Məhkəmə qərarları › İş №2(104)-1470/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1470/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1470/2025 10.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-443/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Azər-Türk Bank" ASC-nin Azərbaycan Respublikası Mərkəzi X1 departamentinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Beynəlxalq Bankının emissiya etdiyi 5167********0509 PAN nömrəli kartın hesabından xx.xx.2024-cü il tarixində Bankın emissiya etdiyi 5213******4963 PAN nömrəli debet kartın bağlı olduğu hesaba 400 (dörd yüz) manat məbləğində ödənişin həyata keçirilməsi faktı müəyyən edilmiş, müraciətçinin daha əvvəl eyni məzmunlu daxil olan müraciəti əsas götürülərək Bank tərəfindən aidiyyəti üzrə Bankın müştərisi olan Cavabdeh (bundan sonra Müştəri) ilə telefon vasitəsilə əlaqə saxlanılmışdır. Müştərinin istifadəsində olan kart üzrə əməliyyatların aparılmasına baxmayaraq, onunla telefon vasitəsi ilə apanlan danışıq zamanı Müştəri qeyd olunan kartı istifadə etmədiyini və onu bloklaşdırdığını bildirərək hesab üzrə aparılan əməliyyatlar barədə məlumatsız olduğunu bildirmişdir. Cari tarixə 5213******4963 PAN nömrəli debet kartın bağlı olduğu hesabda vəsaitin mövcud olmaması səbəbi ilə hesaba səhvən köçürülmüş vəsaitin aidiyyəti üzrə geri qaytarılması ilə bağlı olan tədbirlərin görülməsi mümkün olmamışdır.

2. Bakı şəhər Nizami RPİ-nin 25-ci PŞ-nin cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki: - xx.xx.2024-cü il tarixdə, ünvan 1 ünvanında yaşayan İddiaçı Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:05 radələrində ailə vəziyyəti ilə əlaqədar ona məxsus Azərbaycan Beynəlxalq bankına aid olan 5167 5141 0417 0509 nömrəli Tam debet kartdan mobil tətbqin İBAN proqramı vasitəsi ilə nağdsız pul köçürmə əməliyyatı zamanı köçürmə etdiyi kartın nömrəsini səhvən yalnış yazdığına görə 400 manatı tanımadığı şəxsin Azərbaycan Türk Bankının 5213 6751 8299 4963 nömrəli hesaba köçürmüşdür. O, bildirmişdir ki, 400 manat pulunu geri qaytarmaq məqsədi ilə Azərbaycan Beynəlxalq Bankına ərizə ilə müraciət etmiş, ərizəsi ******* sorğu nömrəsi ilə qəbul olunmuş, Azərbaycan Türk Bankına pulunun qaytarılması üçün sorğu göndərilmişdir. (Təkrar müraciəti ******* sorğu nömrəsi ilə qeydə alınmışdır). Lakin Azərbaycan Türk Bank-dan verilən məlumata əsasən həmin şəxsə iki dəfə pulu qaytarması barədə xəbərdarlıq etsələr də, müştəri pulu qaytarmaqdan imtina etmişdir. Bankların tövsiyyələri o olmuşdur ki, hüquq mühafizə orqanlarına müraciət etsin. Bu ərizə ilə müraciət edərək 400 manat pulunun geri qaytarılmasında ona köməklik olunmasını və qanunu pozan Azərbaycan Türk Bankının 5213 6751 8299 4963 nömrəli kart sahibi müəyyən olunaraq barəsində tədbir görülməsini xahiş etmişdir. - Təhqiqat araşdırması zamanı Azərbaycan Türk Bankın 5213 6751 8299 4963 hesab nömrəli kart hesabının sahibin müəyyən edilməsi istiqamətində tədbirlər görülməsindən ötrü tapşırıq və əməliyyat tapşırığı verilmiş, Azərbaycan Türk Banka sorğu göndərilmişdir. Lakin prosessual qanunvericiliklə təhqiqat araşdırmasına ayrılmış müddət ərzində müsbət nəticə əldə olunmamışdır. - Aparılmış təhqiqat araşdırması nəticəsində müəyyən edilmişdir ki, vətəndaş İddiaçı 400 manat pulunun ələ keçirilməsi barədə Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞnə ünvanlanmış olduğu müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi yoxdur. Belə ki, araşdırma materialından göründüyü kimi vətəndaş İddiaçı özü xx.xx.2024-cü il tarixdə yaşadığı Nizami rayonu M.Şərifli küçəsi ev 14 ünvanında olan zaman qarşı tərəfə ödəyəcəyi Azərbaycan Türk Bank ASC-yə aid kart hesabının son iki rəqəmini yalnış qeyd etdiyi üçün səhvən, Azərbaycan Türk Bank ASC-yə aid 5213 6751 8299 4963 hesab nömrəli kartın balansına 400 manat pul göndərməsi əsasında dələduzluq yolu ilə talama faktı öz təsdiqini tapmamışdır. Material üzrə cinayət hadisəsinin mövcudluğunu təsdiq edən sübutlar əldə etmək mümkün olmadığı üçün bu barədə cinayət işi başlanması rədd edilmişdir.

3. Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı Ramal Quliyev tərəfindən İddiaçı ünvanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, X2 ASC-dən alınmış cavabdan görünür ki, 5213 6751 8299 4963 hesab nömrəli plastik kartın sahibi xx.xx.2004-cü il təvəllüdlü Bərdə rayonu, Əyricə kəndində anadan olmuş, Bərdə rayonu, Əyricə kəndində qeydiyyada olan Cavabdeh istifadəsindədir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsassız ödənilmiş 400 manat pulun, iddia ərizəsinin tərtib edilməsi üçün Bakı şəhəri 29 saylı Vəkil Büronsuna ödənilmiş 50 manat dövlət rüsumunun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 480 (dörd yüz səksən) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən xx.xx.2024-cü il tarixdə saat 13:05 radələrində ailə vəziyyəti ilə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankına aid 5167 ............. 0509 nömrəli Tam debet kartından mobil tətbiq vasitəsilə nağdsız pul köçürmə əməliyyatı zamanı kartın nömrəsini səhvən yalnış yazdığına görə 400 manat tanımadığı şəxsin X4-da olan 5213...........4963 nömrəli hesabına köçürülmüşdür. O, 400 manat məbləğində pulun geri qaytarılması üçün Azərbaycan Beynəlxalq Bankına müraciət etmiş və ərizəsi ******* sorğu nömrəsi ilə qəbul edilmiş, X4-dan aparılmış araşdırma nəticəsində pulun Cavabdeh məxsus 6751....... 4963 nömrəli karta köçürüldüyü bildirilmişdir. Dəfələrlə bank tərəfindən cavabdehə pulun geri qaytarılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh pulu geri qaytarmaqdan imtina etmişdir. Bu barədə şikayət ərizəsi ilə Nizami RPİ-in 25-ci PB-nə şikayət ərizəsi ilə müraciət etsə də, müraciəti əsasında xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək, mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.

6. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-443/2025 nömrəli qətnaməsi ilə (hakim F.Abdullayev) iddia tələbi rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iddiaçı 400 manatı yanlışlıqla Cavabdeh məxsus 5213 6751 8299 4963 hesab nömrəsinə köçürdüyünü iddia etsə də, həmin pulun cavabdehin hesabına həqiqətən yanlışlıqla və ya aralarda hər hansı başqa öhdəlik üçün könüllü köçürülməsi sübut olunmur. Bundan başqa Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı Ramal Quliyevin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda 5213 6751 8299 4963 hesab nömrəli plastik kartın sahibinin xx.xx.2004-cü il təvəllüdlü Bərdə rayonu, Əyricə kəndində anadan olmuş, Bərdə rayonu, Əyricə kəndində qeydiyyada olan Cavabdeh istifadəsində olması barədə göstərilənlərin Azərbaycan Türk Bank ASC-dən alınmış cavaba istinadən əldə edildiyi bidirilsə də, bu faktı təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda mülahizələrə əsaslanaraq iddia tələbinin təmin olunmasına dair məhkəmə qətnaməsinin qəbul olunması yolverilməzdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında heç bir başqa öhdəlikdən irəli gələn münasibətlər yoxdur. Pulu yanlışlıqla köçürülməsi barədə həm o, həm də "xxxx" ASC tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, cavabdeh pulu geri qaytamamaq üçün müxtəlif bəhanələr gətirmişdir. Həmçinin "xxxx" ASC-dən verilmiş 12 iyun 2024-cü il tarixli cavab məktubuna əsasən Azərbaycan Beynəlxalq Bankının emissiya etdiyi 2167********0509 PAN nömrəli kartın hesabından xx.xx.2024cü il tarixində Bankın emissiya etdiyi 5213********4963 PAN nömrəli debet kartın bağlı olduğu hesaba 400 (dörd yüz) manat məbləğində ödənişin həyata keçirilməsi faktı müəyyən edilmişdir. Bank aidiyyəti üzrə bankın müştərisi olan Cavabdeh ilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Cavabdeh istifadəsində olan kart üzrə əməliyyatların aparılmasına baxmayaraq onunla telefon vasitəsi ilə aparılan danışıq zamanı qeyd olunana kartı istifadə etmədiyini və onu bloklaşdırdığını bildirərək hesab üzrə aparılan əməliyyatlar barədə məlumatsız olduğunu bildirmişdir. Göründüyü kimi kartın Cavabdeh aid olması təsdiqlənmişdir. Lakin kartdan həqiqətən istifadə etmədiyi və onu bloklaşdırdığı isə inandırıcı deyildir. Polis orqanına, həmçinin müvafiq banka dəfələrlə müraciət etməyi cavabdehlə arasında başqa öhdəliklər olmadığını və pulun həqiqətən yanlışlıqla ödənildiyini göstərir. Həmçinin Cavabdeh qohumu olan Nurlan adlı şəxs 18 sentyabr 2024-cü il tarixində ona 077- ***-**-** nömrəsi ilə zəng etmiş və “WhatsApp” vasitəsi ilə yazaraq sentyabr ayının sonuna kimi pulu qohumunun əvəzinə ona ödəyəcəyini vəd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işi ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

15. Məhkəmə kollegiyası MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə yanlışlıqla Cavabdeh məxsus 5213******4963 nömrəli karta 400 manat məbləğində pul vəsaiti göndərmiş, cavabdeh isə müxtəlif bəhanələr gətirərək 400 manat məbləğində pulu qaytarmaqdan imtina etmişdir.

16. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə əlaqədar gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 400 manatı yanlışlıqla cavabdehə məxsus kart hesabına köçürdüyünü iddia etsə də, həmin pulun cavabdehin hesabına həqiqətən yanlışlıqla və ya aralarda hər hansı başqa öhdəlik üçün könüllü köçürülməsi sübut olunmur.

17. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.

18. Mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir.

19. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

20. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

21. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

22. Hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verilməsini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

23. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən kartdan məxaric edilən zaman texniki yanlışlıq səbəbi ilə 400 manat məbləğində pul Cavabdeh məxsus 5213******4963 nömrəli karta mədaxil edilmiş, cavabdeh tərəfindən heç bir əsas olmadan pul geri qaytarılmamışdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, iddianın hüquqi əsası kimi əmlak (pul) əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər. Belə ki, tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

25. Hazırki qətnamənin 12-ci bəndində qeyd olunan normalardan göründüyü kimi, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz kartından məxaric edərək başqa kart hesabına pul göndərərkən texniki yanlışlıqla cavabdehə məxsus hesaba 400 manat pulu mədaxil etmiş, lakin cavabdeh tərəfindən həmin məbləğ geri qaytarılmamış, cavabdeh iddiaçıya məxsus pulu qaytarmamaqla əsassız varlanmışdır.

27. Birinci instansiya məhkəməsinin qətnaməsinin “həmin pulun cavabdehin hesabına həqiqətən yanlışlıqla və ya aralarda hər hansı başqa öhdəlik üçün könüllü köçürülməsinin sübut olunmaması” dəlilinə münasibətdə qeyd olunmalıdır ki, mübahisəli məbləğin cavabdehə məxsus kart hesabına yanlışlıqla göndərilməsi iş materialları ilə öz təsdiqini tapır. Belə ki, bank əməkdaşları tərəfindən cavabdeh ilə əlaqə saxlanılan zaman sonuncu iddiaçı ilə aralarında hər hansı öhdəliyin mövcud olmasına dair məlumat verməmiş, əksinə kartı bloklaşdıraraq istifadə etmədiyini bildirmişdir. Halbuki, 400 manat məbləğin cavabdehin kart hesabına mədaxil edilməsi işin mübahisəsiz halıdır. Belə ki, “Azər-Türk Bank" ASC-nin Azərbaycan Respublikası Mərkəzi X1 departamentinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Beynəlxalq Bankının emissiya etdiyi 5167********0509 PAN nömrəli kartın hesabından xx.xx.2024-cü il tarixində Bankın emissiya etdiyi 5213******4963 PAN nömrəli debet kartın bağlı olduğu hesaba 400 (dörd yüz) manat məbləğində ödənişin həyata keçirilməsi faktı müəyyən edilmişdir. Kartın bloklaşdırıldığı təqdirdə isə belə mədaxilin edilməsi mümkün deyildi.

28. Bundan başqa həmin məktubun məzmunu ilə müəyyən olunur ki, müştərinin (cavabdehin) istifadəsində olan kart üzrə əməliyyatların aparılmasına baxmayaraq, sözügedən kart hesabında vəsait mövcud deyil. Bu hal isə yanlışlıqla mədaxil edilmiş məbləğin cavabdeh tərəfindən istifadə olunmasına dəlalət edir.

29. Beləliklə iddiaçının özünə məxsus kart hesabından məxaric edərkən texniki səhvi ucbatından cavabdehə məxsus hesaba 400 manat məbləğində pulun mədaxil edilməsi nəticəsində sonuncunun əsassız varlanması və məbləği geri qaytarmaqdan boyun qaçırması yuxarıda qeyd olunanlarla öz təsdiqini tapır. Belə olan halda işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin olunmalıdır.

30. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPMnin 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

31. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-443/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin olunsun. Cavabdeh 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Qətnamə qətidir, ondan kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar