Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1490/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, İddiaçı2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(076)-356/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(076)-356/2023 saylı qətnaməsi ilə (hakim T.Musayev) iddianın təmin edilməsi, cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1.036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc silinməsi qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-356/2023 saylı qətnaməsini ləğv edib, İddiaçı2 iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək "Azəriqaz" istehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı2 cavabdeh “Azəriqaz” tstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1.036.80 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2022-ci ilin sentyabr ayında yaşadıqları Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evində anası İddiaçı2 adına quraşdırılmış təbii qaz sayğacı “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Sayğac dəyişdirildikdən bir müddət sonra evə bildiriş gəlmiş və qaza görə 1.036,80 manat borcun olmasını görmüşlər. Bundan sonra məsələni aydınlaşdırmaq üçün “Azəriqaz” İBnin X2 İstismar İdarəsinin Şəmkir Xidmət Sahəsinə getmiş, lakin orada ona ******* nömrəli akt verilmiş və aktda guya sayğaca müdaxilə edilməsi qeyd olunmuşdur. Həmin qaz sayğacının çöldə yerləşməsini və onlar tərəfindən heç bir müdaxilə edilməməsini bildirsə də, cavabdehin əməkdaşları onun iradlarına məhəl qoymamışlar. Tərtib olunmuş aktın isə kim tərəfındən tərtib edilməsindən məlumatı olmamışdır. O, istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Hazırda “Azəriqaz” İB-nin əməkdaşları ondan həmin borcu tələb edir və əks halda təbii qazın verlişini dayandıracaqlarını bildirirlər. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, Şəmkir rayonu, Təzəkənd kəndində İddiaçı2 adına quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacda müdaxilə izləri (sayğacın klapanı işlək deyil, sayğac mənfıyə işləyib, sayğacın giriş plastmas borusu və süzgəcin deşilməsi) hiss olunmuş, bu barədə xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin akt əsasında 1.036,80 manat borc hesablanmışdır. Həmçinin, müdaxilə nəticəsində istismara yararsız hala salınmış qaz sayğacının dəyəri 158,59 manat da həmin məbləğə əlavə edilməklə, ümumilikdə İddiaçı2 1.195,39 manat borcu yaranmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz mudaxilə olunduğuna sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2022-ci ilin oktyabr ayında iddiaçının abonent hesabına işlənilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğacın klapanının işlək vəziyyətdə olmaması bu səbəbdən də sayğacın mənfiyə işləməsi eləcə də sayğacın giriş plastmas borusunun və süzgəcin deşilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. Qeyd edilənlərdən aydın görünür ki, məhkəmə iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2022-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1036,80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2022ci ilin oktyabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2022-ci ilin oktyabr ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş təbii qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı2 və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(076)- 356/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən istehlakçı İddiaçı2 məxsus ünvanda yoxlama zamanı sayğacın klapanı işlək deyil, sayğac mənfiyə işləyib, sayğacın giriş plastmas borusu və süzgəcin deşilməsi aşkarlanmaqla sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, 2022-ci ilin oktyabr ayına Şəmkir rayonu, Təzəkənd kənd sakini olan abonent İddiaçı2 adına akt əsasında 1.036,80 manat borc hesablanmışdır. Həmin saldodan həmçinin görünür ki, iddiaçı tərəfində istifadə etdiyi təbii qaza görə aylıq ödənişlər edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı2 Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evində “Azəriqaz” İB-nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2022-ci il tarixdə baxış zamanı sayğacın klapanının işlək olmaması, sayğacın mənfiyə işləməsi, sayğacın giriş plastmas borusu və süzgəcin deşilməklə sayğaca müdaxilə edildiyi aşkar olunmuş, bu səbəbdən “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya 1.036,80 manat borc hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, iddiaçı sərf etdiyi təbii qaza görə ödənişləri etmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, “Azəriqaz” İstehsalat Birliyi iddiaçının sayğaca müdaxilə etməsi, habelə sayğacın klapanının işlək olmaması, sayğacın mənfiyə işləməsi, sayğacın giriş plastmaz borusu və süzgəcin deşilməsinin aşkarlanması təbii qazın sərfiyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim etməmiş, ona görə də xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında iddiaçıya “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması halına görə hesablanmış 1.036.80 manat cərimə borcu silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumat”ın 2.4-cü bəbdində göstərilir ki, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə qazpaylayıcı tərəfindən abonentin qaz sayğacında baş vermiş nasazlıqda istehlakçının təqsiri müəyyən olunmadığı halda qaz sərfiyyatı ilə bağlı vurulmuş ziyan da ondan tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda zərərin iddiaçı tərəfindən vurulduğu sübuta yetmədiyinə görə cavabdeh tərəfindən hesablanmış 1.036.80 manat miqdarında pulun ödənilməsi iddiaçıdan tələb oluna bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-ni 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasıнын MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-356/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1490/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1490/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver