sonra irəli gələn hüquq və vəzifələrinin icrası ilə əlaqədar onu bütün aidiyyəti orqanlarda təmsil etməyi, sənədləri almağı, təqdim etməyi, dəyişdirməyi və digər zəruri hərəkətləri icra etməyi 10 il müddətinə arvadı X2 etibar etmişdir. Bununla yanaşı müəyən edilmişdir ki, iddiaçı Gülnarə X1 məxsus qeyd eidlən mənzili bəyənmiş və həmin evi almaq qərarına gəlmiş, bu barədə mənzilin mükiyyətçisinin arvadı (səlahiyyətli nümayəndəsi) Mehriban Əliyeva və onun oğlu Cavabdeh arasında razılaşma olmuş, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə (mülkiyyətçinin oğlu) 2000 manat beh vermişdir. Lakin, tərəflər arasında olan beh haqqında razılaşma nə yazılı qaydada bağlanmış, nə də daşınmaz əmlakla bağl olmasına baxmayaraq notarial qaydada təsdiq edilmişdir. Sonradan tərəflər arasındakı razılaşma pozulmuşdur. Cavabdeh iddiaçıdan aldığı 2000 manat pulu qaytarmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

35. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən beh müqaviləsi məbləğindən asılı olmayaraq yazılı formada bağlanılmalı, həmçinin, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Lakin, hal-hazırda tərəflər arasında rəsmiləşdirilmə aparılmamış, nə yazılı formada müqavilə bağlanmış, nə də notarial qaydada təsdiq edilmişdir. Başqa sözlə, tərəflər arasında 2000 manat pulun beh kimi verilməsinə dair yalnız şifahi əqd bağlanmış, qüvvədə olan qanunvericiliyin tələbinə əməl olunmamış, yəni ədq yazılı formada tərtib olunmamış, tərəflər onu imzalamamış və notarial qaydada təsdiq etdirməmişlər. Bundan başqa mübahisəli evin satılması zamanı behin alınmasını nəzərdə tutulan ev cavabdehin mülkiyyətində olmamış, nə də mülkiyyətçi tərəfindən cavabdehə evin satılması zaman əqdlər bağlamaq kimi səlahiyyətləri özündə birləşdirən etibarnamə də verilməmişdir. Bu baxımdan cavabdehin iddiaçıdan 2000 manat pulu beh kimi almaq səlahiyyəti olmamışdır. Bu isə özlüyündə əqdin forma və məzmununa dair mülki qanunvericiliklə müəyyən olunan tələbinə əməl edilməməsi ilə nəticələnmişdir. Nəticədə qeyd olunan münasibət özlüyündə tərəflər arasında bağlanmış şifahi müqavilənin (razılaşmanın) etibarsızlığına səbəb olmuşdur. Məhkəmə tərəflər arasında olan mövcud (faktiki) münasibəti qanunvericiliyin tələbi baxımdan qiymətləndirərək hesab edir ki, Cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan İddiaçı vəsaiti hesabına əsassız varlanmışdır

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

37. Mülki qanunvericilik beh müqaviləsinin bağlanması üçün ilk növbədə belə müqavilələrin yazılı qaydada tərtib edilməsini, həmçinin beh haqqında razılaşma daşınmaz əmlakla bağlı olduqda əqdin notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməsi kimi birmənalı qaydalar müəyyən etmişdir. Həmin qaydalara riayət edilmədən bağlanmış əqdlər isə Mülki Məcəllənin yuxarıda qeyd edilən 329.1 və 337.1-ci maddələrinin tələbinə, o cümlədən bağlanmış yalan əqdlər isə Mülki Məcəllənin 340-cı maddəsinin tələbinə görə etibarsız hesab olunur. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən isə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. İşin mübahisəsiz hallarıdır ki, daşınmaz əmlak olan mənzilin alqı-satqısına dair tərəflər arasında razılaşma əldə edilmiş və bu məqsədlə iddiaçı tərəfindən cavabdehə 2000 manat beh verilmişdir. Lakin, tərəflər arasında notariat qaydada təsdiqlənmiş beh müqaviləsi bağlanmamışdır ki, bu hal da tərəflər arasındakı həmin əqdin etibarsızlığına gətirib çıxartmışdır. Belə olan halda, tərəflər arasında müqavilə hüquq münasibətləri yaranmır və iddiaçının cavabdehə ödədiyi vəsait hər hansı qanuni və ya hüquqi əsasa söykənmir.

39. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.

40. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçının ödəmiş olduğu pulun cavabdehdən tutularaq özünə (iddiaçıya) qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir.

41. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

42. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlananın əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır.

43. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış şəxsdən əmlak və ya dəyəri alınaraq məhrum olana verilməlidir. Əsassız varlanma: zərərçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və.s) yollarla baş verə bilər.

44. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Başqa sözlə, bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur.

45. Beləliklə, tərəflər arasında pul vəsaitinin verilməsi ilə bağlı qanuni əsas və ya etibarlı müqavilə əsası mövcud olmamışdır. Cavabdeh hər hansı hüquqi əsas olmadan iddaçının hesabına 2000 manat məbləğdə varlanmış, həmin vəsaiti özündə saxlamaqla iddiaçıya qaytarmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur.

46. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 20 may 2025-ci il tarixli 2(125)-2660/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar