Məhkəmə qərarları › İş №2(104)-1495/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1495/2025

18.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1495/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X10 və Cavabdeh qarşı iş üzrə Açar sözlər: mülkiyyətçi hüquqları; subyektiv hüquq Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Musayeva Cəmilə Əbülfət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər X10 və Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(042)- 514/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2(076)-1868/2024 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 7000 (yeddi min) ABŞ dolları pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133 (bir yüz otuz üç) manat pul alınaraq X8 verilməsi qət edilmişdir (qətnamə ilə müəyyən edilir ki, Şəmkir rayonu Sarıtəpə kəndində X2 və X4 0,12 ha torpaq sahəsi verilmişdir; xx.xx.2011-ci il tarixli aktla İddiaçı həmin torpaq sahəsini X8 8500 ABŞ dollarına satmışdır).

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər X10 və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən mübahisə prednmeti olan torpaq sahəsində bar verən 54 ədəd meyvə ağacı - 36 ədəd müxtəlif növ ərik ağacı, 6 ədəd şaftalı ağacı, 4 ədəd gilas ağacı, 4 ədəd alma və 4 ədəd armud ağacının, hər ağacın dəyəri 80 manat olmaqla cəmi, 4320 manat, 14 ildə orta hesabla hər il 1300 manat olmaqla əldə edəcəyi 18000 manat dəyərində əldən çıxmış faydanın, 3000 manat dəyərində 120 metr uzunluqda, 1 metr 60 sm hündürlükdə mübahisəli torpaq sahəsinin ətrafına çəkmiş olduğu dəmir toru, hər birinin dəyəri 20 manat olmaqla 60 ədəd beton dirəyin dəyəri olan 1200 manat pulun, 1000 manat vəkil xidmət haqqının, 169 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 27520 manatın müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Sarıtəpə kəndində mərhum anası X1 məxsus torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini satışa çıxartmışdır. 2006-cı ildə tanışı Akif Cəfərov torpaq sahəsini qohumuna almaq istədiyini bildirmişdir. Onlar cavabdehlərlə 2006-cı ildə 8500 ABŞ dollarına torpaq sahəsinin alğısatqısı barədə razılaşmışlar. Həmin torpaq sahəsində bar verən meyvə ağacları var idi. O, lazımi sənədləri və torpaq sahəsini cavabdehlərə naturada təhvil vermişdir.Həmin vaxtdan cavabdehlər torpaq sahəsində fərdi yaşayış evi tikdirmək üçün tikinti materiallarını torpaq sahəsinə tökdürmüş, torpaq sahəsində bar verən meyvə ağaclarını kəsib götürmüşlər. Uzun müddət keçdikdən sonra cavabdehlər ona bildirmişlər ki, həmin torpaq sahəsini geri qaytarmaq istəyirlər. O, cavabdehlərə onların pulunu qaytaracağını bildirmiş, lakin onlardan vurduqları ziyanı qaytarmalarını tələb etmişdir. Torpaq sahəsində 54 ədəd bar verən müxtəlif meyvə ağacları, yəni, 36 ədəd müxtəlif növ ərik ağacı, 6 ədəd şaftalı ağacı, 4 ədəd gilas ağacı, 4 ədəd alma və 4 ədəd armud ağacı olmuşdur. Hər ağacın dəyəri 80 manat olmaqla cəmi, 4320 manat dəyərində ağaclar olmuşdur. Həmin ağaclardan 14 ildə orta hesabla hər il 1300 manat olmaqla, cəmi 18000 manat miqdarında gəlir əldə edə bilərdi. Bundan başqa, torpaq sahəsinin ətrafına 3000 manat dəyərində metal tor çəkdirmişdir, dəyəri 1200 manat olan 60 ədəd beton dirək basdırmışdır. Cavabdehlər ağacları, metal toru və dirəkləri məhv etmişlər. Cavabdehlər onun ziyanın əvəzini ödəmək tələbi ilə razılaşmamış, Şəmkir Rayon Məhkəməsində pul tələbinə dair iddia qaldırmışdır. Onların iddia tələbi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Ona görə də o, cavabdehlərə qarşı ziyan tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərə satdığı torpaq sahəsi mərhum anası və qardaşına məxsus olmuşdur.

4. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, oğlu X10 yaşayış evi tikmək məqsədilə İddiaçı ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında iddiaçının anası X2 və X3 ümümi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsini almışdır. Həmin torpaq sahəsinin İddiaçı tərəfindən satılmasına dair 30 mart 2011-ci il tarixdə akt tərtib edilmiş və onlar iddiaçıya 8500 ABŞ dolları ödəmişlər. Lakin, torpaq sahəsi iddiaçının anası və X4 məxsus olduğu üçün alğı-satqını sənədləşdirmək mümkün olmamışdır. Onlar dəfələrlə iddiaçıdan torpaq sahəsi ilə əlaqədar alğı-satqının sənədləşdirməsini tələb etmiş, lakin iddiaçı bunu etməmiş və onlar iddiaçıdan ona torpaq sahəsi üçün verdikləri pulu geri tələb etmişlər. Lakin iddiaçı pulu verməkdən imtina etmişdir və onlar məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə onların iddia tələbi təmin edilmişdir. Həmin torpaq sahəsinin ətrafına çəkmiş olduğu dəmir tor hasar iddiaçının özündədir. Onlar torpaq sahəsində olan ağacları da məhv etməmişlər. Əgər iddiaçı lazımı qaydada sənədləşdirməklə alğı-satqı müqaviləsi bağlayarsa, torpaq sahəsini hazırda da almağa razıdırlar. Ona görə də iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 izahat vererək bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Qardaşı həmin torpaq sahəsini cavabdehə satmışdır. Lakin bir müddət keçdikdən sonra həmin torpaq sahəsini cavabdeh qardaşına geri qaytarmış və həmin torpaq sahəsində olan meyvə ağaclarını cavabdeh kəsmişdir. Həmçinin torpaq sahəsinə cavabdeh tikinti materialları tökmüşdür. Torpaq sahəsi anası və X4 məxsus olmuşdur. Onların anası 2008-ci ildə vəfat etmişdir.

6. Gədəbəy Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(042)-514/2025 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddianın təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 337.1, 646.1, 648.1, 648.2, 1096.1 və 1096.2-ci maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına, həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qanunvericiliyə əsasən cavabdehlər tərəfindən ona vurulmuş maddi ziyan müştərək qaydada tam şəkildə ödənilməlidir. Vəkil xidmət haqqı ödəməyi ilə bağlı qəbzin əslini məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə cavabdehlərin təqsiri ucbatından etdiyi ödənişin onlardan alınıb verilməsinə dair qətnamə qəbul etməmişdir. Bununla da cavabdehlərin mövqeyindən çıxış etdiyini göstərmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı Vəlı̇ yev Eynur İslam oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış, 8500 ABŞ dolları pulu cavabdeh iddiaçıya vermiş, iddiaçı isə cavabdehə torpağa dair şəhadətnamənin əslini və ümumi etibarnamə verərək torpağı öz adına rəsmiləşdirməsini bildirmişdir. Daha sonra cavabdeh torpağı öz adına keçirə bilməməsini əsas gətirərək həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırır və iddia təmin olunur. Buna görə iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilir ki, müqavilə etibarsız sayıldığı və 8500 ABŞ dolları pul qaytarıldığ halda, bu zaman torpağın da özünə qaytarılmasını tələb edir.Torpaq iddiaçının anasını adına olub. Anası isə 2006-cı ildən əvvəl ölüb. Tərəflər arasında razılaşma 2006-cı ildə əldə olunsa da, rəsmi müqavilə 2011-ci ildə bağlanıb. Razılaşma olan vaxt iddiaçının adına vərəsəlik şəhadətnaməsi olmamışdır, lakin hazırda vərəsəlik şəhadətnaməsi alıb. Həmin torpaq sahəsində ağacların olduğu həm şahid ifadələri, həm də torpaq sahəsində kəsilmiş ağacların kötükləri ilə sübut olunur. Hazrıda torpaq iddiaçının adınadır.

12. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı Vəlı̇ yev Eynur İslam oğlu apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, anası 2006-cı ildə ölüb. O və qardaşı mərhum analarının vərəsəsidirlər. Daha sonra özünə düşən paydan qardaşının xeyrinə imtina etdiyi üçün vərəsəlik haqqında şəhadətnamə qardaşının adına verilmiş və qardaşı həmin şəhadətnamə əsasında anasından miras qalmış torpağa dair reyestrdən çıxarış almışdır. Əslində torpağı o almış, lakin çıxarış qardaşının adına rəsmiləşdirilmişdir. Hazırda həmin torpaqdan heç kim istifadə etmir. Torpaq yararsız haldadır, ağaclar kəsilib, xeyli zərər dəyib.

13. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh İ̇smayil oğlu apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ümumiyyətlə mübahisəli torpaq sahəsinə heç getməmişdir, nəinki həmin torpaq sahəsində olan ağacları kəsib, iddiaçıya ziyan vursun. İddiaçıya bildirmişdir ki, sənədlər hazır olduqdan sonra torpaq sahəsinə gedəcəkdir. İddiaçı onlara bildirmişdir ki, «gətirib daş töküb tikintiyə başlaya bilərsiniz» Bu səbəbdən də oğlu həmin torpağa daş tökdürmüş, evin tikintisinə başlamaq istəyərkən başqa bir nəfər şəxs sənədsiz yerdə tikintiyə başlamamağı məsləhət gördüyü üçün tikintiyə başlamamışlar. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, torpağın alqı-satqısına görə 8000 manat pul ona qaytarılmayıb. Torpaq sahəsindəki ağacları kəsməmişdir.

14. Hazırkı məhkəmə iclasında iddiaçı Vəlı̇ yev Eynur İslam oğlu apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. İddiaçı Vəlı̇ yev Eynur İslam oğlu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Hazırkı məhkəmə iclasında Cavabdeh İ̇smayil oğlu apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. Cavabdeh İ̇smayil oğlu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh X10 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Şəmkir rayonu Sarıtəpə kəndində X2 və X4 0,12 ha torpaq sahəsi verilmişdir. xx.xx.2011-ci il tarixli əlyazma aktla İddiaçı həmin torpaq sahəsini X8 8500 ABŞ dollarına satmışdır. Daha sonra alqı-satqının rəsmiləşdirilməsi mümkün olmadığından Rauf Qurbanov pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli 2(076)-1868/2024 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 8500 (səkkiz min beş yüz) ABŞ dolları pul vəsaiti (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 133 (bir yüz otuz üç) manat pul alınaraq X8 verilməsi qət edilmişdir. İddiaçı sözügedən torpaq sahəsində meyvə ağacları olduğunu və ağacların cavabdehlər tərəfindən çıxarıldığını, nəticədə maddi ziyana məruz qaldığını iddia edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

33. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olmayan torpaq sahəsini cavabdehlərə satmış, bununla əlaqədar alğı-satqı müqaviləsinin qanunda nəzərdə tutulmuş qaydada tərtib edilməsi və bağlanılması mümkün olmamışdır. Torpaq sahəsi iddiaçıya məxsus olmadığı üçün həmin torpaq sahəsi ilə əlaqədar vurulması ehtimal edilən zərərin əvəzini tələb etməyə də onun subyektiv hüququ yoxdur. Ona görə də iddia tələbi təmin edilməməlidir. Torpaq sahəsinə zərər vurulmuşsa da belə, bu zərər cavabdehlərin deyil, iddiaçının başqa şəxslərə məxsus hüquqları mənimsəməklə hüquqi nəticə doğurmayan etibarsız müqavilə bağlaması nəticəsində vurulmuşdur və buna görə cavabdehlər məsuliyyət daşımırlar.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

35. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır və iddiaçı hazırkı tələb üzrə subyektiv hüquq sahibi deyildir.

37. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

38. Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

39. İşin hallarından görünür ki, mübahisəsi gedən torpaq sahəsi aqrar islahat komissiyasının müvafiq qərarı ilə X2 və X3 birgə mülkiyyətinə verilmişdir. İddiaçı torpaq sahəsinin vərəsəlik qaydasında ona məxsus olduğu barədə arqument irəli sürmüş, işə baxılması təxirə salınaraq ona bu barədə sübutlarını məhkəməyə təqdim etmək təklif edilmiş, lakin iddiaçı irəli sürdüyü arqumentini sübuta yetirə bilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla torpaq sahəsinin X9 və X5 ümumi birgə mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı məlum olmuşdur.

40. Bu halda isə, iddiaçının həmin torpaq sahəsinə dair hər hansı əmlak hüquqlarının mövcud olması müəyyən edilmir.

41. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı halda iddiaçını mübahisə predmeti olan torpağa dair subyektiv hüquq sahibi kimi qəbul etmək mümkün deyildir.

42. Gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya həmçinin vurğulayır ki, mübahisəli torpağa dair iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, prosessual qənaət prinsipi baxımından onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına zərurət yoxdur.

43. Qeyd edilənlərin yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2(042)-514/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar