Məhkəmə qərarları › İş №2(104)-1484/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1484/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1484/2023 16.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmələr arası fikir ayrılığına Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 448 manat, cərimə qismində 300 manat və ödənilmiş dövlət rüsumunun əzəvi qismində 30 manat məbləğində pul vəsaitinin alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-411/2023 saylı qərardadı ilə işin baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3800/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş məhkəmələr arasında fikir ayrılığının müəyyən edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarılmış Cavabdeh barədə məlumatlardan görünür ki, o, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatdadır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Odur ki, mülki iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prоsessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələrivə digər bu kimi yaşayış yerləri başa düşülür Həmin Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - xüsusi nümunəli vəsiqə; 3) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində- müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməldir. Odur ki, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395-398 -ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən imza var Hakimlər: imzalar var Düzdür Hakim: Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar