Məhkəmə qərarları › İş №2(104)-1453/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1453/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1453/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin (bundan sonra KB ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borc qaytarılması, ekspert rəyinin qiymətləndirilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin tələbetmə hüququnun ötürdüyü "xxxx" ASC-nin nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin (bundan sonra KB ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-121/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" X6 Səhmdar Cəmiyyəti ilə cavabdeh (borcalan) Cavabdeh2 bağlanmış 15 dekabr 2021-ci il tarixli 2306nkGNDJ/21 saylı kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh2 36 ay müddətinə, 14 dekabr 2024-cü ilə kimi, illik 23 faiz olmaqla 8000 manat məbləğində kredit vermiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndindən görünür ki, zamin Cavabdeh1 kredit müqaviləi üzrə irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıyır.

2. "xxxx" KB ASC-nin 09 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 15 dekabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 6318,33 manat əsas, 1407,78 manat faiz, 227,11 manat cərimə borcu olmaqla, cəmi 7953,22 manat kredit borcu vardır.

3. Cavabdehə göndərilmiş 14 aprel 2023-cü il tarixli (poçt qəbzi var) bildirişdən görünür ki, Cavabdeh2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir.

4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/7786 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli 2306nkGNDJ/21 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2023-cü il tarixinə iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə yaranmış borcu aşağıdakı kimi müəyyən edilir: - əsas borc üzrə 6317,86 manat; - faiz borcu üzrə 1412,74 manat.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 15 dekabr 2021-ci il tarixli 2306nkGNDJ/21 saylı kredit müqaviləsinə xitam verilməsini və cavabdehlərdən birgə qaydada 6318,33 əsas, 1407,78 manat faiz, 227,11 manat cərimə, cəmi 7953,22 manat kredit borcunun və ödənilmiş 0,40 manat xidmət haqqının və 99,54 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə "xxxx" KB ASC arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank Borcluya 36 ay müddətinə, 14 dekabr 2024-cü ilə kimi, illik 23 faiz olmaqla 8000 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinin şərtinə görə, borcverən müqavilədə göstərilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin Cavabdeh2 müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin "xxxx" KB ASC-yə 09 oktyabr 2023-cü il tarixinə 6318,33 əsas, 1407,78 manat faiz, 227,11 manat cərimə, cəmi 7953,22 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir.

7. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-121/2024 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev), iddianın təmin edilməsi, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli 2306nkGNDJ/21 saylı kredit müqaviləinə xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 6318,33 (altı min üç yüz on səkkiz manat 33 qəpik) əsas, 1407,78 manat (min dörd yüz yeddi manat 78 qəpik) faiz, 27,11 manat (iyirmi yeddi manat 11 qəpik) cərimə olmaqla, cəmi 7753,22 manat (yeddi min yeddi yüz əlli üç manat 22 qəpik) kredit borcu və ödənilmiş 0,40 manat xidmət haqqının və 97,54 manat (doxsan yeddi manat 54 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2 442, 448.1, 465.2, 467, 470.1, 472 və 739-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-121/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işə baxarkən əsil cavabdehi işə cəlb etmədən işə baxmışdır. Bununla da düzgün olmayan qətnamə qət etmişdir. İşə baxan məhkəmə əsl cavabdehin ödədiyi kredit məbləğini düzgün müəyyən etməmişdir. Kredit müqaviləsində o zamin kimi kredit müqaviləsi üzrə öhdəliyini üzərinə götürsə də məhkəmə əsl cavabdehi dindirmədən, onun borcla bağlı mövqeyini müəyyən etmədən iddianı təmin etmiş borcun əsl Cavabdeh2 ilə birlikdə ondan pulun tutulmasını qət etmişdir. Bildirir ki, cavabdeh borcla bağlı əmlakı ilə birlikdə məsuliyyət daşıyır. Əgər onun əmlakı varsa o nə üçün onun borcunu ödəməlidir. Yəni, bu kimi hallar onu sübut edir ki, məhkəmə pulun ondan da tutulmasını qət edərkən düzgün nəticəyə gəlməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı "xxxx" KB ASC-nin tələbetmə hüququnun ötürdüyü "xxxx" ASC Cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz verərək, Cavabdeh1 verdiyi apellyasiya şikayətinin təmin olunmaması, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-121/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Kəlbəcər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-121/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti aşağıdakı dəlillərə görə əsassızdır. Apellyasiya şikayətində bildirilir ki, məhkəmə işə baxarkən əsl cavabdehi-Cavabdeh2 işə cəlb etmədən, dindirmədən, onun borcla bağlı mövqeyini müəyyən etmədən işə baxmışdır. Bununla da düzgün olmayan qətnamə qət etmişdir. Bildirirlər ki, Kəlbəcər rayon məhkəməsinin sözügedən qətnaməsində qeyd olunur ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir və məhkəmə gəlməyən tərəflərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Eyni zamanda zamin Bank qarşısında borclu ilə birlikdə məsuliyyət daşıyır. Cavabdeh şikayətində qeyd edir ki, mübahisənin əsaslandığı kredit müqaviləsi üzrə zamin olmasına baxmayaraq, məhkəmə Cavabdeh2 ilə birlikdə müştərək qaydada borcun ödənilməsini qət etmişdir. Cavabdeh məhkəmənin bu qərarını borclunun əmlakı olduğuna görə əsassız hesab edir. Sözügedən kredit müqaviləsinin 4-cü bəndindən görünür ki, zamin Cavabdeh1 kredit müqaviləsi üzrə irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıyır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də birinci instansiya məhkəməsi hər iki şəxsi – yəni borclunu və zamini borclu olaraq, ödəniş öhdəliyini onların üzərinə qoymuşdur. Qətnaməyə əsasən, iş materiallarında olan cavabdehə göndərilmiş 14 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Buna görə də, zamin kreditor qarşısında borclu ilə birlikdə məsuliyyət daşıyır. Şikayətdə həmçinin, cavabdeh borcun düzgün hesablanmadığını, edilmiş ödənişlərin nəzərə alınmadığını, habelə əsas borca hesablanmış faiz borcunun çox qeyd edilməsini göstərmiş və borc məbləğini mübahisələndirilmişdir. Halbuki birinci instansiya məhkəməsində işə baxılarkən məhz bu halların müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspert rəyinə əsasən, 2306nkGNDJ/21 saylı kredit müqaviləsi üzrə qalıq əsas borcun məbləği 6317.86 manat, faiz borcun məbləği isə 1412.74 manat təşkil etmişdir. Qətnamədə ekspertin müəyyən etdiyi borc məbləğinə istinad edilmiş, hətta faiz borcu hissəsində daha az məbləğ (1412.74 manat deyil, 1407.78 manat) qət edilmişdir. Burdan da görünür ki, əsas və faiz borcun qalıq məbləği çox qeyd edilməmiş və cavabdehin ödənişləri nəzərə alınaraq qətnamə çıxarılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin tələbetmə hüququnun ötürdüyü "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir

15. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

19. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

24. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

27. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

28. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

29. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

30. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

31. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

32. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

33. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

Apellyasiya baxışının hədləri

46. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

49. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh1 qətnamənin ləğvini xahiş etsə də, qətnamənin yalnız ona aid olan hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız Cavabdeh1 münasibətdə həmin hissə üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-121/2024 nömrəli qətnaməsi “cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 6318,33 (altı min üç yüz on səkkiz manat 33 qəpik) əsas, 1407,78 manat (min dörd yüz yeddi manat 78 qəpik) faiz, 27,11 manat (iyirmi yeddi manat 11 qəpik) cərimə olmaqla, cəmi 7753,22 manat (yeddi min yeddi yüz əlli üç manat 22 qəpik) kredit borcunun tutulması” hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı olan əsas borcun məbləği 6.317,86 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Beləliklə, işin halları ondan ibarətdir ki, kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli 2306nkGNDJ/21 nömrəli nömrəli kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana 14 dekabr 2024-cü ilə kimi, illik 23 faiz olmaqla 8000 manat məbləğində manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmini kimi kreditor ilə digər Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə üzrə zamin borcalan ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Lakin, borcalan kredit müqaviləsinin tələblərini pozmuş və üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Nəticədə onun kreditora borcu yaranmışdır.

52. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kredit və zaminliklə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.

53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

54. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.

55. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

56. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.

57. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

58. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

59. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Eyni zamanda, borcalanın öhdəliyinin təminatı olaraq digər borcalan ilə zaminlik müqaviləsi bağlanmışdır.

60. Məhkəmə kollegiyası tərəfindən borcun məbləğinin düzgün müəyyən edilməsi üçün iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/7786 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli 2306nkGNDJ/21 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2023-cü il tarixinə iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə yaranmış borcu aşağıdakı kimi müəyyən edilir: - əsas borc üzrə 6317,86 manat; - faiz borcu üzrə 1412,74 manat təşkil edir.

61. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

62. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

63. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də cavabdehdən tutulmalı olan əsas borcun məbləği ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir.

64. Eyni zamanda məhkəmə kollegiyası ekspert rəyində faiz borcunun məbləğinin tələb olunan həddən çox göstərilməsi ilə bağlı qeyd edir ki, cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği iddia tələbində qeyd olunan həcmdə müəyyən edilməlidir. Çünki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

65. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan Azərbaycan Respublikasının MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.

66. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

67. Mülki Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır.

68. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

69. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, borcun zamin olan Cavabdeh1 tutulması da əsaslıdır.

70. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikasının MM-in 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

71. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

72. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

73. Mülki Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

74. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı işıqlandırmaq üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Müqavilə üzrə borcalanın əsas vəzifəsi ödənişləri vaxtında etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə, borclu tərəfindən öhdəliyin pozulması zamanı qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu cür tənbeh tətbiq etmənin məqsədi, maddi sanksiyanı tətbiq etməklə tərəfi öhdəliyini icra etməyə məcbur etməkdir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.

75. Bu baxımdan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmiş, eyni zamanda işin hallarını nəzərə alaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, cərimə məbləğini azaldaraq, 27,11 manat məbləğdə müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məbləğdə dəbbə pulu işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.

76. Kollegiya əlavə olaraq göstərir ki, apellyatorun göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.

77. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

78. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

81. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-121/2024 nömrəli qətnaməsi - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 6318,33 (altı min üç yüz on səkkiz manat 33 qəpik) əsas, 1407,78 manat (min dörd yüz yeddi manat 78 qəpik) faiz, 27,11 manat (iyirmi yeddi manat 11 qəpik) cərimə olmaqla, cəmi 7753,22 manat (yeddi min yeddi yüz əlli üç manat 22 qəpik) kredit borcunun tutulması - hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı olan əsas borcun məbləği 6.317,86 manat məbləğində, kredit borcu cəmi 7752.75 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

83. Eyni zamanda kollegiya hesab edir ki, 100 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.3, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(040)-121/2024 nömrəli qətnaməsi - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 6318,33 (altı min üç yüz on səkkiz manat 33 qəpik) əsas, 1407,78 manat (min dörd yüz yeddi manat 78 qəpik) faiz, 27,11 manat (iyirmi yeddi manat 11 qəpik) cərimə olmaqla, cəmi 7753,22 manat (yeddi min yeddi yüz əlli üç manat 22 qəpik) kredit borcunun tutulması - hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan əsas borcun məbləği 6.317,86 (altı min üç yüz on yeddi manat səksən altı qəpik) manat, kredit borcu - cəmi 7.752,75 (yeddi min yeddi yüz əlli iki manat yetmiş beş qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh2 tululub SAP (XİİS), X2, kod210005, VÖEN**********, m/h Az41NABZ**********0000003944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar