Məhkəmə qərarları › İş №2(104)-1453/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1453/2023

30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1453/2023 30.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdeh “X4” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(042)-129/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “X4” MMC-ə qarşı “X4” MMC tərəfindən ona vurulmuş maddi ziyana görə 1261 manat məbləğində pulun və 33 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi, 1294 manat məbləğində pulun “X4” MMC-dən alınaraq, ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması haqqında ərizə vermiş, “X4” MMC tərəfindən ona vurulmuş maddi ziyana görə 11261 manat məbləğində pulun və 123 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi, 11384 manat məbləğində pulun “X4” MMC-dən alınaraq, ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(042)-129/2023 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddianın qismən təmin edilməsi, “X4” MMC-dən 1448 manat alınaraq, İddiaçı verilməsi, “X4” MMC-dən 34.48 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin qismən ləğv edilməsi, cavabdeh “X4” MMC tərəfindən ona vurulmuş maddi ziyana görə ümumilikdə 11261 manat məbləğində pulun və ödənilmiş 123 manat dövlət rüsumunun əvəzinin, cəmi 11384 manat məbləğində pulun cavabdeh “X4” MMC-dən alınıb ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh “X4” MMC ilə aralarında yaranmış mübahisəni barışıq yolu ilə həll etdiklərindən artıq aralarında hec bir mübahisə mövcud deyildir. Qeyd olunanlarla əlaqədər iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib apellyasiya şikayətinin dəlillərini və iddiaçının iş üzrə icraata xitam verilməsi barədə ərizəsini mülki iş materialları ilə əlaqəli araşdırıb, işin hallarına mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina etməsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 47-ci və 52.1-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiadan imtina etmə, bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsində deyilir ki, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsində göstərilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Gədəbəy Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(042)-129/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “X4” MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilsin və bu əsasa görə iş üzrə icraata xitam verilsin. Bu qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar