Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1493/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra LPO İddiaçı ASC-nin LƏSF) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin LƏSF Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehlərdən ödənilməmiş 1.763,39 manat əsas kredit borcu, 33,05 manat faiz borcu, 0,03 manat cərimə borcu olmaqla, cəmi 1.796,47 manat məbləğində borcun və 38 manat ödənilmiş dövlət rüsumunun alınması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(076)- 913/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2023-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0009ŞFRK nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdeho xx.xx.2014-cü il tarixli 1742ŞFFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 1.840 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, o, iddiaçı ilə cavabdeh X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0009ŞFRK nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür.
3. İddiaçı ASC ilə Cavabdeh1 arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2019 cu il tarixli 0009ŞFRK saylı güzəştli kredit müqaviləsi üzrə kreditin məbləğini xx.xx.2019-xx.xx.2024-cü illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür.
4. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 0009ȘFRK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka olan osas kredit borcu 1.763,39 manat, faiz borcu 33,05 manat, cərimə borcu 0,03 manat olmaqla, comi borcu 1.796,47 manat təşkil edir.
5. 09.12.2022-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, cavabdehlərə borcu xatırladılaraq, onlardan borclu olduğu məbləği qaytarmaq tələb olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı LPO İddiaçı ASC-nin LƏSF Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0009ŞFRK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehlərdən ödənilməmiş 1.763,39 manat əsas kredit borcu, 33,05 manat faiz borcu, 0,03 manat cərimə borcu olmaqla, cəmi 1.796,47 manat məbləğində borcun və 38 manat ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0009ŞFRK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli 1742ŞFFK nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 1.840 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 zamin durmuş, əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəyəcəyi haqda zəmanət vermişdir. Zaminlə ayrıca müqavilə bağlanmış və o, yazılı şəkildə öhdəlik götürmüşdür. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun 1.763,39 manat əsas kredit borcu, 33,05 manat faiz borcu qalmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdeho 0,03 manat cərimə hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddianın təmin olunaraq, Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0009ŞFRK nömrəli güzəştli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehlərdən 1.763,39 manat əsas kredit borcu, 33,05 manat faiz borcu, 0,03 manat cərimə borcu olmaqla, cəmi 1.796,47 manat məbləğində borcun və 38 manat dövlət rüsumunun alınıb iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(076)-913/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0009ŞFRK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas kredit borcu üzrə 1.763,39 manat, faiz borcu üzrə 33,05 manat, cərimə borcu üzrə 0,03 manat olmaqla, cəmi 1.796,47 (bir min yeddi yüz doxsan altı manat qırx yeddi qəpik) manat məbləğində pul müştərək qaydada alınıb iddiaçı LPO İddiaçı ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 38 (otuz səkkiz) manat dövlət rüsumu müştərək qaydada alınıb iddiaçı LPO İddiaçı ASCyə verilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 423.2, 425.1, 442, 472.1, 472.2, 739.1, və 739.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 77, 88 119.1, 284-1, 284-5.1, 284-5.3 və 284-6.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(076)-913/2023 nömrəli qətnaməsinin borcun tutulması hissəsində ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Belə ki, iddiaçıya olan borcunun çoxunu ödəmişdir. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilməmişdir. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə istinad etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
16. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
17. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. MPM-in 394-1.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılır.
26. MPM-in 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
29. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən qətnamənin yalnız iddianın borcun tutulmuş hissəsi mübahisələndirilir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdehə münasibətdə iddianın borcun tutulması hissəsi üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
31. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
33. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
34. Cavabdeh1 apellyasiya şikayətində ekspertiza təyin edilməsi barədə dəlili ilə bağlı kollegiya göstərir ki, ekspertiza təyin edilməsi üçün əsaslar yoxdur. Çünki, borcalan tərəfindən kredit müqaviləsi üzrə ödəniş etdiyinə dair hər hansı bir sübut (ödəniş qəbzləri, mədaxil orderləri və s.) məhkəməyə təqdim etməmişdir.
35. Halbuki, Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
36. Eyni zamanda kollegiya onu da qeyd edir ki, apellyator borcun düzgün hesablanmadığını bildirsə də, buna əsas verəcək dəlilləri, yəni etdiyi hansı ödənişin nəzərə alınmamasını şikayətində göstərməmiş, ümumiyyətlə ekspertiza təyin olunması zərurətini yetərincə əsaslandıra bilməmişdir. İddiaçının təqdim maliyyə arayışında əksini tapmış məlumatlar müqavilə şərtləri əsasında təhlil olunduqda görünür ki, hesablanmış əsas borc və faiz borcu məbləğini şübhə altına almağa əsas yoxdur.
37. Kollegiya xatırladır ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Həmçinin, iş materiallarında olan xəbərnamədən görünür ki, Cavabdeh1 məhkəmə bildirişini xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə imza etməklə rəsmi qaydada qəbul etmiş, lakin 10 (on) iş günü müddətində iddia tələbinə etiraz və ya bu barədə dəlillərini birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Bu səbəbdən kollegiya onun bu dəlilini ağlabatan hesab etmir. Kollegiya göstərir ki, ekspertiza təyin edilməsi barədə dəlil formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
39. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.
41. Məhkəmə Kollegiyası qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393, 394-1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(076)-913/2023 nömrəli qətnaməsi Cavabdeh1 aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz .