Məhkəmə qərarları › İş №2(104)-1482/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1482/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1482/2023 20.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(125)-1532/2023 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə ona hesablanmış 1.036 manat 80 qəpik maddi ziyanın silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(125)-1532/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının təmin edilməsi, «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməsi və həmin akt əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində İddiaçı hesablanmış borcun silinməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacı onun müraciəti əsasında 19 aprel 2022-ci il tarixdə smart kart tipli yeni sayğacla əvəzlənmişdir. Qeyd olunan qaz sayğacı çıxarılarkən tərtib olunmuş 19 aprel 2022-ci il tarixli ******* nömrəli aktda da qaz sayğacının borcun olması ilə əlaqədar çıxarıldığı qeyd olunmuşdur. Lakin sonradan qaz sayğacından çıxan boruda deşik olması səbəbindən itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə ona 1.036 manat 80 qəpik məbləğində borc hesablanmışdır. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən ona 1.036 manat 80 qəpik borc tam olaraq əsassız hesablanmışdır. Sayğac evdən kənarda yerləşdiyindən, ev sahibi olaraq onun sayğacın təhlükəsizliyini təmin etməyi faktiki olaraq mümkün deyildir. Odur ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı hesablanmış 1036.80 manat borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, dövrü yoxlama müddəti bitdiyinə görə 1202AQ**********6 nömrəli sayğac çıxarılmış və **********3 nömrəli sayğacla əvəz edilmişdir. İş materiallarında olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 19 aprel 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, qaynaq sisteminə keçidə görə **********3 nömrəli sayğac çıxarılmış və **********4 nömrəli sayğacla əvəz edilmişdir. İşdə olan «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 28 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-29/1710-04412-1 nömrəli rəyinə əsasən sayğaca baxış keçirilərkən, sayğacın plastmas borusunun deşik olması aşkar edilmişdir. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli «dəymiş ziyanın bərpasına dair tələbnamə»dən görünür ki, qaz sayğacının normal qaz sərfi 4 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x24x90=8640 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 26 aprel 2022-ci il tarixli AKX03996xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin surətindən görünür ki, «Azəriqaz» İstehsalat Birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı keyfiyyətli qazla təmin edir, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq «Azəriqaz» İstehsalat Birliyi tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələri əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, sayğac dəyişdirilərək növbədənkənar dövlət yoxlamasına göndərilmişdir və sayğacın plastmas borusunun deşilməsi aşkarlanmışdır. İş materiallarından göründüyü kimi sayğaca müdaxilə ilə bağlı kifayət qədər sənədləşmə aparılmış və fakt təsdiqini tapmışdır “Azəriqaz” İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, o, sayğaca hər hansı müdaxilə etməmişdir. Belə bir müdaxilə olsa idi, sayğac yenisi ilə əvəz edilən zaman əməkdaşlar tərəfindən bu hal onun diqqətinə çatdırılardı. Odur ki, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər İş üzrə cavabdeh təşkilata məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən qaynaq sisteminə keçidə görə qaz sayğacı başqası ilə əvəzlənmişdir. xx.xx.2022-ci il tarixdə isə istismar müddəti bitmiş sayğac yoxlamadan keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşik olması müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat 8640 kub m. qaz itkisinə məruz qaldığını iddia etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* akta əsasən qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacda hər-hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə akta hər hansı bir qeyd aparılmamışdır ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərildiyi müddət ərzində ehtiyyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən cavabdeh təşkilat sayğacın hesablama mexanizminin müdaxilə nəticəsində qaz itkisinə səbəb olmasını da əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Odur ki, iddiaçıya hesablanmış borcun silinməsi qanunidir. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvinə əsas vermir. Dəlillər mötəbər sübutlarla təsdiq edilməyən subyektiv mülahizələrdən ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(125)-1532/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar