Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1492/2023 24.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(076)-637/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh illik 36 faiz olmaqla 36 ay müddətinə 37000 manat kredit verilmişdir.
2. Maliyyə arayışından görünür ki, Cavabdeh 24 noyabr 2022-ci il tarixə 10328,22 manat əsas, 1238 manat faiz, 537 manat cərimə olmaqla, cəmi 12103,22 manat İddiaçı MMC-yə ödənilməmiş borcu yaranmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 10328,22 manat əsas, 1238 manat gecikdirilmiş faiz, 537 manat cərimə olmaqla, cəmi 12103,22 manat borcun və ödənilmiş 127 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 36 faiz olmaqla 36 ay müddətinə 37000 manat kredit verilmişdir. Müqavilənin bitmə tarixi 29 dekabr 2023-cü il tarix olsada, borclu Cavabdeh oğlunun 10328,22 manat əsas, 1238 manat faiz, 537 manat cərimə olmaqla, cəmi 12103,22 manat İddiaçı MMC-yə ödənilməmiş borcu yaranmışdır. Borcluya şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış kredit borcu ödənilməmişdir.
5. Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(076)-637/2023 nömrəli (hakim T.Musayev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 10328,22 manat əsas kredit borcu, 1238 manat faiz borcu və 30 manat cərimə olmaqla, cəmi 11596,22 manat alınıb İddiaçı MMC-yə verilməsi; Ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi; Cavabdeh 127 manat alınıb İddiaçı MMC-yə verilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442.1, 448.2, 467, 739 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 233, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamışdır. Belə ki, İddiaçı MMC-dən 37000 manat kredit götürmüş və 6 ay müddətində ayda 1100 manat ödəniş etmişdir. Sonradan ödənişləri edə bilmədiyindən arvadı X2 məxsus ** RE *** dövlət qeydiyyat nişanlı “PRADO” markalı avtomobil iddiaçının mülkiyyətinə keçirmişdir. Həmçinin girov qoyulmuş 10000 manat dəyərində qızıl-zinət əşyaları satılmış və borcun ödənilməsinə yönəlnişdir. Hazırda iddiaçıya borcu yoxdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, kredit müqaviləsi üzrə 7000 manata yaxın ödəniş etmiş, eləcədə girav qoyulmuş qızıl-zinət əşyalarının və avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə yönəlmişdir. Hazırda kreditora borcu qalmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında bildirmişdir ki, İddiaçı MMC nizamnamə əsasında lombard fəaliyyəti ilə məşğul olur. 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi üzrə cəmiyyət tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 36 faiz olmaqla 37000 manat kredit verilmişdir. Borcalan 6670 manat ödəniş etsədə, lakin sonradan ödənişləri dayandırmışdır. Ona görə də cavabdehin arvadının adına olan “Prado” markalı avtomobil, eləcədə girov qoyulmuş qızıl-zinət əşyaları satılmış və satışdan əldə olunan 31408 manat (22042 manat “Prado” markalı avtomobilin, 9366 manata qızıl-zinət əşyalarının satışından) kreditin ödənişənə yönəldilmişdir. Müqavilə üzrə ümumilikdə 38078 manat ödəniş olmuşdur. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
23. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
24. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
25. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh kredit müqaviləsi üzrə ümumilikdə 11596,22 manat İddiaçı MMC-nin xeyrinə tutmaqda düzgün nəticəyə gəlməmişdir.
30. Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya illik 36 faiz olmaqla, 36 ay müddətinə 37000 manat kredit verilmişdir. Borcalan götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən kreditor hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.
31. Bu qətnamənin 29-cu bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. İşdən müəyyən olunur ki, Cavabdeh 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi üzrə 6670 manat ödəniş etmiş, qrafik üzrə sonrakı ödənişləri edə bilmədiyindən cavabdehin arvadı X2 məxsus “Toyota Prado” markalı avtomobil satılmış və satışdan əldə olanan vəsaitdən 22042 manat, girov qoyulmuş qızıl-zinət əşyalarının satışından əldə olunan 9366 manata kredit borcunun ödənilməsinə yönəldilmişdir.
33. İşin qeyd olunan bu halı apellyasiya icraatı zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatı ilə, eləcədə təqdim olunmuş hesabdan çıxarışla təsdiq olunur. Belə ki, təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, cavabdeh 6670 manat (1110+1110+1110+1110+1110+1120=6670) ödəniş etmiş, avtomobilin satışından əldə olunmuş 22042 manat və qızıl-zinət əşyalarının satışından əldə olunmuş 9366 manat cəmi 38078 manat 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi üzrə kreditorun hesabına mədaxil olunmuşdur.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Məhkəmə kollegiyasına təqdim olunmuş İddiaçı MMC-nin nizamnaməsindən müəyyən olunur ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.(3.1. bənd) İddiaçı MMC isə xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə məşğul olmasına dair lisenziya almamışdır. Belə olan təqdirdə İddiaçı MMC Cavabdeh 29 dekabr 2020-ci il tarixli 00164 nömrəli kredit müqaviləsi üzrə əsas borc istisna olmaqla faiz və cərimə borcu tələb etmək hüququ istisna olunur. Əsas borca münasibətdə isə bu qətnamənin 33-cü bəndində də qeyd olunduğu kimi Cavabdeh ümumilikdə 38078 manat ödəmişdir.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri hazırkı işin hallarına münasibətdə tam əsaslı olduğundan şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(076)-637/2023 nömrəli qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(076)-637/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.