Məhkəmə qərarları › İş №2(104)-1474/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1474/2024

17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1474/2024 17.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 2(076)-679/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 17 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 1(100)-17/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək, CMnin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünüidarə oraqnlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.;

2. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2023-cü il tarixli 1(104)-493/2023 saylı qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-17/2023 saylı, 16 iyun 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs Cavabdeh və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-17/2023 saylı, 16 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat maddi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 90 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəllər tanışlıqları olmayıb, cavabdehi 2020-ci ildən tanımışdır. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(076)-1972/2019 saylı qətnaməsi ilə keçmiş gəlini X1 azyaşlı uşaqları ilə birlikdə onun və ailə üzvlərinin istifadəsində olan Şəmkir rayonu Şiştəpə kəndində yerləşən evinə köçürülməsi qət edilmişdir. Şəmkir rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsində işləyən Cavabdeh qətnamənin icra edilməsi görüntüsü yaradaraq 20 avqust 2020-ci il tarixdə onların evinin həyətinə gəlib Xanım İbrahimovanın evə köçməməsi müqabilində kompensasiya ödənişinin verilə biləcəyini deyib həmin məzmunda akt tərtib edərək, onu inandırıb etibarını qazandıqdan sonra kompensasiya ödənişinin müəyyən edilməsinin özünün səlahiyyəti olduğunu, özü tərəfindən sənədləşmə işlərinin aparılacağını, ona kompensasiya ödənişi verildikdən və həmin ödəniş də özü tərəfindən tələbkar Xanım İbrahimovaya ödənildikdən sonra icra işinə öz qərarı ilə xitam verəcəyini bildirmişdir. O da, cavabdehə inanaraq 22 avqust 2020-ci il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsində Cavabdeh 7000 manat məbləğində pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Cavabdeh ondan 7000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ona məxsus 7000 manatı ələ keçirərək ona maddi ziyan vurmuşdur. O, Cavabdeh hərəkətlərindən Şəmkir rayon prokurorluğuna şikayət etmişdir. Cavabdeh ondan başqa şəxslərin də etibarından sui istifadə edərək, aldatma yolu ilə onların əmlakını ələ keçirdiyindən barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və o həmin maddələrlə təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilmişdir. Bundan sonra Cavabdeh barəsində olan cinayət işinin istintaqı yekunlaşmış və məhkəməyə göndərilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünüidarə oraqnlarından rəhbər vzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə hökmü ilə Cavabdeh tərəfindən həqiqətən ona 7000 manat məbləğində maddi ziyan dəymiş olduğu müəyyən edilmişdir. Hazırda cavabdeh cəzasını çəkib qurtarmış və azadlıqdadır. Lakin yenə də, ona vurmuş olduğu maddi ziyanı ödəmir.

5. Şəmkir Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 2(076)-679/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia təmin edilərək, Cavabdeh dəymiş maddi zərərə görə 7000 (yeddi min) manat məbləğində pul alınıb İddiaçı ödənilməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cəzasını çəkib qurtardıqdan sonra iddiaçıya dəymiş maddi ziyanın onun tərəfindən ödənilib-ödənilməməsi araşdırılmamışdır. Halbuki, cəzasını çəkib qurtardıqdan sonra iddiaçıya 1000 manat məbləğində ödəniş edərək, qalan hissəsinin ödənilməsi üçün ondan möhlət verilməsini xahiş etmişdir. Qarşı tərəf buna razılıq verdiyini bildirsə də, lakin məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi onun iştirakı olmamasına rəğmən iş üzrə qətnamə qəbul etmişdir ki, bu da iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların nəzərə alınmasını mümkünsüz etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, keçmiş gəlini X1 onun oğlu Talehlə nikahları pozulduqdan sonra Şəmkir Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən gəlininin azyaşlı uşaqları ilə birlikdə onun və ailə üzvlərinin ümumi istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru Cavabdeh gəlini və nəvələri ilə birlikdə yaşadığı evə gələrək qətnaməyə əsasən gəlini və nəvələrinin evə köçürülməli olduğunu bildirmişdir. Buna etiraz edərək evin onun mülkiyyətində olduğunu bildirmişdir. Bu zaman Cavabdeh demişdir ki, keçmiş gəlininə 7000 manat məbləğində kompensasiya verilsə, onlar evə köçürülməyə bilər. O da bu təkliflə razılaşaraq bir gün sonra cavabdehin xidməti otağına gedərək ona 7000 manat pul məbləğində pul vermişdir. Daha sonra keçmiş gəlininin atasıgilə gedərək, gəlininin və nəvələrinin evə köçürülməsinin əvəzinə kompensasiya olaraq icra məmuru olan cavabdehə 7000 manat pul verdiyini bildirmişdir. Bu zaman məlum olmuşdur ki, Cavabdeh onun keçmiş gəlininə heç bir ödəniş etməmişdir. Dərhal keçmiş gəlini ilə onun yanına getmişlər və cavabdeh ondan 7000 manat pul aldığını etiraf edərək həmin pulu xərclədiyini bildirmişdir. Bundan sonra hüquq mühafizə orqanına müraciət etmiş, məlum olmuşdur ki, cavabdeh ondan başqa şəxslərin də pulunu alıb xərcləmişdir. Cavabdehin təqsirli hərəkəti səbəbindən məcbur olub əlavə xərc çəkərək keçmiş gəlininə ayrıca həyət evi tikdirmişdir. Sədrlik edənin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdeh ondan qanunsuz aldığı vəsaitdən heç bir məbləğ qaytarmamışdır.

11. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqran göndərərək səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin teleqramına əsasən əvvəlki iclasın da təxirə salınmasını və işin baxılması müddətini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

13. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli 2(076)-1972/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi 24 iyul 2019-cu il tarixdə Şəmkir rayon icra və probasiya şöbəsində icra məmuru vəzifəsində işləmiş Cavabdeh icraatına daxil olmuşdur. Həmin icra sənədinə əsasən tələbkar X2 azyaşlı uşaqları ilə birlikdə İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə köçürülməli olmuşdur. İcra məmuru Cavabdeh 20 avqust 2020-ci il tarixdə icra sənədi üzrə borclu İddiaçı yaşadığı evə gələrək tələbkar Xanım İbrahimovanın evə köçməməsi müqabilində kompensasiya ödənişinin verilə biləcəyini deyib bu məzmunda akt tərtib edərək İddiaçı kompensasiya ödənişinin müəyyən edilməsinin özünün səlahiyyətində olduğunu, özü tərəfindən sənədləşdirmə işlərinin aparılacağını, ona kompensiyasiya ödənişi verildikdən və həmin ödəniş də özü tərəfindən tələbkar Xanım İbrahimovaya çatdırıldıqdan sonra icra işinə öz qərarı ilə xitam veriləcəyini, həm ödəniş edilməsi, həm də icra işinə xitam olunması barədə müvafiq sənədi özünün ona təqdim edəcəyini vəd etmişdir. Eyni zamanda, bunların həyata keçirilməsi müqabilində borclu İddiaçı 7000 manat vəsait tələb etmiş, sonuncu da həmin vəsaiti icra məmuru Cavabdeh vermişdir. Həmin əməlinə görə Cavabdeh Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 1(100)-17/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası almışdır. Gəncə Apellyasiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 1(104)-493/2023 nömrəli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin qeyd olunan hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Cavabdeh İddiaçı etibarından sui-istifadə etməklə və onu aldatmaqla 2019-2020-ci illərdə ümumilikdə sonuncunun 7000 manat pulunu ələ keçirtməsi öz təsdiqini tapmışdır.

27. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağdakıları qeyd edir.

28. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

29. Qeyd edilməlidir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

30. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

31. Yuxarıda da göstərildiyi kimi qanuni qüvvədə olan məhkəmə hökmü ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə etməklə və onu aldatmaqla 2020-ci ildə ümumilikdə sonuncunun 7000 manat pulunu ələ keçirtməklə ona maddi ziyan vurmuşdur.

32. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində işə onun iştirakı olmadan baxıldığını və məhkəmə çəkişməsi prinsipinin pozulduğunu göstərsə də, lakin iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı ərizə verərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir (bax səhifə 49).

33. Məhkəmə kollegiyası həmçinin göstərir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərində aldığı vəsaitin bir qismini iddiaçıya qaytarmış olduğunu bildirsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

34. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

37. Şərh olunan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 2(076)-679/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar