Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1485/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə) Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, “Alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(125)-1858/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)- 2876/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından 22 iyul 2012-ci tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1915/2014 nömrəli, 01 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 80 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 115 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)-2876/2018 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və 22 iyul 2012-ci tarixdə anadan olmuş X1 üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdehla 2011-ci ildə nikaha girmiş və onların birgə nikahından 22 iyul 2012-ci tarixdə X3 doğulmuşdur. Nikah bağlandıqdan sonra cavabdehlə münasibətləri bir müddət yaxşı olsa da, sonradan aralarında mübahisələr yaranmışdır. Onlar arasında olan faktiki nikah münasibətləri xasiyyətlərinin uyğun gəlməməsi ilə əlaqədar başa çatmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 oktyabr 2014-cü il tarixli, 2(043)-1915/2014 nömrəli qətnaməsi ilə nikah pozulmuş, Rəsul adlı uşaq onun himayəsinə verilmiş və Rəsulun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 80 manat sabit məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Daha sonra Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)-2876/2018 nömrəli qətnaməsi ilə həmin alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh hər ay 115 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. X3 hazırda məktəblidir və zəruri xərcləri 2018-ci ildə müqayisədə daha çoxdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)-2876/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 115 manat alimentin məbləği cavabdehlə birgə nikahdan doğulmuş uşağın tələbatlarını ödəməyə kifayət etmir. Cavabdeh hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən əlavə ona heç bir maddi yardım göstərmir. Onun hazırda maddı vəziyyəti yaxşı deyildir. Cavabdeh isə avtomobil alqısatqısı ilə məşğul olur, kifayət qədər yüksək qazanca malikdir və birgə nikahdan doğulmuş uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəməyə imkanı vardır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Gəncə Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(125)-1858/2023 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)- 2876/2018 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh 22 iyul 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Digər tərəfdən mülki işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)-2876/2018 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş, alimentin məbləği 2018-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu olan 154 məbləğində pul vəsaitinin 75 faizi həddində, yəni 115 manat olmuş, 2023-cü ildə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu hazırki tarixədək ötən müddət ərzində 66 manat məbləğində artaraq, 2023-cü ildə 220 manat müəyyən edilmişdir.
6. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(125)-1858/2023 nömrəli qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən onun işsiz olduğunu, iddiaçının yüksək əmək haqqı almasını nəzərə almamış, iddiaçının iddia ərizəsində və məhkəmə baxış iclasında göstərdiklərinə əsaslanmış, cavabdehin dəlillərini, işsiz olmasını, anasının pensiyası hesabına dolanmasını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda işləmir və yalnız anasının əmək pensiyası ilə dolanırlar.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Konstitusiyası:
17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
13. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqların haqqında” Konvensiya:
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələri inzibati və ya qanunvericilik orqanları tərəfindən.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə valideynindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarı: 8.13 Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
17. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Apellyasiya şikayətində cavabdeh tələbin rədd olunmasını xahiş etmiş, şikayətin dəlili kimi alimentin ödənilməsinə maddi imkanının yol verməməsini qeyd etmişdir.
20. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə alimentin tutulması əsası ilə, alimentin məbləğinin dəyişdirilməsi (hazırki işdə isə artırılması) əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır.
21. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
22. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
23. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 03 iyul 2018-ci il tarixli, 2(043)- 2876/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından 22 iyul 2012-ci tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1915/2014 nömrəli, 01 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 80 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 115 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
24. Hazırki halda azyaşlının sosial-mədəni inkişafı, təhsili və digər təlabatlarının ödənilməsi müqabilində təyin olunmuş 115 manat aliment adekvat hesab edilmir. Belə olduqda alimentin miqdarının artırılaraq 170 manat müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır.
25. Digər tərəfdən apellyasiya şikayətinin dəlili kimi cavabdehin hazırda işləməməsinə münasibət bildirərkən məhkəmə kollegiyası qeyd edir ki, valideynin əmək fəaliyyəti ilə məşğul olmaması onun uşaq qarşısında öhdəliklərini istisna etməməlidir.
26. Tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır.
27. Beləliklə, məhkəmə kollegiyası tərəflərin yuxarıda müəyyən olunan maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay 170 manat məbləğdə müəyyən edilməsini uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir.
28. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(125)-1858/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov