Məhkəmə qərarları › İş №2(104)-148/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-148/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-148/2025 26.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)- 118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC (Bank) ilə Cavabdeh arasında bağlanmış RH-00014-06/19A nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank 26512 manat məbləğində krediti illik 18 faizlə 54 ay müddətinə borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və onu 6 ay güzəşt müddəti daxil olmaqla xx.xx.2024-cü il tarixinədək faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********65-05101- 093007 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 64,4 kv.metr olan mənzil xx.xx.2019-cu il tarixli RH-00014-06/19A nömrəli kredit müqaviləsi üzrə 54 ay müddətinə, xx.xx.2019 - xx.xx.2024-cü il tarixədək Bank "xxxx" ASC-nin xeyrinə yüklü edilmiş, hüququ yüklü edilən şəxs isə Cavabdeh olmuşdur.

3. xx.xx.2019-cu il tarixli RH-00014-06/19A nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə görə borcalan 54 ay müddətinə xx.xx.2024cü il tarixinədək hər ay 779 manat, sonuncu ay isə 753,32 manat ödəməli idi. Ödəniş cədvəlinə görə gecikmənin 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0,5 faizi məbləğində gündəlik cərimə hesablanır.

4. Cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcalana xx.xx.2019-cu il tarixli RH-00014-06/19A nömrəli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş, yaranmış borc məbləğinin 5 (beş) iş günü müddətində tam olaraq ödənilməsi və bu barədə banka məlumat verilməsi xahiş olunmuş, əks təqdirdə kredit müqaviləsi üzrə bütün məbləğin (əsas kredit qalığı, gecikmiş əsas kredit məbləği, gecikmiş faiz məbləği və cərimə faizinin cəmi) geri ödənilməsi məqsədilə kredit müqaviləsinin ləğv olunması, tələbin ipoteka predmetinə (ipoteka qoyulmuş qeyri-yaşayış sahəsinə tutma) yönəldilməsi, kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ödənilməsi, ödəmədiyi təqdirdə qalan məbləğin cavabdehdən tutulması və qeyri-yaşayış sahəsinin boşaldılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

5. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış GNCF-2022/134 nömrəli, xx.xx.2023-cü il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişlərdən görünür ki, öhdəliklər vaxtında icra edilmədiyindən cavabdehə xx.xx.2019-cu il tarixli RH- 00014-06/19A nömrəli kredit müqaviləsi üzrə borcun olduğu bildirilmiş, yaranmış borc məbləğinin 5 (beş) iş günü müddətində tam olaraq ödənilməsi xahiş olunmuş, borcun ödənilmədiyi halda, cavabdehə “Notariat haqqında” qanunun 76-cı və “İpoteka haqqında” qanunun 38-ci maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı, “İpoteka haqqında” qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan mənzilə tutmanın yönəldilməsi proseduruna başlanılacağı, bununla yanaşı iddiaçı ASC tərəfindən borc vaxtında ödənilmədiyi üçün kredit müqaviləsi üzrə bütün məbləğin (əsas borc, faiz və cərimənin) ödənilməsi məqsədilə tələbin ipoteka predmetinə yönəldilməsi, kredit borcunun ipoteka predmetinin satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

6. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış “bildirişin dövlət qeydiyyatına alınması haqqında” ərizədə kredit müqaviləsi üzrə öhdəliklərin borclu tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirilmədiyi, birtərəfli qaydada pozulduğu, ipoteka qoyana, yəni cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin göndərildiyi bildirilərək “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən bildirişin dövlət qeydiyyatına alınması xahiş edilmiş, bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin hesabına ayrılıqda 60 manat və 15 manat dövlət rüsumu ödənilmişdir.

7. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən cavabdehin xx.xx.2023-cü il tarixə banka olan əsas borc məbləği 16123,97 manat, ümumi faiz borcu 919,05 manat, dəbbə borcu 666 manat, cəmi borc 17709,02 manat təşkil edir.

8. Cavabdeh məhkəməyə sübut qismində sözügedən kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə 831 manat, xx.xx.2021-ci il tarixdə 1662 manat, xx.xx.2019-cu il tarixdə 1270 manat, xx.xx.2019-cu il tarixdə 425 manat, xx.xx.2019-cu il tarixdə 371 manat, xx.xx.2020-ci il tarixdə 398 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 831 manat, xx.xx.2019-cu il tarixdə 59,70 manat, xx.xx.2020-ci il tarixdə 798 manat, xx.xx.2019-cu il tarixdə 1270 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 331 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 831 manat, xx.xx.2022-ci il tarixdə 135 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 310 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2022-ci il tarixdə 300 manat ödənişlər etdiyini təsdiq edən çeklərin əslini və fotoşəkillərini təqdim etmişdir.

9. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/6400 nömrəli, 06 sentyabr 2023-cü il tarixli rəyi ilə iş materiallarında olan cari hesabdan çıxarışa məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00014-06/19A nömrəli müqaviləyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə iddiaçı Bank "xxxx" ASC-yə olan borcu-əsas borc üzrə 16536,70 manat, faiz borcu üzrə 884,71 manat müəyyən edilir.

10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin LP009/2024 nömrəli, 22 yanvar 2024cü il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən Cavabdeh məxsus mənzilin hazırkı bazar qiyməti 54000 manat, likvid qiyməti 45000 manat təşkil edir.

11. Məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş "xxxx" MMC-nin 07 iyul 2025-ci il tarixli, 123/BTB/25 saylı rəydən görünür ki, ünvan 3 ünvanında yerləşən Cavabdeh məxsus mənzilin hazırkı bazar qiyməti 77000 manat, likvid qiyməti 65000 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00014-06/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə olan 16123,97 manat əsas borc, 919,05 manat faiz borcu, 666 manat dəbbə borcu, cəmi 17709,02 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 143,35 manat və 0,40 manat bank xidməti haqqı, həmçinin 75 manat ipoteka predmetinə tutumanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdeh ilə bağlanan xx.xx.2019-cu il tarixli, RHMG-00014-06/19A nömrəli sonrakı ipoteka müqaviləsi əsasında, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun sonrakı ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması – iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH-00014-06/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə olan 16536,70 manat əsas borc, 884,71 manat faiz borcu, 666 manat dəbbə borcu, cəmi 18087,41 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 143,35 manat dövlət rüsumu və 0,40 manat, bank xidməti haqqı, həmçinin 75 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması, cavabdeh ilə bağlanan xx.xx.2019-cu il tarixli, RHMG-00014- 06/19A nömrəli sonrakı ipoteka müqaviləsi əsasında, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə tutumanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin sonrakı ipoteka ilə təmin edilmiş kredit borcunun sonrakı ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, sonrakı ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019cu il tarixli RH00014-06/19A nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 54 (əlli dörd) ay müddətinə, illik 18 (on səkkiz) faiz ödəmək şərti ilə 26512 (iyirmi altı min beş yüz on iki) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçı ilə RHMG-00014-06/19A nömrəli sonrakı ipoteka müqaviləsi bağlamış və Cavabdeh məxsus olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 37, 31 nömrəli mənzil Bank "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü olmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.10-cu və sonrakı ipoteka müqaviləsinin 5.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

15. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-118/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə icraata iddia tələbinin mənzilin boşaldılması hissəsində xitam verilməsi qərara alınmışdır.

16. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-118/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia tələbi qismən təmin edilərək, bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış RH-00014- 06/19A nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli, RH-00014-06/19A nömrəli kredit müqaviləsi üzrə 16536,70 manat əsas borc, 884,71 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 17521,41 (on yeddi min beş yüz iyirmi bir manat qırx bir qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alnması üçün köçürülmüş cəmi 75 (yetmiş beş) manat xərc və 142,56 (bir yüz qırx iki manat əlli altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq Bank "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzilə yönəldilməsi, Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzil açıq hərracdan satılması və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına Bank "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan və Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzilin ilkin satış qiymətinin (likvid dəyəri) 45000 manat müəyyən edilməsi, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə ipoteka predmeti olan əmlakın qiymətləndirmə xərci olaraq Cavabdeh 300 (üç yüz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMCnin bank hesabına köçürülməsi, keçirilmiş ekspertizanın xərci olan 100 (bir yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. İddia tələbinin tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RH00014-06/19A nömrəli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, borcalan müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş, öhdəliyini pozmuş, bununla da müqaviləyə uyğun olaraq Bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bank cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərmiş və xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə sözügedən kredit müqaviləsini və ona əlavə sazişi birtərəfli qaydada ləğv etmişdir.

18. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5, 317.1, 319.1, 421.2, 421.3, 442, 443.1, 445.2.1, 447.1, 462.1, 467, 739.1və 739.2ci maddələrinə və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 36.1 və 39.3.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

19. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-118/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib mənzilin hazırki bazar qiymətinin müəyyən olunması ilə bağlı ekspertiza təyin olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən mənzlin hazırki bazar qiymətini nəzərə almamışdır. Evin hazırki bazar qiyməti 70.000-80.000 manat təşkil edir. Lakin məhkəmə mənzilin qiymətini 2019-cu il tarixdə qoyulan 45000 manat kimi müəyən etmişdir. Məhkəmə mənzilin hazırki bazar qiymətinin müəyyən olunması ilə bağlı ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Bununlada məhkəmə ciddi qanun pozuntusuna yol verməklə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı cavabdeh yəni onun iştirakını təmin etməməklə sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməkdə haqlı olmamışdır. Məhkəmə mənzilin hazırki bazar qiyməti ilə bağlı ekspertiza təyin etməməklə iddianı tam təmin etməkdə haqlı olmamışdır.

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirirərək təmin edilməməsini xahiş etmişdir.

23. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi(xx.xx.2023-cü il tarixədək olan redaksiyada):

24. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

25. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 23. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

26. Maddə 462.1 və 467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir..

“İpoteka haqqında" Azərbaycan Respublikası Qanunu:

29. Maddə 1.0.9. İlkin satış qiyməti- bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

30. Maddə 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır.

31. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

40. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

41. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

45. Hazırkı apellyasiya şikayətində qətnamə ipoteka predmetinin bazar dəyəri hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsi aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir.

47. Belə ki, apellyasiya şikayətinin ipoteka predmetinin bazar qiymətinin 70.000-80.000 manat təşkil etməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, əmlakın hərracdan ilkin satış qiyməti onun bazar dəyəri ilə deyil, likvid dəyəri ilə müəyyən olunur. Birinci instansiya məhkəməsi tərəfindən isə qiymətləndirmə təyin edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin LP009/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli rəyi ilə ünvan 3 ünvanında yerləşən Cavabdeh məxsus mənzilin bazar qiymətinin 54000 manat, likvid qiymətinin 45000 manat təşkil etməsi müəyyən olunmuşdur. Kollegiya qeyd edir ki, əmlakın bazar dəyəri əmlakı satmaq məcburiyyəti qarşısında qalmadan satıcının satmağa razı olduğu və onu almaq məcburiyyəti qarşısında qalmayan alıcının almaq istədiyi qiymətdir. İpoteka haqqında Qanunun tələblərinə əsasən isə, ipoteka predmetinə tutma yönəldilərkən ilkin satış qiyməti müəyyən edilməlidir ki, o da, ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

48. Lakin, bununla belə məhkəmə kollegiyası yenidən qiymətləndirmə ekspertizası təyin etmiş və "xxxx" MMC-nin 07 iyul 2025-ci il tarixli, 123/BTB/25 saylı rəy ilə ünvan 3 ünvanında yerləşən Cavabdeh məxsus mənzilin hazırkı bazar qiyməti 77000 manat, likvid qiyməti 65000 manat təşkil etməsi müəyyən olunmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti ipoteka predmeti olan Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzilin ilkin satış qiymətinin (likvid dəyəri) müəyyən edilməsi hissəsində əsaslıdır.

49. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilməli, ipoteka predmeti olan Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 65000 (altmış beş min) manat müəyyən edilməlidir.

50. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 450 manat Cavabdeh alınaraq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, m/h AZ03NABZ********************, kodu 805539, SWİFT Bik: İBAZAZ2X, H\h: AZ52İBAZ********************1 nömrəli hesaba ödənilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ipoteka predmeti olan və Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzilin ilkin satış qiymətinin (likvid dəyəri) 45000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Cavabdeh tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64,4 kv.m olan mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 65000 (altmış beş min) manat müəyyən edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat alınaraq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, m/h AZ03NABZ********************, kodu 805539, SWİFT Bik: İBAZAZ2X, H\h: AZ52İBAZ********************1 nömrəli hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar