Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1475/2023 13.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: dəymiş zərərin ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-335/2023 saylı mülki iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 1(100)-15/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmişdir. Həmin cinayət işi üzrə İddiaçı MMC-yə zərərçəkmiş qismində Cavabdeh tərəfindən 16446.49 (on altı min dörd yüz qırx altı manat qırx doqquz qəpik) manat məbləğində ziyan vurulduğu, işin məhkəmənin icraatında olduğu zaman vurulmuş ziyandan 10000 (on min) manatın ödənildiyi müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Məhdud Məsuliyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində 16446.49 (on altı min dörd yüz qırx altı manat qırx doqquz qəpik) manat məbləğində dəymiş zərərin və ödənilmiş 139.34 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Bərdə Rayon Məhkəməsinin 2(021)-2551/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qərardadı ilə qeyd olunan mülki iş aidiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 15/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh öz hüquq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəmə yolu ilə ələ almağı öz əksini tapmışdır. Belə ki, xx.xx.2017-ciil tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fimasının satış şöbəsinin Bərdə filialının satış üzrə nümayəndəsi vəzifəsində işləyərkən firma ilə aralarında bağlanmış maddi məsuliyyət haqqında müqaviləyə və əmək müqaviləsinə əsasən müşayətedici sənədlərə uyğun olaraq öz qulluq mövqeyindən istifadə edərək, ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını vahid qəsdlə talama yolu ilə, həmin firmanın prezidentinin xx.xx.2017-ci il tarixli əmri ilə ona təhkim olunmuş 824 saylı posterminalla firmanın Bərdə şəhəri, Bakı küçəsində yerləşən ofisində sənədlərlə öhdəsinə götürdüyü cəmi 44994.83 manat dəyərində müxtəlif adda qida məhsullarını firmanın sürücüsü Abdullayevin vasitəsi ilə Yevlax şəhərində müxtəlif ünvanlarda yerləşən cəmi 36 ticarət obyektlərinə təhfil veriləndən sonra, həmin məhsulların satışından əldə etdiyi 24791.25 manat puldan filialın xəzinəsinə 8344.76 manat nəğd ödəniş, satış nöqtələrində 9091.44 manat mal qalığı, həmçinin bağlı olan, yaxud imzası olmayan müştərilər üzrə mal qalığı 10975.11 manat mal qalığı, eləcədə geri qaytarılmış malların dəyəri olan 136.60 manat hesabından çıxılaraq həmin ticarət obyektlərindən qəbul etdiyi 16446.49 manat məbləğində pulu isə təhfil verməyərək öz ehtiyaclarına xərcləməklə İddiaçı firmasının əmlakını taladığı qeyd edilmişdir. Cavabdeh İddiaçı MMC-yə vurduğu 16446.49 manat məbləğində ziyanı bu günə kimi ödəməmişdir.
5. Ağdam Rayon Məhkəməsinin 2(013)-335/2023 saylı mülki iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim: R.Məmmədov) iddia tələbi təmin edilmiş, Cavabdeh 16446.49 (on altı min dörd yüz qırx altı manat qırx doqquz qəpik) manat pul və ödənilmiş 139.34 (bir yüz otuz doqquz manat otuz dörd qəpik) manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyirinə tutulması qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 2(013)- 335/2023 saylı mülki iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, təqdim edilmiş sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar ayınlaşdırılmamışdır. Belə ki, məhkəmə işə onun iştirakını təmin etmədən baxmış, çəkişmə prinsipinə əməl etməmişdir. Bundan başqa cəmiyyət tərəfindən iddia düzgün verilməmişdir. Çünki, o, zərərlə bağlı ödənişlər etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
10. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir.
12. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
16. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
20. Maddə 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 21 Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
22. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
Apellyasiya baxışının hədləri
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə iştirak edən şəxləri və məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə tamamilə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla, iddia tələbi qismən təmin edilməlidir.
26. Məhkəmə kollegiyası ilk növbədə şikayətin dəlillərindən olan məhkəmə iclasının cavabdehin iştirakının təmin edilməməsi məsələsinə qiymət verməyi zəruri hesab edir və bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Ədalət mühakiməsinin tərəflərin bərabərliyi və çəkişməsi əsasında həyata keçirilməsi prinsipi mülki prosesin bütün mərhələlərinə, o cümlədən apellyasiya və kassasiya icraatlarına da şamil edilir.
27. Ağdam Rayon Məhkəməsinin 2(013)-335/2023 saylı mülki işin materiallarında məhkəmənin xx.xx.2023-cü il tarixə təyin edilmiş iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilmiş, məhkəmə isə bildirişin cavabdehə çatıb-çatmamasını dəqiqləşdirməmiş işə onun iştirakı olmadan baxmışdır. Belə ki, iş materiallarında qeyd edilən məhkəmə bildirişinin cavabdeh tərəfindən qəbul edilməsi barədə heç bir sübut yoxdur. Artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsi ilə nəzərdə nunulmuşdur ki, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
28. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-335/2023 saylı mülki iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi bu səbəbdən tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
29. Bundan başqa apellyatorun şikayətinin digər dəlili müəyyən edilmiş zərərin düzgün hesablanmadığındandır. Belə ki, apellyator şikayətində göstərmişdir ki, İddiaçı MMC-yə vurulmuş zərərin müəyyən hissəsini ödəmişdir.
30. Mülki işə apellyasiya qaydasında baxılarkən Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuş 1 (100)-15/2019 saylı cinayət işinin materialları tədqiq olunmuş və müəyyən edilmişdir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci madddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 07 avqust 2018-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə məhkəmədə baxılarkən Gəncə Ağır Cinayətlər Məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı MMC-dən mənimsədiyi əmlakın məbləği 16446.49 manat təşkil etmişdir. Ona görə də məhkəmə Cavabdeh əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif etmişdir. Həmin hökmdən həmçinin müəyyən olunur ki, iş məhkəmənin icraatında olarkən Cavabdeh tərəfindən İddiaçı MMC-yə vurulmuş zərərdən 10000 manat məbləğində ödəniş edilmişdir. Yəni, Cavabdeh İddiaçı MMC-yə vurmuş olduğu 16446.49 manat məbləğində maddi ziyanın 6446.49 (altı min dörd yüz qırx altı) manat 49 qəpik məbləğində müəyyən edilməsində olan hissəsi ödənilməmiş qalmışdır.
31. Odur ki, məhkəmə kollegiyası Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2019cu il tarixli, 1(100)-15/2019 saylı hökmünü Cavabdeh İddiaçı MMC-yə vurmuş olduğu 16446.49 manat məbləğində maddi ziyanın ödənilməmiş qalan hissəsinin 6446.49 (altı min dörd yüz qırx altı) manat 49 qəpik məbləğində müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edir və hesab edir ki, Cavabdeh 6446.49 (altı min dörd yüz qırx altı) manat 49 qəpik məbləğində pul alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. 32.Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, məhkəmədə hazlrki iddianln qaldırılması üçün İddiaçı MMC tərəfindən 139,34 manat məbləğində dövlət rüsumü ödənilmişdir. İrəli sürülən iddia qismən əsaslı sayıldığından Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC tərəfindən ödənilmiş 139,34 manat məbləğində dövlət rüsumünun ödənilmiş tələblərin məbləğinə mütənasib olan 55 manat hissəsi Cavabdeh aid edilməli və ondan tutularaq, İddiaçı MMC-nin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq,
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-335/2023 saylı mülki iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6446.49 (altı min dörd yüz qırx altı) manat 49 qəpik məbləğində pul, bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55 (əlli beş) manat məbləğində pul alınaraq İddiaçı hesabına ödənilsin. Bu qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində maraqları təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: imza var Hakimlər: imzalar var Əsli ilə düzdür, Hakim Ədil Məmmədov Sədrlik edən: Ədil Məmmədov
Hakimlər: Şəfiqə Əliyeva
Fikrət Mehtiyev