Məhkəmə qərarları › İş №2(104)-1480/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1480/2025

14.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1480/2025 14.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsindən Nümayəndə tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4671 (dörd min altı yüz yetmiş bir) manat pul, 500 manat hüquqi yardıma görə ödənilmiş xərc və 66,71 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh tutularaq: büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** hesaba ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə Nümayəndə Cavabdeh nümayəndəsi qismində qətnamənin dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsini araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, Nümayəndə tərəfindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətindən görünür ki, Nümayəndə Cavabdeh etibarnamə üzrə nümayəndəsi kimi qeyd olunmuş, lakin şikayətə onun səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsində göstərilmişdir ki, Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. (Azərbaycan Respublikası MPM-nin 73.1 və 73.2-ci maddələri) Kollegiya qeyd edir ki, Nümayəndə Cavabdeh tərəfindən etibarnamə verilmədiyi, habelə verilmişsə həmin etibarnamə tam olaraq apellyasiya şikayətinə əlavə edilmədiyi üçün Nümayəndə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsindən şikayət vermə səlahiyyəti olmamışdır. Həmçinin bundan əlavə iş materiallarından görünür ki, Nümayəndə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcəsi 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında ödənilməli olduğu müəyyən edilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumunun dərəcəsi bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilmişdir. Hazırki mülki iş üzrə iş materiallarında olan apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, Nümayəndə tərəfindən 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin qiyməti 7020 manat olduğundan iddia ərizəsinin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun məbləği 90.20 manat, həmin iddia tələbi üzrə çıxarılmış Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun məbləği 45.10 manatdır. Lakin Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə qeyd edilən məbləğdə deyil, 34 manat məbləğində dövlət rüsumunun ödənildiyi əlavə edilmişdir. Apellyasiyanın mümkünlüyünün yoxlanılmasından bəhs edən Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 361.2-ci maddəsinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsində deyilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə kollegiya hesab edir ki, Nümayəndə tərəfindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 361, 366 və 402-ci maddələrini maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-157/2025 saylı qətnaməsindən Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar