Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1463/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(066)-511/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BBLK5319142A299 saylı kredit müqaviləsinə əsasən, krediteverən 3200 manat məbləğində krediti xx.xx.2025-ci il tarixinədək illik faiz dərəcəsi 25 % olmaq şərtilə kreditalanın mülkiyyətinə verir və kredit alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu kredit müqaviləsinə qoşma edilən ödəniş qrafiki ilə müəyyən olunmuş müddətdə onu faizi və bu müqavilə ilə nəzərdə tutulmuş hallarda dəbbə pulu ilə birlikdə kreditverənə qaytarmağı öhdəsinə götürür.
2. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixə kredit müqaviləsi üzrə 3161.48 manat əsas, 418.68 manat faiz borcu olmaqla cəmi 3580.16 manat borcu vardır
3. Xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3161.48 manat əsas, 418.68 manat faiz borcu olmaqla cəmi 3580.16 manat borcun və 55.80 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh elektron imza əsasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 %-lə xx.xx.2025-ci il tarixinədək 3200 manat kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdehin xx.xx.2023-cü il tarixə iddiaçıya 3161.48 manat əsas, 418.68 manat faiz borcu olmaqla ümumilikdə cəmi 3580.16 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq müqavilədən irəli gələn şərtləri icra etməmişdir.
6. Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(066)-511/2023 nömrəli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın təmin edilməsi, Cavabdeh 3161.48 manat əsas, 418.68 manat faiz borcu, cəmi 3580.16 manat borc, ödənilmiş 55.80 mаnаt məbləğində dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 390.1, 405.1, 425.1, 442, 443.1 739.1, 739.2 maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(066)-511/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, onun tərəfindən həmin kredit borcu mütəmadi olaraq ödənilmiş, lakin daha sonra iş yerindən çıxdığından ödənişlər edə bilməmişdir. Bu barədə banka məlumat vermiş və o şifahi olaraq faizlərin dayandırılacağı bildirilsə də 418.68 manat artıq faiz borcu hesablanmışdır. Eyni zamanda bankla arasında bağlanmış kredit müqaviləsi xx.xx.2025-ci il tarixədək olsa da iddia ərizələrində kredit müqaviləsinin ləğvi barədə heç bir tələb olmadan yaranmış borcun ondan tələb etmişlər. İşə baxan məhkəmə tərəfindən isə göstərilən hal araşdırmamış onun kredit borcunu ödəmək üçün 2025-ci ilin may ayınadək qüvvədə olan müqavilənin olması nəzərə almamış və iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. O ancaq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi təyin edilmiş vaxtadək icra edəcəkdir. İddiaçı tərəf ondan vaxtından əvvəl kredit borcunu tələb edirsə, müqavilənin ləğvini tələb etməli idi. Həmçinin, iddiaçı tərəfindən faiz borcu şişirdilmişdir. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İş üzrə İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
15. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
16. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
17. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, kreditor İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BBLK5319142A299 saylı kredit müqaviləsinə əsasən borcalana 18 ay müddətinə aylıq faiz dərəcəsi 25 % olmaqla, 3200 manat məbləğində kredit verilmişdir. Lakin, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir, nəticədə onun banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3161.48 manat əsas, 418.68 manat faiz borcu olmaqla, cəmi 3580.16 manat borcu yaranmışdır.
32. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca vaxtında icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
33. Apellyator apellyasiya şikayətində ekspertiza təyin edilməsi barədə dəlili ilə bağlı kollegiya göstərir ki, ekspertiza təyin edilməsi üçün əsaslar yoxdur. Çünki, borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəniş etdiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəməyə təqdim etməmişdir.
34. Halbuki, Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
35. Eyni zamanda kollegiya onu da qeyd edir ki, apellyator borcun düzgün hesablanmadığını bildirsə də, buna əsas verəcək dəlilləri, yəni etdiyi hansı ödənişin nəzərə alınmamasını şikayətində göstərməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışında əksini tapmış məlumatlar müqavilə şərtləri əsasında təhlil olunduqda görünür ki, hesablanmış əsas borc və faiz borcu məbləğini şübhə altına almağa əsas yoxdur.
36. Kollegiya xatırladır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh iddia tələbinə etiraz və ya bu barədə dəlillərini birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Bu səbəbdən kollegiya onun bu dəlilini ağlabatan hesab etmir. Kollegiya göstərir ki, ekspertiza təyin edilməsi barədə dəlil formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
38. Apellyasiya şikayətinin bankla onun arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə görə kreditin son ödəniş tarixinin xx.xx.2025-ci il müəyyən edilməsinə baxmayaraq, bankın iddia tələbi ilə məhkəməyə tez müraciət etməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin dəlil əsassızdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi xx.xx.2022-ci il tarixli müqavilə isə kredit xətti müqaviləsidir. Belə ki, tərəflər arasında bağlanmış arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BBLK5319142A299 saylı kredit müqaviləsinin 9.1.1-ci maddəsinə əsasən, müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə və bu müqaviləyə xitam verə bilər. İşin faktiki hallarından da görünür ki, Cavabdeh kredit razılaşması üzrə öhdəliklərini lazımınca icra etmədiyindən bank müqavilə üzrə müəyyən olunmuş hüququndan istifadə edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
39. Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
40. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
41. Mülki Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
42. Mülki Məcəllənin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
43. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
44. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli 2(066)-511/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .